“İSMİ-ƏZƏM” NƏDİR?

0

Uca Allahın xüsusiyyətləri və sifətlərini bildirən 99 ad vardır ki, Quranda bunlar: “Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur”,[1] – şəklində ifadə edilmişdir. Eləcə də Rəbbimiz: “Ən gözəl adlar (əsmayi-hüsna) Allaha məxsusdur. Elə isə Ona bu adlarla dua edin![2] – buyuraraq dua edəcəyimiz zaman Onun gözəl adları ilə yalvarmağımızı istəyir. Mənbələrdə bu isimlərin içindən də xüsusilə “İsmi-əzəm” ilə edilən duaların Haqq dərgahında daha çox qəbul olunacağı qeyd olunur.

“İsmi-əzəm / اَلْإِسْمُ الْأَعْظَمُ” ifadəsi ərəb dilində “ən böyük isim” mənasına gəlir və bir fikrə görə, bu ifadə ilə Allah-Təalanın Qurani-Kərimdə keçən ən gözəl isimləri nəzərdə tutulur. Həmin isimləri anaraq edilən duanın isə Uca Allah tərəfindən qəbul ediləcəyi ümid edilir. Lakin bunun hansı kəlmə və ya ifadə olduğu barəsində fərqli fikirlər səsləndirilmişdir. Həzrət Peyğəmbərdən bu haqda bir neçə fərqli hədis rəvayət edilmişdir.

Übeyy ibn Kəbdən nəql edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər (s.ə.s) “İsmi-əzəm”in “Bəqərə” və “Ali İmran” surəsində keçən, Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir”, mənasına gələn “اَللهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ/Allah ula ilahə illa hüvəl-həyyül-qayyum”[3] ifadəsi olduğunu xəbər vermişdir.[4] Bu barədə nəql edilən digər bir rəvayətə görə, Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Bu duanı oxuyan kimsə Allahın ismi-əzəmi ilə dua etmiş olar. Allah ismi-əzəmi ilə dua edildiyi zaman həmin duanı qəbul edər”.[5]

Bəzi İslam alimlərinə görə, Allah-Təala tərəfindən Qədir gecəsi Ramazan ayında gizli tutulduğu kimi, “İsmi-əzəm” də Allahın isimləri arasında gizli saxlanılmışdır. Yəni bu isim Uca Allaha məxsus əsmayi-hüsnanın içindəki hər hansı bir isim ola bilər.

Bir qisim alimlərə görə də, “Allah” ismi, bəsmələ, kəlimeyi-tövhid, “əsmayi-hüsna”nın hamısı, “Allahümmə”, “Rəbbi”, “Malikül-mülk”, “Zül-cəlali vəl-ikram”, eləcə də Yunis Peyğəmbərin (ə.s) duası olan “لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ/La ilahə illa əntə sübhanəkə inni küntü minəz-zalimin (Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam[6])” ifadələrindən biri də “İsmi-əzəm” ola bilər.

f.f.d Ələddin Sultanov

[1] Həşr, 59, 24.
[2] Əraf, 7/180.
[3] Bəqərə, 2/255; Ali İmran, 3/2.
[4] Müslim, “Ṣalatül-müsafirin”, 258.
[5] İbn Macə, “Dua”, 9.
[6] Ənbiya, 21/87.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN DAHA BİR PEYKİ ORBİTƏ ÇIXARILACAQ

Türkiyənin "Türksat-5B" peykinin orbitə çıxarılması üçün geri sayım başlayıb. Türkiyə mətbuatı xəbər verir ki, bununla da kosmosda peyki olan 30...

Bağla