KREDİTLƏ BAZARLIQ OLARMI?

0

İslam ticarət fəlsəfəsinin özünəməxsus xüsusiyyətləri və əxlaqi cəhəti var. Onun spesifik cəhətlərindən biri də alış-verişdə faiz/ribanın qadağan edilmiş olmasıdır. Qurani-Kərimdə bu haqda deyilir:

“Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!

(Bəqərə, 2/278-279)

Faiz qarışan ticarət üsullarından biri də bəzi kreditli alış-verişlərdir. Ümumiyytələ kreditmal və ya pulun müəyyən müddətə (borc olaraq) pul müqabilində alış-verişidir. Kreditlə pul alış-verişi, məsələn kreditorun 1000 manat alıb bir müddət sonra 1200 manat qaytarmaq kimi pul ilə pulun alış-verişi və ya ticarətidir. Bu, birbaşa faiz olub, haram hokmü daşıyır ki, bu haqda İslam alimləri həmfikirdir.

Pul ilə pulun alış-verişindəki artıqlıq faiz hesab edilir. Burada ayə və hədislərdən çıxan bəzi faiz əsasları olmaqla yanaşı, sərmayə sahibinin heç bir riskə girməyərək, əmək sərf etməyərək, zəhmətsiz gəlir əldə etməsi zülmkarlıq, kreditorun isə zəhmət çəkərək, (sərmayəsi batsa da əmlakından sataraq) nəyin bahasına başa gəlirsə gəlsin, sərmayədən artıqlaması ilə ödəmə məcburiyyətində qalması ədalətə zidd bir davranış hesab edilmişdir.

Malın pul ilə kreditlə (nisyə və ya vədə ilə satışı) alış-verişinə gəlincə isə alimlər arasında ixtilaflı olsa da, müasir İslam alimləri də içində olmaqla uləmanın əksəriyyətinə görə belə bir alış-veriş İslama uyğundur. Onlar belə hesab edirlər ki, burada ayə və hədislərdən çıxan faiz əsasları olmadığına görə mal müqabilində (kreditlə) ödənilən artıq pul faiz deyil. Çünki yüz manata əldə edilən bir malı bazarda yüz iyirmi manata satan alverçi üçün 20 manatlıq əlavə necə ki, faiz deyil və halal qazancdır, eyni malı nisyə olaraq yüz altmış manata satan alverçi üçün də 60 manat faiz deyil, müddət səbəbilə daha çox qazancdır.

Digər cəhətdən nağd yüz manata satılan bir malı, məsələn, altı ay müddətinə yüz əlliyə satdığınız vaxt, bu “əlli” artıqlıq faiz deyil, vədə/müddət fərqidir. Nisyə alış-verişdə mal satılıb müqabilində, pul alındığı üçün bu, halal olan bir ticarət əqdi hesab edilmişdir. (bax.www.hayrettinkaraman.net/yazi/hayat2/0173.htm)

Həmçinin infilyasiyanın normal olduğu hallarda nisyə mal alıb borcunu vaxtında ödəməyənlər, ödəmə günündən etibarən meydana gələcək dəyər itkisini ödəməlidirlər. Çünki belə bir şəraitdə vaxt verərərk nisyə qiyməti müəyyən edənlər, pulun ödəmə gününə qədər məruz qalacağı dəyər itkisini nəzərdə tuturlar. (bax. http://www.suleymaniyevakfi.org/arastirmalar/islam-fikhi-acisindan-borclanmalarda-enflasyon-farki.html)

Nəticə olaraq İslam ticarət fəlsəfəsində pul ilə pulun alış-verişi qadağan edilirkən, mal ilə pulun ticarətində ticarət əxlaqı daxilində hər cür alış-verişinə icazə verilmişdir. Pul ilə pulun ticarətində də işin qadağan edilən cəhəti eyni növ qymətli kağızların artıqlaması ilə qaytarmaq şərtilə satılması və ya borc verilməsidır. Əksinə, dəyər baxımından fərgli olan müxtəlif növ valyuta mübadilələri də mal ilə pulun alış-verişi kimidir.

Qeyd etmək lazımdır ki, ayə və hədislərdə keçən “faiz/riba” alış-verişi daha geniş mövzuları əhatə etsə də, bunun bir növü də borc verilən puldan istifadə etdiyi üçün borcludan (kreditordan) alınan əlavə məbləğdir. Yaxud, nisyə müamilələrdən və borcdan meydana gələn faiz növüdür. Bu, eyni cins və ya eyni növ iki malın, ya da eyni sinfə daxil olan iki ayrı malın bir-biri ilə nisyə olaraq mübadilə edilməsilə meydana gəlir. Məsələn, eyni pul vahidi olan manat alış-verişində verilən miqdarın eynisi alınmalıdır. Verilən miqdarın üstünə alınacaq hər miqdar faizdir.

Köhnəsi və təzəsi, növü və keyfiyyəti nə olarsa olsun, mal mübadiləsində də eyni miqdar alınmalıdır, yəni 1 ton taxıl ancaq 1 ton taxıl ilə dəyişdirilə bilər. Artığı faizdir.

Onu da qeyd etmək lazımdır ki, verilən borc müqabilində borcluya hər hansı bir şeyi şərt qoşmaq da faizdir. Məsələn, borclunun borcunu ödəyərkən bir də ziyafət şərti qoşulması əqdi faizə çevirər. Fiqh qaydalarında bu “şərtli mənfəət faizdir” deyə qeyd edilir ki, (İbn Qudamə, əl-Muğni, 4/354; əl-Mövsili, əl-İxtiyar, 2/33.) bunun əsası Həzrət Peyğəmbər əleyhissalamdan rəvayət edilən: “Mənfəət güdərək verilən hər bir borc faizdir.”(Suyuti, Camis-Sağir, 5/28.) hədisinə dayanır. Ancaq bu da var ki, bunun əksi “şərtsiz mənfəət caizdir” qaydası, yəni borclunun borcunu qaytardığı vaxt yaxşılığa qarşılıq bir şey (hədiyyə kimi) verməsi  caizdir. Çünki borc verən bunu şərt qoşmamış və bundan xəbəri də yoxdur. Hərçənd ki, uləma kütləvi hal almasının qarşısını almaq üçün bunu da tövsiyə etmir. Məlumdur ki, bu vəziyyət adət halını alsa, borc verənin nəsə güman etməsinə səbəb ola bilər.

İslam ticarət əxlaqında faiz kimi müamilələr qadağan edilsə də, bunun əvəzində alternativ yollar təklif edilmiş, “qarz” əqdi, “müdarabə” və “müşarəkə” kimi yardımlaşma əsasına dayalı ticarət anlayışı ilə cəmiyyətdə həm də sosial məsuliyyəti aşılayan bir fəlsəfə gətirilmişdir.

Əhməd Niyazov  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NİYƏ GERİDƏ QALDIQ?

Müsəlman ölkələri olaraq bildiyimiz, elmitərəqqiyə açıq bir dinin təsiri altında olan ölkələrin bir çox qərb ölkələrindən inkişaf yönündən geridə qaldığı...

Bağla