Türkiyənin İstanbul şəhərindəki tarixi “Fatih” camesində, Ermənistanın endirdiyi raket zərbələri nəticəsində şəhid olan mülki əhali üçün ötən gecə qiyabi cənazə namazı qılınıb.
İslamveirfan.com xəbər verir ki, “Anadolu Gənclik Dərnəyi” (AGD) tərəfindən təşkil edilən mərasimdə dərnəyin İstanbul şöbəsinin sədri Yunus Gənc, şəhidlərin ruhuna Qurani-Kərim oxuyub.
Sonra şəhidlər üçün dua edilib və Yunus Gənc öz çıxışında, Azərbaycanı bütün platformlarda dəstəklədiklərini açıqlayıb:
“Ermənistan, Azərbaycanda mülki yaşayış yerlərinə hücumlar edərək günahsız qardaşlarımızı böyük-kiçik demədən şəhid edirlər. Bu xain hücumlar, sülh əxlaqından uzaq olan Ermənistanın müharibə əxlaqından da uzaq olduğunu göstərməkdədir. Bu cür hücumlar qarşısında Azərbaycan dövlətinin və millətinin yanında olduğumuzu, Azərbaycanın beynəlxalq hüquqla tənzimlənən haqlarını bütün platformlarda dəstəkləyəcəyimizi bəyan edirik. Qarabağ Azərbaycandır! Azərbaycan Qaradağdır!” – deyə Gənc vurğulayıb.