İSLAMI YENİLƏMƏK, YOXSA İSLAMLA YENİLƏNMƏK?

0

Heç şübhəsiz ki, hər kəsin qəbul etdiyi bir həqiqət var, XXI əsr texnologiya və elmi tərəqqi əsridir. Bütün sahələrdə texnoloji inkişaf öz əksini göstərir. 

Dünyamızda hər şey müsbət və ya mənfi cəhətdən dəyişir. Hər fərd əxlaqi cəhətdən, hər cəmiyyət də mədəniyyət baxımından bu dəyişiklikdən öz payını götürür. Bəs görəsən İslam mədəniyyətinin və İslam cəmiyyətinin bu dəyişiklikdəki mövqeyi nədir? Əsrlər boyu elm və mədəniyyət beşiyi olan İslam dini və cəmiyyəti bu gün sözügedən tərəqqinin harasında yer alır?

Xüsusilə Qərb dünysının məqsədyönlü siyasətlərindən biri də insanlara İslam dininin terorizm dini olduğunu və geri qalmış bir din anlayışını aşılayaraq İslamdan uzaqlaşdırmaqdır. Əlbəttə ki, səsləndirilən fikirlər dini maarifdən uzaq qalan müsəlmanlar üçün bir az məntiqli gələ bilər. Ancaq İslam Peyğəmbəri həqiqi qurtuluşu İslam dinində görərək “İslam ol qurtul” deyərək bizim üçün bir şüar miras etmişdir. Müsəlman olan şəxs həm dünyada, həm də axirətdə xoşbəxt insanlardan olacaqdır. Əgər İslam dini qurtuluş dini olmasaydı Həzrət Peyğəmbər onun vasitəsilə cahiliyyət dövrünü “əsri səadətə” çevirə bilməzdi.

Bu gün bəzi müsəlmanların dünyadakı sivilizasiyadan geri qalmaları İslamdakı nöqsana görə deyil, əksinə İslamı nöqsan anladıqlarına görədir. Odur ki, hər müsəlman öz dinini ən mükəmməl şəkildə öyrənməli və həyatına tətbiq etməlidir. Din sadəcə namaz qılmaq və oruc tutmaqdan ibarət deyil. Din hər sahədə öz sözünü söyləyib və söyləməyə davam edəcəkdir. İslam mədəniyyətindən xəbəri olan kəs heç bir zaman Qərb mədəniyyətini seçməz, İslamın elmə verdiyi dəyərdən xəbəri olan kəs heç bir zaman Qərbin elmi qarşısında İslamın bisavad olduğuna inanmaz. İslamın insan hüququna verdiyi dəyərdən xəbəri olan kəs heç bir zaman Qərbin insan hüququna qibtə etməz. İslam İbn Sinalar, Birunilər, Tusilər… yetişdirən dindir. Bəs niyə bu gün belə dahilər yetişmir? Çünki əslimizdən uzaqlaşdıq. Dinimizdən bixəbərik. Çünki Meksika, Braziliya və bu kimi ölkələrin əxlaqdan uzaq seriallarıyla böyüyürük. Mədəniyyətimizinn əsasını təşkil edən İslam mədəniyyətini öyrənməli və öyrətməliyik ki, gələcək nəsil əslinə sadiq yetişsin.

Hər kəs, hər şey və hər dövr dəyişir. Gəlin biz də yeni ilə, yeni aya, yeni günə dəyişərək başlayaq. Ancaq bu dəyişiklik bizim əslimizə tərəf bir dəyişiklik olmalıdır. İslam dinini özümüzə uydurmaqdansa, özümüzü dinə uymalıyıq. Günümüzdə səslənən fikirlərdən biri də İslam dininin günümüzə görə yenidən gözdən keçirilməsi və müasir standardlara cavab verəcək şəkildə tənzimlənməsidir. Əlbəttə ki, bu, İslam dinindən xəbəri olmayanların fikridir. Çünki din hər zaman elmdən əvvəl gəlir. Bir çox həqiqət var ki, İslam dinində ifadə olunub, ancaq elm onu əsrlər sonra kəşf edə bilib. Məsələn, yer kürəsinin yuvarlaq olması və günəşin ətrafında fırlanması həqiqəti Quranda öz əksini tapmışkən, bugünün elm beşiyi kimi tanıdığımız Qərbdə bu fikirlərə görə alimlər edam edilirdi.

Bir gün Rəsulullah əleyhissalam Muaz bin Cəbələ belə buyurdu:

“Sənə tamamilə hər işin əslini, təməlini söyləyimmi?

Muaz da, “Söylə, ey Allahın Rəsulu”, dedi. Peyğəmbər əleyhissalam:

“Hər işin əsli İslamdır” -buyurdu.

Xülasə, hər bir müsəlman yeni günə və yeni ilə İslamla dəyişərək girməlidir ki, gələcək tərəqqilər İslamın olsun. Dəyişikliyimiz İslamla olsun. İslamı öyrənməklə olsun. Əslimizə sadiq qalmaqla, mədəniyyətimizə sahib çıxmaqla olsun. Namaz, oruc və digər ibadətləri məqsədinə uyğun yerinə yetirməklə olsun yenidən doğuşumuz. Heç bir dəyəri olmayan və elmi inkişafa heç bir bəhrə verməyəcək təfərrüat mövzuları mübahisə edərək bir-birimizə düşmənçilik bəsləməklə birlik və tərəqqidən söhbət etmək mümkün deyil. Əgər biz mədəniyyətimizin və dinmizin Qərb mədəniyyətindən daha köklü və güclü olduğunu qəbul ediriksə hamılıqla maariflənməliyik. Öz təməllərimizə sadiq qalmağıa çalışmalıyıq. Mən əminəm ki, bu yöndəki dəyişikliyimiz İslam aləmini yenidən elm mərkəzinə çevirəcəkdir. Çünki İslam mədəniyyəti Qərb mədəniyyətinin çata bilməyəcəyi qədər yüksək və köklü mədəniyyətdir. Gəlin əslimizə, tariximizə sahib çıxaq…

Son söz Həzrət Peyğəmbərdən olsun.

Əleyhissalam belə buyurur:

“Rəbb olaraq Allahı, din olaraq İslamı və Peyğəmbər olaraq Məhəmmədi seçib bəyəndim”  -deyən kəs cənnətə layiqdir.”

Rüfət ŞİRİNOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DUANIN FƏZİLƏTİ VƏ ƏDƏB QAYDALARI NƏLƏRDİR?

Duanın Fəziləti Allah-Təala buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını...

Bağla