Kimə bənzəyirik?

0

Şəxsiyyət inşası, yetişmiş gənclik, kamil toplum, fərdi inkişaf və bu kimi mövzular hər bir cəmiyyətin üzərində ciddi dayandığı məsələlərdəndir. Fərdləri şəxsiyyət ola bilməyən, kamillik yolunda inkişaf yolu keçməyən bir cəmiyyət insanlıq adına işıqlı gələcək vəd etmir. Ona görə hər bir cəmiyyətin ən ümdə borclarından biri də məhz fərdlərini şəxsiyyət kimi inkişaf etdirmək olmalıdır. Çünki yalnız yetişmiş fərdlərə sahib olan toplumlar dünyada söz sahibi olmağa haqq qazanmışlar.

İnsanın şəxsiyyət kimi formalaşmasına təsir edən bir çox ünsür var ki, bunlar arasında ən vazkeçilməzlərdən biri də, şübhəsiz ki, nümunə götürüləcək örnək insandır. Digər canlılardan fərqli olaraq insan doğulduğu andan etibarən ailəyə ehtiyac duyur və bu ailə içərisində böyüyüb boya-başa çatır. Hər kəs böyüdüyü ailənin fərdlərindən: ata-anasından, nənə-babasından və bacı-qardaşından müsbət və ya mənfi şəkildə təsirlənir. Valideynini içki içərkən görən azyaşlıların su dolu stəkanları bir-birinə vuraraq sağlıq dediyini hamımız müşahidə etmişik. Hər gün ata-anasının yüksək səslə dava etdiyini görənlərin məktəbdə sinif yoldaşları ilə və ya küçədəki həmyaşıdları ilə yola gedə bilmədiyini də dəfələrlə görmüşük. Eyni zamanda valideynini sədəqə verərkən görənlərin cibindəki qəpik-quruşu küçədəki kimsəsiz qocalara verdiyini də müşahidə etmişik. Ailənin şəxsiyyət inşasındakı təsir gücünə çox misal vermək olar. Yeri gəlmişkən, bir sual meydana çıxır: bəs ata-anasız böyüyən yetimlər necə? Onlar da yetişdikləri uşaq evlərində, yaxud hər hansı müəssisədə çalışan dayələrdən və müəllimlərdən və ya övladlığa verildikləri ailələrdən bu mənada öz nəsiblərini alırlar. İnsanın tanıdığı ilk sosial mühit ailə olduğu üçün onun həyatında ən təsirli izi də məhz həmin mühit buraxır. İllər keçdikcə qonşular, məktəb, müəllimlər və bu kimi digər amillər də şəxsiyyət inşasına öz kərpiclərini qoymağa başlayır. Bu gün cəmiyyətimizdə yetişən gəncləri hansı mövqedə görmək istəyiriksə, onları yaxşı mənada örnək alacaqları cəmiyyətlə tanış etməli, müsbət xarakterləri rol model olaraq göstərməliyik. Təbii ki, özümüz də bu mənada başqalarına nümunə olmaq qayğısını daşımalıyıq.

Bu gün, təəssüflər olsun ki, gəncliyimizin örnək ehtiyacını kənardan idarə olunan media vasitələri təyin edir. Cəmiyyətimizə təlqin olunan xarakterlər daha çox milli-mənəvi dəyərlərimizdən uzaq, əsrlərin sınağından keçərək bizə miras qalan mədəniyyətimizə yad simalar, əslində isə simasızlardır. Məsələn, hamının izlədiyi məşhur bir serialın baş rol oyunçusu cəsur, yardımsevər və xeyirxah  olmaqla yanaşı, barlardan çıxmayan, atasına əl qaldıran, dostunun xanımına göz dikən, öz qohumu ilə, əmisinin və ya dayısının yoldaşı ilə gizli eşq macərası yaşayan biri də ola bilir. Beləliklə, təhtəlşüurumuza sahib olduğumuz dəyərlərə zidd ünsürlər yerləşdirərək bizdə onlara qarşı bir simpatiya meydana gətirilir. Zaman keçdikcə bizim üçün yad olan bu və ya bu kimi neqativ davranışlar həmin modellə birlikdə bizə qəbul etdirilmiş olur.

Belə bir mühitdə ağır məsuliyyətlərimizdən biri də doğru şəxsləri örnək almaq, başqalarına örnək göstərmək və şəxsən örnək olmaqdır. Çünki nümunə götürəcəyi modeli bizim təyin etmədiyimiz nəsillər başqalarının təqdim etdiyi modellərin rolunu oynamaq məcburiyyətində qalacaqlar. Kimi təqlid etməli, kimə bənzəməyə çalışmalıyıq? Əlbəttə ki, örnək almaq xüsusunda ən gözəl simalar peyğəmbərlər və onların davamçılarıdır. Hər biri yolumuza işıq saçan o müstəsna şəxsiyyətlər bütün həyatları ilə bizə nümunə təşkil edirlər. İlahi vəhy mərkəzli yaşanan ömrün hansı mərhələsini ələ alsaq, bizim üçün ibrətlərlə dolu olduğunu görəcəyik. Bununla yanaşı, Allahın göndərmiş olduğu elçilər arasında hər biri müəyyən xüsusiyyəti ilə digərlərindən bir addım irəli çıxaraq məhz həmin əxlaqi və insani keyfiyyətlərdə abidələşməyi bacarmışlar. Məsələn, xətasını anlayıb dərs çıxarmaq dedikdə Hz. Adəmlə Hz. Yunus yadımıza düşür. Dünyada yaşanan min bir imtahan qarşısında Rəbbinə təslimiyyətindən zərrə qədər uzaqlaşmayan Hz. İbrahimi yad edirik. Canını Allaha qurban edən Hz. İsmayıl bizim üçün fədakarlıq nümunəsidir. Sağalmaz xəstəliyinə baxmayaraq Rəbbinə yönəlişində kiçicik də olsa laqeydlik göstərməyən səbir abidəsi Hz. Əyyubu, sahib olduğu dünya zənginliyinin axınına qapılmadan Allaha qul olduğunu unutmayan Hz. Süleymanı və digərlərini yad etməmək mümkün deyil. Bütün peyğəmbərlərin bu üstün vəsflərini özündə cəm edən Hz. Muhamməd üçünsə Allah-Təala Qurani-Kərimində “üsveyi-həsənə”, yəni “ən gözəl örnək” ifadəsini işlədərək belə buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”. (əl-Əhzab, 21)

Allah Rəsulu, demək olar ki, hər hansı bir bəşər övladının həyatda tuta biləcəyi bütün mövqelərdən keçərək, müsbət və mənfi bütün mərhələləri aşaraq insanlığa ən gözəl nümunədir. Bir peyğəmbər düşünün ki, sözü və feli insanlığa yol göstərsin, ağzından çıxan hər bir kəlmə yaralara məlhəm olsun. Bir peyğəmbər düşünün ki, sükutu insanlığa üfüq açsın. Məhz insanı yoxdan var edən və onu bütün zərrələri ilə özündən daha yaxşı tanıyan Rəbbi örnək alacağı ən gözəl model kimi Hz. Peyğəmbəri seçərək bəşəriyyətə ərməğan etmişdir. Onu müstəsna nemət bilənlər həyatı onunla gözəlləşdirməkdən həzz alarlar. Biz də dünya və axirət səadətimiz üçün həyat tərzimizi Onun həyatına bənzətməyə çalışmalıyıq. Şəxsiyyətimizin inşasında insanlığımızın mayasını Hz. Peyğəmbərin sözlü və feli sünnəsi ilə yoğurduğumuz nisbətdə müvəffəq ola bildiyimizi unutmamalıyıq. 

Nurlan Məmmədzadə   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HZ. PEYĞƏMBƏRİN İBRƏTLİ GƏNCLİK HƏYATI

Bağla