“Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax;
Heç orada bir qüsur görə bilərsənmi?!
Sonra gözünü qaldırıb iki dəfə də bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!”. (əl-Mülk, 3-4)
Necə də dəhşətli əzəmət təcəllisi!..
Rəbbimiz ətrafımızdakı hər şeydən misallar verir. Yeyəcəklərimizdən misal verir. İstifadə olunan heyvanların, meyvələrin, taxılların, südün və balın yaradılışını təfəkkür və ibrət nəzəri ilə tamaşa etməyə çağırır.
Ancaq bütün bu təfəkkürdən istifadə etmək nə beyinin, nə gözün, nə də qulağın işidir. Bunun üçün mənəvi üfüqləri iman və təqva ilə açılmış qəlb lazımdır. Mömin bu həqiqətləri yalnız qəlb üfüqü açıqdırsa, dərk edə bilər. Hər hansı bir otağın dörd divarı kərpiclə hörüldükdə qaranlıq zindana çevrildiyi kimi, qəlb də qəflət pərdələri olan tamah, ehtiras, təkəbbür, şəhvət, qəzəb dumanları ilə dolar, günah və üsyan ləkələri ilə qaralarsa, bu həqiqətlər qarşısında laqeyd və duyğusuz varlığa çevrilər.
Həssas bir qəlb üçün qarşısına çıxan qanadı qırıq quş şəfqət və mərhəməti coşduran mənzərədir. Lakin eyni mənzərə ac pişiyə asan bir ov sevinci bəxş edər.
Zahiri elmlərdə məsafə qət etdiyi halda heç bir mənəvi fayda əldə edə bilməyən kəslərin də halı belədir. Onlar hər şeydə maddi mənfəət, satılacaq, istismar olunacaq və yox ediləcək kar görürlər.
Pişiyin önünə kabab qoyulsa, iştahla yeməyə başlayar. Lakin qarşısından bir siçan keçsə, kababı qoyub onun ardınca qaçar. Tərbiyə olunmamış nəfsin də halı eynilə belədir. Səadəti qoyub səfalətə can atar.
Dünyaya aldanan saxta alimlər də bu qədər ilahi hikməti dərk etməz, yalnız nəcasət hökmündəki mənfəəti görərlər.
Belələrinin ehtirası ucbatından bu gün dünyada yaşayan bir çox məxluqun nəsli kəsilmək təhlükəsi ilə qarşı-qarşıya qaldı. İsraf və zülmlərlə quruda və dənizdə fəsad, pozğunluq və zülm baş qaldırdı. Elmi tərəqqi və inkişaf sadəcə bir qatilin artıq bıçaq əvəzinə tapançadan istifadəsinə gətirib çıxardı.
Onların “elm”dəki tərəqqisinə heyran olan müsəlmanlardan da eynilə onlar kimi faydasız zahiri bir elmin və fənnin yeganə qayə olduğunu zənn edənlər meydana çıxdı.
İnsana imanını və ixlasını artırması üçün verilən elmi imansızlığa vasitə etməyə çalışdılar. Din və ibadət, Allahın əmrinə boyun əymək sanki cahil və savadsızların işi kimi qələmə verildi.
Belə bir mənfəətpərəst elm anlayışı iqtisadi həyata da təsir etdi. Qloballaşan dünyanın əsas prinsipi “qoy etsin!” oldu. Bunun əsl mənası isə budur:
“Altda əzilənə nə olur olsun!..”
Sistem insanı mərhəmətdən, şəfqətdən və göz yaşından məhrum hala gətirdi… Vicdan üfüqü qaranlıq və qapalıdır…
Bu gün maşın adlanan dəmir parçasının tərəqqisinə mədəniyyət deyirlər. Halbuki bu mədəniyyət Akifin ifadəsi ilə tək dişi qalmış canavardır…
Məsələn, bu gün güclü dağıntıya səbəb olan bir bomba icad olunur. Onunla heç bir günahı olmayan analar ölür, balalar ölür, heyvanlar qırılır, bitkilər zərər görür. Bu dünya insanı eqoist etdi, vəhşiləşdirdi. Suriya və Qəzza bunun açıq misalıdır. Tək dişi qalmış vəhşi bir mədəniyyət. On dörd əsr əvvəlki cahiliyyə zalımları ilə indikilər arasında yalnız qarderob fərqi var, sadəcə əşya fərqi var.
Halbuki əsl fəth qəlblərin fəthidir. İslami fütuhat yalnız könüllərin fəthidir. Tarix buna şahiddir.
Digər tərəfdən, bəşəriyyət elm və texnikada nə qədər irəliləsə də, insani ehtiyacları dəyişmədi. İnancın, səadətin və mənəviyyatın boşluğunu heç nə doldura bilmədi.
Allahı tanımayan, onu inkar edən, Ona qulluqdan boyun qaçıran bir insan hansı elm sahəsində professor olmasından asılı olmayaraq, Allahın və möminlərin nəzərində cahil, nadan və axmaqdır. Sahib olduğu elm də faydasızdır.
İnsanın əsas vəzifəsi öncə Allahı tanımaq və Ona qulluq etməkdir. Bütün elmlər bu qayəyə xidmət üçün var. Haqq-Təala qulun qəflətdən oyanmasını istəyir. Xəstələnmiş, qəflətə düşmüş qəlblərimizin şəfa tapmasını istəyir.
Rəbbimiz bizi həyatını halal üzərində bina edən, ibadətlərini zahiri və batini ölçülərdə əda edən və şəxsiyyətini bu mükəmməl xislətlərlə bəzəyə bilən, bu vəsilə ilə ilahi rəhmətə nail olaraq cənnətə qəbul edilən həqiqi möminlərdən eyləsin…
Rəbbimiz bizi də cəmali sifətləri ilə vəsflənərək Özü və Rəsulu ilə qəlbi bərabərliyə nail olan bəxtiyar qullarının zümrəsinə daxil eyləsin.
Amin!..
KAİNAT, QURAN VƏ İNSAN, OSMAN NURİ TOPBAŞ
İPƏKYOLU NƏŞRİYYATI