İSLAMDA NƏRD OYNAMAĞIN HÖKMÜ

0

Nərd dünyanın bir çox ölkəsində olduğu kimi ölkəmizdə də bəzi insanlar tərəfindən oynanan bir oyundur. Nərd oyunu çox qədim tarixə malikdır. Bu oyunun tarixi beş min ildən çoxdur. Bu oyun əsasən İranda, Hindistanda və Misirdə geniş yayılmışdır. Azərbaycana isə bu oyun təxminən VI-VII əsrlərdən etibarən gəlmişdir. Nərd cahiliyyə dövründən etibarən ərəblər tərəfindən də tanınan bir oyun idi. Lakin İslamın gəlişindən sonra bir çox qadağalar kimi nərd oyunu da qadağan olunmuş və Həzrət Peyğəmbər bu haqda belə buyurmuşdur: “Kim nərd oynayarsa, sanki əlini donuzun ətinə və qanına bulamış olar“. (Müslim, Şeir, 10). Başqa bir hədisində isə Allah Rəsulu (s.ə.s): “Kim nərd oynayarsa Allaha və Rəsuluna üsyan etmiş olar“. (Muvatta, Röya, 6; İbn Macə, Ədəb, 43). Buxari əl-Ədəbül-müfrəd adlı əsərində nərd haqqında belə bir hədis qeyd etmişdir: “Bu iki işarələnmiş zərdən uzaq durun! Çünki o qumardır“. (Buxari, əl-Ədəbül-müfrəd, s. 720). Buraya qeyd etdiyimiz bu üç hədis İslam alimləri tərəfindən səhih və həsən dərəcəsində qəbul edilən hədislərdir. Bu səbəblə də İslam alimləri istər qumar, istərsə də vaxt keçirmək məqsədilə olsun nərd oynamağın haram olduğunu irəli sürmüşdürlər. (Nəvəvi, əl-Minhac, XV, 15).

 Nəticə olaraq, İslamda əsas olan insanı boş yerə məşğul edən əməllərdən uzaq durmaqdır. Bu səbəblə də insanı Allaha yaxınlaşdıran əməllərə mane olan hər bir şey qadağan olunmuşdur. Həzrət Peyğəmbər “Onu məşğul edən boş əməlləri tərk etməsi insanın müsəlmanlığının kamilliyindəndir” (Tirmizi, Zöhd, 11) – buyuraraq kamil müsəlman olmaq üçün boş əməllərdən uzaq durmağın şərt olduğunu açıqlamışdır.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜMRƏ ZİYARƏTİ BU TARİXDƏN BƏRPA EDİLƏ BİLƏR

Səudiyyə Ərəbistanı krallığı 2021-ci il yanvarın 1-dən, qlobal pandemiya səbəbindən ölkənin giriş-çıxışına qoyulan məhdudiyyəti aradan qaldıracaq. Bu barədə rəsmi SPA...

Bağla