Milyonlarla insanın ölümünə səbəb olan Hitler ömründə heç içki içməmişdir.
Onun bu xüsusiyyətini eşidərkən təəccüblənməmək mümkün deyil. Bir diktator necə olar ki, heç içki içməz. Səbəbini öyrənərkən onun diktator olma səbəbi də məlum olur. Hitlerin atası, onun 13 yaşı olarkən vəfat edir. O yaşına qədər isə Hitler atası tərəfindən daim alçaldılır və döyülür. Şiddət tətbiq edən ata isə bir spirtli içki aludəçisi idi. Atasına nifrət duyğularıyla böyüyən Hitler, atasının sahib olduğu xüsusiyyətlərə də nifrət edirdi.
Biz də bunun əksi olan nümunələr versək, ibadətlərimiz övladlarımıza vaxt ayırmağa mane olsa, uşağımız bizdən çox bizi ondan ayıran səbəbə nifrət edə bilər. Diqqətə möhtac olan övladımız oyun oynamaq istəyərkən “çəkil səccadənin üzərindən namaz qılacağam” desək bəlkə də uşağımız bir daha səccadəyə yaxınlaşmamaq şərti ilə uzaqlaşacaq. Ya da ən çox sevdiyi cizgi filiminin olduğu saatda bizim çox sevdiyimiz dini söhbəti dinləmək üçün uşağımıza icazə verməzsək o eşitdiyi Allah, Peyğəmbər, Quran sözlərindən nifrət edə bilər. Bu nümunələri çoxaltmaq mümkündür. Bu səbəbdən ibadətlərimiz uşağımızla münasibətimizə mane olmamalıdır, əksinə, ibadətlərimiz uşağımızla paylaşdığımız ən gözəl vaxta çevrilməlidir.
Uşaqları dindən yalnız ana-ata soyutmur. Balalarına din təhsilini verməkdə özlərində əksiklik hiss edən ana-atalar, əmin əllərə təslim etdiklərini düşündükləri din müəllimləri də buna ən böyük səbəb ola bilər. 40 yaşlarında bir tanışım danışır:
“Mən doqquz yaşında ikən məscidə gedirdim, “Süphanəkə” duasını əzbərdən oxudum, “Tahiyyat” duasına çatanda o gün əzbər deyə bilmədim. Müəllim, “niyə əzbərləməmısən?”, deyib mənə bərk bir yumruq vurdu. Mən nə baş verdiyini anlamadım və bir daha məscidə getmədim. İllər keçdikdən sonra qardaşımın nikahında mənə yumruq vuran müəllimi gördüm, o yaşda belə qorxudan dizlərim əsdi və titrəməyə başladım” – deyir.
Yaxşı ki, bu qadının ailəsi dini sevdirməyi bacaran bir ailəymiş ki, dinindən bir yumruq səbəbi ilə nifrət etməmiş, amma dinin ən böyük simvolu olan ibadət yerindən məsciddən ayrılmışdı.
Vəhbi Vakkaoğlunun “Allahı necə anlamalı, uşaqlarımıza necə izah etməli” adlı kitabında artis Münir Özkul ilə reportajında o, həyatından bəhs edərkən yeddi yaşında məscidin həyətindən çiçək yığdığını, iri bədənli mollanın yüksək səslə qışqırıb “Sən necə cürət edib məscidin çiçəklərini qoparırsan?”, dediyini və o müəllimin onu çox qorxutduğunu bir daha da 20 yaşına qədər məscidə getmədiyini söyləyir. Daha sonra, bir gün dostunun vəsiləsiylə niyyət edib məscidə getdiyini və orada həyəcandan, qorxudan yerində durmadan hərəkət etdiyi üçün hacı əminin gözəl bir yumruğunu yediyini və yalnız 60 yaşında məscidə getdiyini, bundan sonra atasının miras qoyduğu soyadına (ÖZQUL) layiq olduğunu söyləyirdi.
1400 il əvvəl imamların seyidi, Məscidi Nəbəvinin şərəfli imamının yanına, bir gün Ənsardan (Mədinəli Müsəlmanlardan) birinin bağçasındakı xurma ağaclarını daşlayan Rəfi b. Əmr adlı uşağı, bağça sahibi tutaraq gətirmişdi. Peyğəmbərimiz Rəfiyə:
“- Balacan, nə üçün ağacları daşlayırsan?” deyə soruşduqda Rəfi:
“- Ac idim, Ya Rəsulallah, yemək üçün daşladım!” deyə cavab verdi. Bunun üzərinə Peyğəmbərimiz:
“- Balam, bir daha acsan, ağacları daşlama, altına düşənlərdən götür, ye!..” buyurdu. Sonra da Rəfinin başını oxşayaraq:
“- Allahım, bu balanın qarnını doyur!” deyə dua etdi və uşağı göndərdi. (İbn Macə, Ticarat, bab, 67)
Belə şəfqətli sultana “anam, atam, canım sənə fəda olsun, ya Rəsulallah” deyib əmrinə tabe olunmazmı?
Ən yaxşı pedaqoq olan Peyğəmbər (s.ə.s.) səhabə olma şərəfinə çatan bu uşağı cəza ilə deyil, çarələr gətirərək tərbiyə etmişdir. Biz isə bunun əksinə dərhal uşaqlarımızı mühakimə edib cəzaya əl atarkən inadlaşan və bizimlə münasibət qura bilməyən uşaqlar meydana gətiririk.
İbni Halidin Müqəddiməsində buyurur ki, uşağına təzyiq göstərən ana-ata beş şəkildə ona zərər verər :
- Təzyiq görən uşaq daim qorxu ilə yaşayar.
- İki üzlü olar.
- Yalan danışmağa alışar və vaxt keçdikcə yalançı olar.
- Məsuliyyət daşımadan yaşamaq istəyər.
- Yalnız öz mənfəətini güdər.
Yunus aşağıdakı şeirini söyləyərkən yalnız böyüklərin könüllərini düşünərək söyləməmişdir. Günahsız, şəfqətə möhtac kiçik ürəkləri də nəzərdə tutmuşdur.
Bir dəfə könül yıxdın isə
Bu etdiyin namaz deyil
Yetmiş iki millət belə
Əlin üzünü yumaz deyil.
Allah Təala biz valideynlərə, bir müəllim, bir qul olaraq könüllərin sahibi, könülləri yıxmağı deyil oxşamağı nəsib etsin….
Xədicə Şahin