Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür.
Rayonun yadelli düşmən tapdağından qurtulmasından iki il ötür.
Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km məsafədə yerləşir.
Ümumi sahəsi 1 835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrlə 3 600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3 594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.
1992-ci ilin may ayından ermənilərin işğalı altında olan Laçının azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.
Laçının azadlığına gedən yol isə 2020-ci ilin payızında başlayıb. Həmin ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatıb, işğalçılardan təmizlənən şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli şanlı bayrağımız ucaldılıb.
İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkilib. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Bununla da 27 il işğal altında olan Laçın rayonu dekabrın 1-də qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada üçrəngli şanlı bayrağımız ucaldılıb.
Ötən il fevralın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Laçın rayonunda olublar. Dövlət başçısı rayonun Güləbird kəndində Azərbaycan bayrağını ucaldıb. Onlar “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər. Prezident stansiyanı işə salıb.
Həmin il avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar. Dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunan tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Həmçinin Prezident İlham Əliyev Kəlbəcər-Laçın rayonlarını birləşdirəcək İstisu-Minkənd yolunun çəkilməsi işlərinə baxıb.
Bu il isə iyunun 26-da Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub. Dövlətimizin başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib.
Laçın rayonu işğaldan azad olunsa da, Azərbaycanın Qarabağ bölgəsində yaşayan Azərbaycan vətəndaşları olan ermənilərin Ermənistana gediş-gəlişi üçün Laçın şəhəri və daha bir neçə yaşayış məntəqəsi dəhliz kimi fəaliyyət göstərib. Buna görə də Laçın şəhəri, Zabux və Sus kəndləri Rusiya sülhməramlılarının nəzarətində olub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən üç il müddətinə Laçın dəhlizinə alternativ yol çəkilməsi razılaşdırılmışdı. Amma yeni yol nəzərdə tutulan müddətdən də tez bir zaman ərzində – il yarıma çəkilərək istifadəyə verilib. Beləliklə, Rusiya sülhməramlılarının nəzarətində olan və Qarabağdakı erməni vətəndaşlarımızın Ermənistana gediş-gəlişinin hərəkət trayektoriyası dəyişdirilib.
Bu ilin avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Sentyabrın 21-də isə Prezident İlham Əliyev Laçına səfər edib, Laçın şəhərində Azərbaycan bayrağını ucaldıb.
Hazırda Laçında bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur yaradılır, rayon dirçəldilir. Laçının 80 minə yaxın əhalisi doğma yurda qayıdış gününün başlamasını səbirsizliklə gözləyir.
Xatırladaq ki, Laçın 1992-ci il mayın 18-də işğal edilmişdi.
Report