Komitə sədri ABŞ nümayəndələrini Azərbaycanda dini etiqad azadlığı barədə məlumatlandırıb

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 24-də ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb.

Bu barədə komitədən məlumat verilib.

Bildirilib ki, görüşdə Komissiyanın sədri Stiven Şnek, Araşdırma və Siyasət üzrə direktoru Qillermo Kantor, siyasi analitiki Dilan Şexnayder, müvəkkillər Viki Hartzler, Mohamed Elsanusi və ABŞ-nin Azərbaycandakı səfirliyinin Siyasi işlər şöbəsinin rəhbəri Mixail Seroka iştirak ediblər.

Dövlət Komitəsinin sədri Azərbaycanda birgəyaşayış ənənəsi, dinlərarası harmoniya barədə ətraflı məlumat verərək, multikulturalizm və tolerantlıq kimi dəyərlərin Azərbaycan cəmiyyətinin həyat tərzi olduğunu bildirib:

“957-si İslam, 38-i isə qeyri-islam olmaqla 995 dini icma dövlət qeydiyyatına alınıb. Azərbaycan dini icmalara hər cür kömək göstərən, o cümlədən maddi dəstək verən azsaylı dövlətlərdəndir”.

Komitə sədri qeyd edib ki, ölkədə hüququn aliliyi prinsipi əsasında insanların dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir:

“Azərbaycanın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə İslam dini ilə bağlı tarixi abidələr, məscid, ziyarətgahlarla bərabər, xristian və yəhudi məbədlərinin tikintisi və bərpası həyata keçirilir”.

Komissiyanın sədri Stiven Şnek səmimi qəbula görə təşəkkür edərək təmsil etdiyi qurum barədə məlumat verib.

“Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi” dini icmasının qeydiyyata alınmasını, Yehovanın Şahidləri dini icmasının fəaliyyətinə yaradılan şəraitin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüş zamanı Komissiya nümayəndələrinin Azərbaycanda dini etiqad azadlığının qorunması sahəsində vəziyyətlə bağlı sualları cavablandırılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Bakı şəhər Dövlət Yol...

Bağla