Hər hansı bir zərərə uğramaması və təmiz qalması üçün Həcc mövsümündə yuxaqrı qaldırılan Kəbə örtüyü yenidən aşağı endirilib. Bu barədə Krallıq “Kəbəi-Şərif” kompleksinin baş direktoru Əhməd bin Muhamməd əl-Mənsuri məlumat yayıb. Mənsuri, ziyarət vaxtı Kəbə örtüyünün yığılaraq 3 metr yuxarıya qaldırıldığını deyib.
“Təvaf vaxtı bir çox zəvvar Kəbəyə əlini vurmaq istəyir və bunun üçün də örtükdən tutmağa çalışır. Bu isə Kəbənin örtüyünə zərər verir. Bu səbəblə də Həcc mövsümü bitənə qədər Kəbənin örtüyü toplanaraq yuxarıya qaldırılır. Həcc mövsümündən sonra isə öz halına qaytarılır.” – deyə baş direktor bildirib.
Qeyd edək ki, zəvvarlar vəqfə üçün Arafat dağına çıxdığı zaman Kəbənin örtüyü yenisi ilə əvəzlənir və Həcc mövsümünün sonuna qədər örtük yuxarıda bağlı saxlanılır. 14 metr hündürlüyü və 45 metr eni olan 16 hissədən ibarət Kəbə örtüyü Məkkədəki bir fabrikdə hazırlanır. Ümumi maliyyəti 6 milyon dollar olan Kəbə örtüyünün hazırlanmasında 700 kq ipəkdən, 120 kq qızıl və gümüş sapdan istifadə olunur.
Xəbər: Şirəli MƏMMƏDOV