İsveçdə yaşayan Uyğu türkləri, Çinin uyğurlara göstərdiyi təzyiq və zülümlərə qarşı etiraz aksiyası keçirib. Paytaxt Stokholmda Çin səfirliyinin qarşısında toplaşan aksiya iştirakçıları 11-ci ildönümündə, Sincan Uyğur muxtariyyətində (Şərqi Türküstan) yaşayan soydaşlarının qətlə yetirilməsinə etirazlarını bildiriblər.
Uyğur Maarif dərnəyinin sədri Adəm Qalip, nəticə əldə edənə qədər aksiyalarının davam edəcəyini bildirib.
“Şərqi Türküstanda 11 il əvvəl baş verənlər insan qətliamıdır. Nəticə əldə edənə qədər aksiyalara davam edəcəyik. Çin mətbuatının məlumatlarına görə 11 il əvvəl baş verən hadisələrdə 197 nəfər ölüb, 680 nəfər yaralanıb. Bizim əldə etdiyimiz məlumatlara görə isə hadisə vaxtı min nəfər şəhid olub, 4 min nəfər isə yaralanıb. Çinin törətdiyi bu dəhşətli qətliama, bir çox şəhərdə keçirdiyimiz aksiyalarla etirazımızı bildiririk.”