KEÇİD QAPISI “ÖLÜM”

0

“Ölüm” dünya evindən axirət evinə köçmək üçün bir növ keçid qapısıdır. İnanmayanlar üçün bu qapıdan çıxdıqdan sonra başqa bir ev yoxdur və hər şey bitmiş olacaq. Ancaq axirət evinin varlığına iman gətirmiş kəslər üçün bu qapı daha gözəl və əbədi bir evə keçmək üçün yalnız bir vasitədir. Sadəcə olaraq bu keçid qapısının özünəməxsus sancıları və çətinlikləri vardır. Buna görə də Həzrət Rəsulullah (s.ə.s): “Zövqləri bıçaq kimi kəsən ölümü tez-tez xatırlayın!” (Tirmizi, “Zühd”, 4) – buyuraraq ölümün acılı tərəfinə diqqət çəkmişdir. Qurani-Kərimə nəzər yetirsək, Uca Allah ölümlə bağlı olaraq buyurur:

Can boğaza çatdığı zaman – o an siz (can verən adama) baxıb qalırsınız. Biz ona sizdən daha yaxınıq, lakin siz görmürsünüz. (Vaqiə, 56/83-85)

Ey iman gətirənlər. Allahdan layiqincə qorxun və yalnız müsəlman olaraq can verin! (Ali İmran, 3/102)

Hər bir can (hər kəs) ölümü dadacaqdır. Şübhəsiz ki, qiyamət günü əməllərinizin qarşılığı sizə tam olaraq veriləcəkdir. Kim oddan (cəhənnəmdən) uzaqlaşdırılıb, cənnətə daxil edilərsə, o xilas olmuşdur. Dünya həyatı isə aldadıcı faydadan (həzz və əyləncədən) başqa bir şey deyildir. (Ali İmran, 3/185)

De: “Qaçdığınız ölüm, əlbəttə, sizi yaxalayacaqdır. Sonra gizli olanı da, aşkar olanı da bilən Allaha qaytarılacaqsınız. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”. (Cümə, 62/8)

Harada olursunuzsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə ölüm sizə çatacaqdır. (Nisa, 4/78)

De: “Sizin üçün təyin edilən ölüm mələyi canınızı alacaq, sonra siz Rəbbinizə qaytarılacaqsınız”. (Səcdə, 32/11)

De: “Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz!” (Əhzab, 33/16)

Nəticə etibarilə, Allah-Təala heç kimin ölümdən yaxa qurtara bilməyəcəyini bəyan edir. Eyni zamanda möminin ölümə hər an hazır olması gərəkdiyi və son nəfəsində mömin olaraq can verməsinin labüd olduğu vurğulanır. Axirət evinə keçdikdən sonra xoşbəxt bir həyat yaşamaq üçün də ölüm keçidinə çatmazdan əvvəl bu səfər üçün saleh əməllərlə hazırlıq görməliyik ki, əbədi axirət evinin sahibi olan Uca Allahın hüzuruna əliboş halda çıxmayaq və məhcub olmayaq. Ölümün pis bir şey olmadığını böyük türk şairi Nəcib Fazil Qısakürək nə gözəl ifadə edir:

Ölüm gözəl şey, budur pərdə ardından xəbər…
Heç gözəl olmasaydı, ölərdimi Peyğəmbər?!

f.f.d. Ələddin Sultanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRK ORDUSU AZƏRBAYCANA GƏLİR – ƏRDOĞAN QANUNU TƏSDİQLƏDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb. Modern.az xəbər...

Bağla