KÖLGƏLƏR ŞƏHƏRİ

0

İsti yay günləri. Gecələr qısa gündüzlər uzun. Günəşin insan beynini əridən isti şüaları. Yollarda istidən yaranmış isti ilğımlar. Yorğunluqdan açılmayan göz qapaqları. Halsız bədənlərdə taqətsiz ruhlar. Beş-on manat çörək pulu üçün köz kimi yanmış fəhlə bədənləri. Küçələrdə susuzluqdan dillərini çıxarıb ləhləyən sahibsiz itlər. Özünü var etmək üçün başqalarını yox etməyə hazır olan vəhşiləşmiş insan gözləri. 

Vaxtından tez böyüyüb qocalan çoxbilmiş uşaq məsləhətləri. İnsana insan kimi dəyər verməyən bir cəmiyyət. Varlıqların pərdə arxasındakı yoxluqlar. İşığın sonunda qərar verən zülmət. Sən, mən və o. Bizim içərisindəki təkə dəyməyən bir cəm. Doluların yalançı boşluqları. Saxta sevgilərdən doğan real xəyanətlər. Kitab yüklü eşşəklər və cahilləşən alimlər.

Sən məni qınama, hələ əsas mətləbə keçmədim. Bura qədər oxuduqların səni sıxa bilər, amma unutma ki, bunlar hamısı kölgələr şəhərinin ayrılmaz parçasıdır. Deyilmədən, söylənilmədən keçilməyən ayrılmaz parçalar. Haqqın haqsızlar qarşısında məğlubiyyətidir bu.

Və ən əsası hər kəsin arxasına salıb gəzdirdiyi kölgəsi. Bəli, işıqlı günlərdə arxamızdan əl çəkməyən qaranlıqlarda isə bizi tənha qoyan kölgəmiz. Arxamızda kölgəmiz qədər yaxın bildiyimiz dostlar, tanışlar və güvəndiyimiz insanlar. Can deyib can eşitdiyimiz mexanizmlər. Sadəcə nəfəs alıb-verən qaz balonlu qarınlar. Onları da işıqlı günlərdə arxamızda gördük, amma yollarımız zülmətə qərq olduğu zaman heç birindən əsər-əlamət belə qalmamışdı. Yıxıldı bütün ümidlərimiz. Söndü nurunu əbədi sandığımız işıqlar. Ümidimiz sadəcə arxamızdakı kölgəmizə qaldı, o da tez tərk etdi bizləri. Çünki inanmamışdı bizə o kölgələr. Bizim varlığımızla nəfəs alıb-verirdi onlar. Bizim yoxluğumuzla onlar da yox oldu zaman-zaman. Bizdən güc-qüvvət alıb qarşımıza dikilənlər də oldu. Özləri olmaq istədilər, ancaq olmadı. Yalan olduqlarını, bizə görə var olduqlarını gec anladılar. Amma dərd bu deyil, bizim də kimsənin kölgəsi olmağımızdır ən böyük dərd. Biz də özümüzü bir şey zənn edib onun qarşısına dikildiyimizdə bizə də öz acizliyimiz göstərildi. Sındı qol-qanadımız. Xəyallarda qalxdığımız zirvələrdən çox sürətlə çırpıldıq yerlərə. Çünki biz özümüz də kölgələrə kölgə olmuşuq demək. Can deyib arxasına kölgə olduqlarımız da cansız kölgələrdən ibarət imiş.

Bu şəhər kölgələr şəhəridir. Adını mən qoymadım bu şəhərin. Tarix boyu özu qazandı ismini. Bir şəhər düşün ki, sadəcə kölgələrdən ibarətdir. Başdan-başa cansız kölgələr. İnsanlar sadəcə kölgələrdən ibarət. Addım-addım başqalarını izləyən yolsuz yolçular bürüdü sağ-solumuzu. Bir bədən əsalətinin yox olduğu bir dünyada yaşayırıq artıq. İnsanlar kimlərinsə arxasında gizlənən qorxaq varlıqlara çevrildi. Kölgəni arxasına özü salan kamil şəxsiyyətlər azaldı artıq. Yoxluqların arxasında var etdik kölgələrimizi. Güvəndiyimiz dağlara qar yağdı vaxtından öncə. Böyük sandıqlarımız kiçildi gözlərimizdə.

Sadəcə böyüklüyünə və əbədi olduğuna inandığımızın kölgəsi olmağa çalışmadıq. Bizi ona aparanlara güvənmədik. Ona aparan yolların çətinliyi nəfsimizə xoş gəlmədi. Göndərdiyi peyğəmbərləri yalanladıq, tutduqları yolları izləmədik. Artıq bu yolun sonudur. Arxamızda gəzən kögələr bizi tərk etdi, oyanmadıq. İllərlə arxasında kölgə olduğumuz insanların ruhsuz canlar olduğuna inanmadıq.

Vaxt gəlib zaman yetişdi, kölgələr şəhərində əbədi var olanın arxasında kölgə kimi dolaşmağın vaxtıdır. Bütün saxtakarların və fani olanların arxasından çəkməliyik kölgəmizi. Ən böyüyə sığınıb, onun əsalətində yox etməliyik varlığımızı. Peyğəmbər yolunun yolçularının kölgəsi olmaq bizi aparacaq o əbədiyyətə. Yaradan Allaha güvənimizdədir səadətimiz. Onun yollarından sürünən kölgələrimiz yenidən qazanacaq itirdiyi ruhlarını. Onunla nurlanacaq fanilərin kölgəsində qalmış qəlblərimiz. Kölgələr şəhərindən ayrılıb yaşamaqdadır səadətimiz. Allahın nuruyla nurlandıraq yollarımızı. Fani kölgələr qalmasın arxamızda. Bunlar illərlə yaşam yerimiz olan kölgələr şəhərimizin yalançı əsalətini ruhumuzdan silməklə başlayacaq. Mən, sən və o. O zaman var olacaq və o zaman varlığını hiss edəcək. Bu xoşbəxtliyi gecikdirmədən bəxş edək illərlə əzab çəkən canlarımıza. Kölgəsiz şəhərin sakinləri olmaq ümidilə…..

ELDAR KƏRİMOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BORC ALIB-VERMƏYİN QAYDALARI NƏDİR?

Uca Allah bütün insanları bir-birlərinə möhtac olaraq yaratmışdır. Malı, mülkü, vəzifəsi və rütbəsi nə olursa olsun, hər insan başqasına möhtacdır....

Bağla