Məscidi-Həramda və Məscidi-Nəbəvidə koronavirus təhlükəsinə qarşı görülən tədbirlər çoxalaraq davam edir. İslamveirfan.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Krallığının rəsmi SPA agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Məscidi-Harama və Məscidi-Nəbəviyə nəzarət edən dövlət komitəsinin qərarı ilə Kəbənin ətrafındakı təvaf məhəlli ilə Səfa və Mərvə arasındakı say məhəlli, ümrə qadağası davam etdiyi müddətdə bağlı olacaq, Məscidi-Haramda sadəcə namaz qılınmasına izn veriləcək. Həmçinin bu müddət ərzində Məscidi-Haramda olan etiqaf və zəmzəm suyu içilən məkanlar bağlı olacaq, məscid ərazisinə yemək və içki keçirilməsinə də icazə verilməyəcək.
Komitə rəsmiləri bu tədbirlər çərçivəsində Məscidi-Haram və Məscidi-Nəbəvinin işa və sübh namazları arasında bağlı olacağını, hər iki məscidin də işa namazından 1 saat sonra bağlanacağını və sübh namazından 1 saat əvvəl açılacağını bəyan edib.
Krallıq rəsmiləri ümrə qadağası müdətində Hz. Muhammədin (SAV) qəbrinin olduğu Ravzai-Şərifin və Bəqi qəbristanının bağlı olacağını bildiriblər.