Bir zamanlar, həyatın yalnız zahirində olmayan, hadisələrin görünən qismindən çox, daxilindəki həqiqətləri görməyə çalışan, hikmət əhli, yaşlı bir taxta oyma ustası yaşayarmış. Bu ustanın həyata daim bədbin baxan, hər şeydən şikayət edən və heç bir zaman məmnun olmayan xam bir tələbəsi varmış. Belə ki, ustası nə qədər gülərüzlü isə, tələbə bir o qədər qaşqabaqlı; ustası nə qədər comərd isə, tələbə bir o qədər xəsis; ustası nə qədər yardımsevər isə, tələbə də bir o qədər eqoistimiş.
Günlərini, dünyaya gəlişinin imtahan hikməti ilə olduğunun idrakından uzaq olaraq keçirən bu tələbə, başına gələn ən kiçik çətinlikdə belə üzünü turşudub şikayət edərmiş. Həyat onun üçün sanki sırf pisliklərdən, çətinliklərdən, ağrılardan, dərdlərdən və bədbəxtliklərdən ibarətmiş. Hikmət əhli olan ustası, bir gün bu tələbəsinə gözəl bir dərs vermək istəmiş. Onu, dükana duz almağa göndərmiş. Hər zaman olduğu kimi tələbə də deyinə-deyinə deyiləni etmiş. Ustasının yanına gəldiyi zaman “indi duza nə gərək vardı!” kimi bir rəftarla duzu ustasının önünə qoymuş. Usta, tələbəsini bir az süzdükdən sonra, sərt bir üslub ilə bir ovuc duzu bir stəkan suya töküb qarışdırmasını söyləmiş. İşin hara çatacağını hələ anlamayan tələbə, yenə üzünü turşudub deyiləni etmiş. Ustası üslubunu bir az daha sərtləşdirərək; “İndi də yanımda tələbə olaraq qalmaq istəyirsənsə o suyu iç!” deyə əmr etmiş. Tələbə əvvəl çaşmış. Sonra qaşqabağını tökmüş. “Bir stəkan duzlu suyu necə içim usta!?” deyib, deyinmiş. Lakin ustasının daha əvvəl heç görmədiyi sərt bir üz ifadəsiylə özünə xitab etdiyinə görə çətinliklədə olsa stəkandan az bir qurtum içmiş. İçməsi ilə suyu tüpürməsi bir olmuş. Bu zaman ustasının da üzündəki sərtlik, birdən xoş bir təbəssümə çevrilmiş. Sonra tələbəsindən soruşmuş:
“-Dadı necə idi?”
Tələbə, hirsli-hirsli belə cavab vermiş:
“Duzlu, həm də çox duzlu! Zəhər kimi…”
Usta, təbəssüm edərkən əlindən tutduğu tələbəni bu dəfə kəndin kənarındakı şirin sulu gölün sahilinə aparmış. Bir az əvvəl etdiyini burada da etməsini söyləmiş. Tələbə də bir ovuc duzu gölə atıb sonra da gölün şirin suyundan doya-doya içmiş. O, ağzının kənarlarından axan suyu əliylə silərkən ustası təkrar soruşmuş:
“-Dadı necə idi?”
“-Bal kimi şirin!” deyə cavab vermiş tələbə. Ustası sözünə davam etmiş:
“-Lap yaxşı. Bəs, duzun dadını hiss etdinmi?” deyə soruşduqda tələbə belə cavab vermiş:
“-Xeyr! Duzun dadını hiss etmədim. Duz sanki gölün içində itdi”.
Bundan sonra hikmət əhli olan usta, suyun kənarında diz çökmüş olan tələbəsinin yanına oturmuş və ona ömrü boyu unuda bilməyəcəyi bu dərsi vermiş:
“-Çox qiymətli övladım! Həyatımızdakı dərdlər, çətinliklər, iztirablar duz kimidir; nə azdır, nə də çox. Bunların miqdarı həmişə eynidir. Ancaq, bu çətinliklərin adama nə qədər təsir edəcəyi, onun nəyin içinə qoyulacağına bağlıdır. Bir çətinliyin, iztirabın olduğu zaman edəcəyin iş könül dünyanı genişlətmək və duyğularını zənginləşdirməkdir. Stəkan olmaqdansa, göl olmağa çalışmaqdır. O anda görə bilməsən də, o çətinliklərin nəticəsindəki gözəllikləri görə bilməkdir”.
Həyatı, axirət pəncərəsindən seyr edə bilən bir mömin, nail olduğu lütf və lütfkarlıqların yanında, başına gələn bəla və müsibətlərin də bir imtahan hikmətinə
görə olduğunu bilir. Necə ki, ayəyi kərimədə belə buyrulmuşdur:
“…Bir sınaq olaraq sizi xeyrlə də, şərlə də sınayarıq…” (əl-Ənbiya, 35)
Məsələn, Cənabı Haqq quluna zənginlik verər, malı içərisində yetim və yoxsulun haqqı olan qismini necə sərf etdiyinə nəzarət edər. Quluna kasıblıq verər, çətin vəziyyətdə necə bir könül təslimiyyəti daşıdığına baxar. Quluna xəstəlik verər, təvəkkül və səbrini ölçər. Quluna xalqın idarəsini verər, əmri altındakıların haqq və
hüququna nə dərəcədə riayət etdiyinə, yetim, yoxsul və kasıba necə qol qanad gərdiyinə baxar. Qula düşən isə, cəmiyyətdəki ahəng və nizamın hansı mövqedə olursa olsun, daim Cənabı Haqqa yönəlmək və könül hüzurunu mühafizə edə bilməkdir.
Ayəyi kərimədə buyurulduğu kimi:
“O ki, hansınızın daha gözəl davranacağını sınamaq üçün ölümü və həyatı yaratmışdır…” (əl-Mülk, 2)
həqiqəti heç bir zaman unudulmamalıdır. Necə ki, mömin, kamil bir imana sahib olduğu ölçüdə qarşılaşdığı çətinlikləri yüngül sovuşdurar. Hətta könlü eşq ilə dolu olan bir qul, Rəbbindən gələn hər şeyi,
sevgisi nisbətində qucaqlayar. Özünə bir nemət bilər.
Mövlana Həzrətlərinin ifadəsiylə:
“Bir dosta, dostun cəfası necə ağır gələr? Cəfa və iztirab bir şeyin içi kimidir. Dostluq onun qabığına bənzər. Dostluğun əlaməti bəlalardan, fəlakətlərdən, mihnetlerden xoşlanmaq deyilmi? Dost qızıl kimidir. Bəla isə atəşə bənzər. Xalis qızıl atəş içində saf bir hala gələr”.
Məsələn, Rəsulu Əkrəm (s.ə.s.), İslam iddiasını müqəddəs bir bayraq kimi könül bürclərinə daşıma səyindəykən, bəzi zamanlar təhqir olundu, daşlandı. Lakin O, mərhəmət ümmanı belə çətin bir vəziyyətdə də Cənabı Haqqa bu cür əl açdı:
“…Ey mərhəmətlilərin ən mərhəmətlisi! Əgər mənə qarşı qəzəbli deyilsənsə, çəkdiyim mihnet və bəlalara fikir vermərəm!..” (İbni Hişam, II, 29-30; Həysəmi, VI, 35; Buxari, Bədül-Halk, 7)
Nəhayət mömin, hidayət nemətinin təfəkküründə dərinləşərək daim hüzur halında olmalı və Cənabı Haqqın özünə lütf etdiyi nemətləri xeyir və yardım yolunda sərf etməlidir. Çünki o hidayət neməti, elə bir zənginlikdir ki, sahibinə qəbirdə nur, axirətdə də əbədi bir surur olacaq. Bu sevinc müqabilində də, dünyada ayağına ilişən çınqıl daşlarına diqqət etməməli, məruz qaldığı çətinliklərə “Ya Rəbbi, bu Səndəndir” deyərək, səbr etməlidir. Peyğəmbərimiz (s.ə.s.)in bu bəyanını heç bir zaman unutmamalıyıq:
“Yorğunluq, uzun sürən xəstəlik, dərd, kədər, çətinlik və qəmdən, ayağına batan tikana qədər Müsəlmanın başına gələn hər şeyi, Allah, onun səhvlərini
bağışlamağa vəsilə edər . (Buxari, Mərdə, 3; Müslim, Birr, 49)
Cənabı Haqq bizləri, haqqında təqdir edilmiş olanlara qane olaraq razılığını qazanan saleh qulları zümrəsinə daxil etsin…
Amin…
Osman Nuri Topbaş