KÜÇƏDƏ SOYUQDAN DONAN PİŞİK SABAH BİZDƏN HESAB SORUŞACAQ!

0

MUSTAFA EFE KİMDİR?

İstanbul Əziz Mahmud Hüdayi Məscidinin imam-xətibi hafiz Mustafa Efe Afyon Bolvadində dünyaya göz açıb. Hafizliyə atasının yanında başlasa da Hafiz Mahmud Ekşinin yanında bitirmişdir. Böyük ustadlardan təshihi-huruf və məqam dərsləri almışdır.

Marmara və Ankara Universitetlərində ilahiyyat fakültəsindən məzundur. 1995-ci ildə “Qurani-Kərimi Gözəl Oxuma Müsabiqəsi”ndə Türkiyə birincisi seçilmişdir. Beynəlxalq yarışlarda iştirak etmiş və müxtəlif mükafatlara layiq görülmüşdür.

Eyni zamanda televiziya və radio verilişlərində aparıcılıq edən Mustafa Efe son vaxtlar sosial şəbəkələrdə “Məscidin qapısını pişiklərin üzünə açan imam” kimi məşhurlaşaraq bir çoxlarının diqqətini çəkmişdir. Jurnalımızın buaykı buraxılışı üçün “məxluqata şəfqət” çərçivəsində söhbət etdik. 

İrfan: Mustafa bəy, imamlıq etdiyiniz məsciddə pişiklərin çoxluğu, xüsusilə də soyuq qış aylarında məscidin içərisində onlara sığınacaq verməyiniz az bir müddətdə sosial mediada sürətlə yayıldı. Bir vaxtlar Azərbaycanda Quran xidməti verən biri olaraq təbii ki, bu hərəkətiniz buradakı qardaşlarınızın da diqqətindən yayınmadı. Məxluqata şəfqət nümunəsi olan bu hərəkətiniz haradan qaynaqlanır? Heyvanlara olan sevginizin təməlində nə yatır?

Mustafa Efe: Əslində tərifəlayiq gördüyünüz bu hərəkət mənim hər hansı bir üstünlüyüm deyil. Bu, hər bir müsəlmanın boynunun borcudur. Qış aylarında soyuqdan küçədə tir-tir titrəyən heyvanlar varkən bizim məsciddə könül hüzuru ilə namaz qılmağımız nə qədər doğru olar? Hər şeydən əvvəl bu suala cavab verməliyik. Təbii ki, soyuqdan donan pişik də sabah qiyamət günü bizdən hesab soruşar, acından ölən digər heyvanlar da. İnsan “xəlifətullah” olaraq yaradılmışdır və dünyadakı bütün varlıqlar ona əmanət edilmişdir. Elə isə bu əmanətin şüurunda olmalıyıq. İslam tarixinə baxanda hər zaman heyvanlara qarşı şəfqət və mərhəmətin şahidi oluruq. Yeri gəlmişkən bir az da tariximizdən misal verək.

Məscidlərimiz göyərçinlərə, quşlara, pişiklərə məhəbbətin simvoluna çevrilib. Eyyub Sultan, Fatih Camesi, Yeni Came kimi məbədlərimiz göyərçinləri ilə məşhurdur. Millətimiz onlara yem verməyi sədəqə bilmişdir.

Pişiklərə sevgiyə gəldikdə, Hz. Peyğəmbərdən ən çox hədis rəvayət edən Əbu Hüreyrənin adını bilməyən yoxdur.

Əbu Hüreyrə (r.a) “Pişikcik atası” deməkdir. Peyğəmbərimizin məscidinə bitişik Suffə əshabından olan bu səhabəyə pişiklərə bəslədiyi məhəbbəti və daxmasında onlara baxması səbəbi ilə bu ad verilmişdir.

Həmçinin Peyğəmbərimizin dəstəmaz alacağı qabdan pişiyin su içdiyini görüb qabı onun üçün əydiyi və içib qurtarmasını gözlədiyi məşhurdur. Sonra həmin su ilə dəstəmaz almışdır. Əlbəttə ki, bizim üçün örnək Odur.

Xidmət etdiyim Əziz Mahmud Hüdayi Məscidində də daima pişiklərlə eyni havanı uduruq. Namazda, vəzdə, xütbədə bizimlə bərabərdirlər. Əsla hüzurumuzu pozmurlar. Heç kim onları məsciddən çıxarmağa çalışmır. Onlar da məscidi çirkləndirmirlər.

– Pişiklərə bu qədər yaxından sevgi bəsləməyinizə məscid camaatından hər hansı bir əks reaksiya olubmu? Yaxud da “Hocam, mən heyvandan iyrənirəm”, – deyən oldumu?

– Hələ bu günə qədər belə bir hadisə ilə qarşılaşmamışam. Əlbəttə, burada sevimli pişiklərimizin məscidin ahəngini pozacaq hərəkətlər etməmələrini də vurğulamaq lazımdır. Bildiyiniz kimi Allaha ibadət edilən yerin təmiz olması şərtdir. Sanki məscid sakinlərinə çevrilən pişiklərimiz də bunu bilirmiş kimi məscidin təmizliyinə xələl gətirmirlər. Məsciddə kiçicik də olsa heç bir natəmizlik törətmirlər. Üstəlik ibadət hüzurunu pozacaq hərəkətləri də olmur. Heyrətamiz şəkildə məscidə girib-çıxır, Qurana qulaq asır, kürsünün mindəri üzərində, dizimin dibində istirahət edirlər. Bizə də hüzur verirlər təbii ki. Onlara baxdıqca Allahı xatırlayırıq. Buna kim etiraz edər? Burada sadəcə qarşılıqlı sevgidən söhbət gedə bilər. Hətta pişiklərə qarşı fobisi olanlar da bizim məscidimizdə bu fobidən qurtulduqlarını deyirlər.

– İslamın mərhəmət dini olduğunu deyirik. Dinimiz konkret olaraq heyvanlar barəsində bizə nə deyir?

Hər şeydən əvvəl mərhəmətin nə olduğunu dərk etməliyik. Mərhəmət dinimizdə böyük əhəmiyyət kəsb edir.

Daima bəsmələ çəkirik, hər işimizə bismillahla başlayırıq. Bismillah çəkərkən Rəbbimizin “Rəhman və Rəhim” sifətlərini yad edirik. Hər fürsətdə Həzrət Peyğəmbərin “Aləmlərə rəhmət” olduğunu deyirik. Deməli, biz də Allahın qulu və o Peyğəmbərin ümməti olaraq bütün məxluqata həddən artıq şəfqətli, çox mərhəmətli olmalıyıq. Çünki dünyadakı hər şeyin bizim üçün yaradıldığına və bizə əmanət olduğuna inanırıq.

Həqiqətən, insanın olmadığı yerdə onlar da yoxdur. Digər qalaktikalarda, digər sistemlərdə heyvanlar yaşamır. Deməli, onlar bizə əmanətdir. Qapımızdakı it-pişik də bizə əmanətdir, okeanda nəsli kəsilmək üzrə olan balıq da.

Onlara təfəkkürlə baxmaq, qorumaq, mərhəmət etmək bizim vəzifəmizdir. Bir müsəlmanın sadəcə sevimli pişiklərə deyil, zəhmli ilana da mərhəmət etməsi şərtdir.

Yunus Əmrə həzrətləri “Yaradılanı sevərik, Yaradandan ötrü”, – deyir. Çünki insanı da yaradan Allahdır, digər varlıqları da. Fürsətdən istifadə edərək bir xüsusu da vurğulamaq istərdim: Əgər bir din heyvanlara qarşı bu qədər mərhəmətli olmağı əmr edirsə, məxluqatın əşrəfi olan insana nə qədər hörmət göstərməli olduğumuzu siz fikirləşin.

– Yeri gəlmişkən Hz. Peyğəmbərin heyvan sevgisinə və onlara şəfqətinə dair bir neçə misal verərdinizmi?

– Hz. Peyğəmbərin aləmlərə rəhmət olduğunu qeyd etmişdik. O, insanlara, heyvanlara, bitkilərə, hətta cansız varlıqlara da şəfqət və mərhəmətini əsirgəməmişdir. İslam tarixinə nəzər salanda Hz. Peyğəmbərin heyvanları da cahiliyyə terrorundan qoruduğunu görürük.

Cahiliyyət dövründə quşları canlı hədəf edib ox atırdılar. Heyvanlar canlı ola-ola ətinin bir parçasını kəsib götürürdülər. Onların azacıq haqqının olduğu ağıla gəlməzdi.

Hz. Peyğəmbərin həyatı bu zülmlərlə mübarizədə keçdi. Qan gölünə çevrilən səhralar belə Onun rəhmət bulağı ilə gülüstana çevrildi.

Bir misal verək: Rəsulullah (s.ə.s) Məkkəyə getmək üçün əshabı ilə ehrama girərək Mədinədən çıxmışdı. Yolda rastlarına kölgədə qıvrılıb yatan bir ceyran çıxdı. Aləmlərin sərvəri əshabından birini oraya təyin edib hamı keçib gedənə qədər gözləməsini və heyvana hər hansı bir zərər toxunmasının qarşısını almasını əmr etdi. (Muvatta, Həcc, 79)

Nə böyük nəzakət nümunəsi…

Biz də bu gün səmimiyyətlə dinimizin sevgi və şəfqət simasını insanlara sərgiləməliyik. İslamın gülər üzünü dünyaya göstərməmiz lazımdır.

Bir nüansa da diqqət çəkmək istəyirəm. Allah Rəsulu belə buyurmuşdur: “Mərhəmətiniz bütün məxluqatı əhatə edəcək qədər geniş olmalıdır…”

Bu gün heyvanlara olan sevgi dedikdə sadəcə müəyyən ev heyvanları ağıla gəlməməlidir. Küçədə kimsəsiz qalan heyvanları da düşünmək lazımdır.

Təbiətdə, meşədə yaşayan heyvanları zövq xətrinə ovlamaq da mərhəmətə yaraşmayan vicdansızlıqdır. Ətindən, südündən, yumurtasından faydalanmaq üçün bəslədiyimiz heyvanlara da mərhəmət etmək məcburiyyətindəyik.

Bir gün Peyğəmbərimiz qulağından tutduğu qoyunu darta-darta aparan bir adamla qarşılaşmışdı. Dərhal müdaxilə edərək:

“Heyvanın qulağını burax, boynunun kənarından tut!” – buyurmuşdu. (İbn Macə, Zəbaih, 3)

– Elə isə üstümüzdə qul haqqı olduğu kimi heyvan haqlarının da olduğunu deyə bilərikmi?

– Əlbəttə. Heyvanların da üstümüzdə haqqı var. Qiyamət günü onlara qarşı da məsul olacağıq. Hətta hədis kitablarında yer alan çox məşhur bir hədisi-şərifi qeyd etmək istərdim:

“…Bir qadın pişiyinə laqeyd davranıb onu ac qoymuşdu. Hətta (qəfləti ucbatından) yerdəki həşəratları yeməsinə də şərait yaratmadığı üçün pişik acından öldü. Qadın da bu mərhəmətsizliyi səbəbindən cəhənnəmlik oldu”.

Bunun əksinə, “Günahkar bir qadın səhrada susuzluqdan dili ilə qumu yalayan bir köpəyə rast gəlmişdi. Ona mərhəmət edib ayaqqabısı ilə quyudan su çıxarıb köpəyin susuzluğuna dərman oldu. Allah-Təala da həmin qadının günahlarını bağışladı”.

Müsahibəni aldı:  İRFAN JURNALI

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜƏLLİM KİMDİR?

Dar mənada "Müəllim" ərəbcədən tərcümədə "dərs keçən, tədris edən", geniş mənada Azərbaycan dilinin izahlı lüğətində məktəbdə hər hansı bir fəndən...

Bağla