Uca Allah İsra surəsinin ilk ayəsində belə buyurur: “Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-haramdan ətrafını mübarək etdiyimiz Məscidi-əqsaya aparan Allah pak və müqəddəsdir! O, həqiqətən, hər şeyi eşidəndir, görəndir“. (İsra, 17/1). İslam alimləri ayədə Məscidi-əqsa adı ilə keçən və ətrafının mübarək olduğu bildirilən yerin Beytül-məqdis olduğu mövzusunda həmfikirdirlər. (Nəvəvi, “Təhzib”, III, 327). Allah Rəsulu (s.ə.s) Meracdan qayıtdıqdan sonra Qureyş xalqı onu təkzib etmiş və onun qısa müddətdə Məscidi-əqsaya getməsinin qeyri-mümkün olduğunu irəli sürmüşdürlər. Allah Rəsulu (s.ə.s) Kəbənin yanında Hicr adlanan yerdə ayağa qalxaraq Beytül-məqdisi olduğu kimi onlara təsvir etmişdir. (Müslim, İman, 170-172).
Məscidi-əqsanın yerləşdiyi bölgə tarixdə bir çox peyğəmbərin, saleh insanların yaşayıb Allahın dinini təbliğ etdikləri və dəfn olunduqları bölgədir. Eyni zamanda mənbələrdə yer üzərində Məscidi-haramdan sonra inşa edilən ən qədim məscidin Məscidi-əqsa olduğu da qeyd olunmuşdur. Əbu Zərr (r.a) yer üzərində inşa edilən ilk məscidin hansı məscid olduğunu soruşmuş, Rəsulullah (s.ə.s) ilk məscidin Məscidi-haram olduğunu bildirmişdir. Əbu Zərr (r.a) sonra hansı məscidin inşa olunduğunu soruşunca Allah Rəsulu (s.ə.s) Məscidi-haramın inşasından qırx il sonra Məscidi-əqsanın inşa edildiyini bildirmişdir. (Buxari, Ənbiya, 13).
Elə bu səbəblədir ki, Allah Rəsulu (s.ə.s) müsəlmanların ibadət etmək məqsədilə gedəcəkləri üç məscidin adını qeyd edərkən Məscidi-əqsanın adını da qeyd etmişdir. (Buxari, Tətavvu, 14). Bundan əlavə namaz ibadəti fərz buyurulduqdan sonra müsəlmanlar on altı ay boyunca qiblə olaraq Məscidi-əqsaya tərəf namaz qılmışdırlar. (Buxari, İman, 29).
Qüds Həzrət Ömərin (r.a) xəlifəliyi zamanında fəth olunmuşdur. Həzrət Ömər (r.a) Qüdsün açarlarını təslim aldıqdan sonra şəxsən özü də işləyərək Məscidi-əqsanın Xristianların hakim olduğu dövrdə uçulmuş yerlərini təmizlətdirib Qubbətus-saxranın cənub tərəfindəki düzənlikdə camaata namaz qıldırmışdır. (Təbəri, “Tarix”, II, 450). Daha sonra onların namaz qıldıqları bu yerdə 3000 nəfərin namaz qıla biləcəyi böyüklükdə sadə bir məscid inşa etdirmişdir.
Nəticə olaraq, Məscidi-əqsanın yerləşdiyi bölgə tarix boyunca peyğəmbərlərin göndərildiyi və tək Allah inancının hakim olduğu bir bölgədir. Yuxarıda qeyd etdiyimiz hədislərdən də anlaşıldığı kimi Həzrət Peyğəmbərin (s.ə.s) də peyğəmbərlər halqasının sonuncusu olaraq Məscidi-əqsaya xüsusi meyli olmuşdur. Bu da İslam və müsəlmanlar üçün Məscidi-əqsanın nə dərəcədə əhəmiyyətli olduğunu göstərməkdədir. Elə bu səbəblədir ki, müsəlmanlar Məscidi-əqsa ətrafında baş verən hadisələri Fələstin-İsrail arasında bir münaqişə kimi görməməli, əksinə İslami həssasiyyətlə yanaşaraq Həzrət Ömərin (r.a) orada təsis etdiyi ədalətin bir daha canlandırılmasının tərəfdarı olmalıdırlar. Bunun üçün səy göstərməli və məzlumun yanında durmalıdırlar.
f.f.d Səfa Muradov