Gənclər yaxud gənclik haqqında həm Allah-Təalanın, həm də Hz. Peyğəmbərin (s.ə.s) nə dediyi hər kəsə maraqlı olardı. Əvvəlcə, Hz. Peyğəmbərin bir hədisini yadınıza salmaq istəyirəm.
Buyurur ki: “Beş şey gəlmədən əvvəl beş şeyin qiymətini bilin: Xəstəlik gəlmədən əvvəl sağlamlığın, məşğuliyyət gəlmədən əvvəl boş vaxtın, yoxsulluq gəlmədən əvvəl zənginliyin, ölüm gəlmədən əvvəl həyatın və ixtiyarlıq gəlmədən əvvəl gəncliyin (qiymətini bil)”. (Hakim)
Əlbəttə, bunların hamısı beş nemət, beş lütfdür. Hər birinin ayrı yeri və ayrı bir dəyəri var. Bunlardan biri də gənclik nemətidir. Gənclik haqqında Hz. Peyğəmbərin (s.ə.s) çoxlu hədisləri var. Gəncliyin qiyməti, gənclik vaxtı ibadətə verilən dəyər və s. kimi. Bunların birində belə buyurulur: “Gənclərinizin ən xeyirlisi ixtiyarlarınıza bənzəyəndir. İxtiyarlarınızın ən şərlisi isə gənclərinizə bənzəyəndir.” (Feyzul-Qadir). Əlbəttə buradakı bənzəmək pal-paltarda bənzəmək deyil. Bu bənzəmək belə izah olunur: “Ən xeyirli gənc odur ki, ixtiyar kimi ölümü düşünüb axirətinə çalışaraq, gənclik həvəslərinə əsir olmayıb qəflətdə boğulmayandır. İxtiyarlarınızın ən pisi odur ki, qəflətdə və həvəslərdə gənclərə bənzəmək istəyər, uşaq kimi, nəfsinin həvəslərinə tabe olar.”
Gənclərin dünyaya dalmamaları üçün sadəcə ölümü düşünmələri yetərli deyildir. Eyni zamanda ölmüdən sonrasını da təfəkkür etmək lazımdır.
Hədisi-şəriflərdə yenə Rəsulullah (s.ə.s) gənclər haqqında belə buyurur:
“Allah-Təala ibadət edən gənci mələklərinə göstərib; Baxın bu gənc mənim üçün şəhvətini tərk edir. O, mənim nəzərimdə qiymətli bir mələk kimidir, – buyurar.”(Deyləmi)
“Bir gənc elm və ibadət içərisində yetişər, kamilləşərsə, Allah-Təala qiyamət günü ona yetmiş iki siddiq savabı qədər savab verər.” (Təbərani)
“Comərd və gözəl əxlaqlı gənc Allah qatında özünü ibadətə verən xəsis və pis xasiyyətli bir ixtiyardan daha üstündür”. (Deyləmi)
Gənclikdə ibadət daha qiymətlidir. Bir hədisi-qüdsidə Rəbbimiz belə buyurur:
“Qəza və hökmümə inanan, Kitabın (Quranın) hökm və tövsiyələrinə boyun əyən, verdiyim ruzi ilə qənaət edən, şəhvani arzularını Mənim rizam üçün tərk edən mömin bir gənc, qatımda bəzi mələklərimin dərəcəsindədir.” (Deyləmi)
Gənclərə böyük əhəmiyyət verən əziz Peyğəmbərimiz (s.ə.s) də: “Gəncliyini Allaha itaət yolunda zənginləşdirən gənci Allah sevər” – deyərək böyük müjdə verməkdədir.
Bütün bunlardan anladığımız budur ki, Allahın və Hz. Peyğəmbərimizin istədiyi gənclik “əxlaqlı gənclik”dir.
Ona görə də Peyğəmbərimizin istədiyi gənc nələrə diqqət etməlidirsə, bunu qısa şəkildə belə sadalaya bilərik:
– Peyğəmbərimizin istədiyi dindar gənc, dinin fərzlərini yerinə yetirən və haramlarından çəkinmək üçün əlindən gələni edən insandır.
– Peyğəmbərimizin istədiyi dindar gənc Peyğəmbərimizin: “əlindən və dilindən heç kəsin zərər görmədiyi insandır” hədisinə uyğun davranıb, heç kəsə ziyan vurmamağa çalışan, həddini aşmayan və ədəbini qoruyan insandır.
– Peyğəmbərimizin istədiyi dindar gənc, nə haqq yeyən, nə haqqını yedirən, nə də başqasının haqqına girən, nə zülm edən, nə də başqasının işinə gərəksiz yerə müdaxilə etmiyən bir insandır.
– Peyğəmbərimizin istədiyi dindar gənc, ata-anasına və böyüklərinə qarşı sayğılı, mülayim və ədəbli olandır. Hər gün və hər an atasının və anasının xeyir duasını alan, ata-anasına qarşı sərt olmayan, əl qaldırmayan, üstünə qışqırmayan, Quranın ifadəsilə desək, ata-anasına “uf” belə deməyən insandır.
– Səmimi dindar milli və mənəvi dəyərlərinə könüldən bağlı, əliylə və diliylə heç kəsə zərər verməyən, axirət-hesab şüuruyla yaşayan insandır.
– Peyğəmbərimizin istədiyi dindar kimsə Allahını və Peyğəmbərini hər şeydən daha çox sevən insandır.
– Peyğəmbərimizin istədiyi dindar kimsə nə üçün və kimə ibadət etdiyini bilən, ibadətlərini yalnız Allah üçün edən, riyakarlıqdan çəkinən insandır.
– Peyğəmbərimizin istədiyi dindar kimsə “İnsanların ən xeyirlisi, insanlara faydalı olandır” hədisinə sadiq qalaraq, gündəlik həyatında insanlara faydalı olmağa çalışan insandır.
– Peyğəmbərimizin istədiyi dindar kimsənin öndəri Hz. Məhəmməddir, Onu özünə rəhbər tutandır.
– Peyğəmbərimizin istədiyi dindar insan qəlb qırmanın Kəbəni yıxmaqdan daha pis olduğunu biləndir. Qəlb yıxmağı deyil, qəlbləri təmir etməyi özünə düstur alan insandır.
– Peyğəmbərimizin istədiyi dindar insan, şeytanın və şeytanın dostlarının oyuncağı olmayan insandır.
– Peyğəmbərimizin istədiyi dindar kimsə, kin saxlamayan, həsəd etməyən, Müsəlman qardaşları üçün ancaq yaxşılıq arzulayan insandır.
– Peyğəmbərimizin istədiyi dindar kimsə, Qurana sadiq qalaraq bütün müsəlmanları özünə qardaş olaraq görən və köməyə ehtiyacı olduğu zaman da yardımına gedən bir insandır.
– Peyğəmbərimizin istədiyi dindar insan, dedi-qodu, qeybət, sözgəzdirənlik, fitnə-fəsad kimi pis xasiyyət və davranışlardan çəkinən insandır.
– Qısaca olaraq Peyğəmbərimizin istədiyi dindar kimsə, Rəbbini və həddini bilən kimsədir.
SALEH ŞİRİNOV