Başda atom olmaqla son əsrimizdə minlərlə insanı qətl edən müxtəlif bombaları, raketləri, kimyəvi və bioloji silahları “ağıl və elm” meydana gətirmişdir.
Həmin elm və ağıl xəstələrə dərman axtarışına çıxarkən bəziləri də uyuşdurucu zəhər icad edib nəsillərə zərər vermişdir.
Mərhum Nurəddin Topçu bizə dərs deyirdi. Bir gün belə bir sual verdi:
– Uşaqlar, dünənin insanı daha xoşbəxt idi, yoxsa bu günün insanı?
– Əlbəttə ki, bu günün insanı daha xoşbəxtdir, – dedik.
– Nə üçün? – dedi, biz də bir neçə səbəb saydıq:
– Bu günün insanı əvvəlkilərdən fərqli olaraq üç aylıq yolu üç saata qət edir. Qədimdə qadınlar paltarı əllə yuyardılar, bu da yarım günlərini alardı. İndi isə paltaryuyan maşınla yumaq daha asandır…
Müəllim isə etiraz etdi və dünənin insanının nə üçün daha xoşbəxt olduğunu ifadə etmək üçün bu izahatı verdi:
“Texnikanın inkişafı insanın ruhunu pərişan etdi. Amerika 1944-cü ildə iki atom bombası partladaraq iki şəhəri kömürə çevirdi. Heç kimin torpağı kömürə çevirməyə haqqı yoxdur… Heç kimin qadınları, uşaqları, qocaları və nəbatatı qətl etməyə haqqı yoxdur…
Bu, canavarlıq deyilmi?
Budurmu insanlıq, budurmu mədəniyyət, budurmu tərəqqi?
Sənaye inqilabı insan oğlunun ruhuna zəhər saçdı.
Xülasə, əvvəlki insanlar bu qədər zalım deyildi. Çəkdiyi məşəqqətlərə baxmayaraq bugünkü insandan daha xoşbəxt idi. Çünki insan ruhunu iflic edən materializmin dəmir pəncəsi o zamanlar yoxdu…”
Bu gün də zalımların neft hərisliyi ucbatından suriyalı milyonlarla insan öz vətənindən didərgin salınır, ölkəni tərk etməyənlərinsə başına bomba yağdırılır. Budur;
“Tək dişi qalmış mədəniyyət!”.
Bu gün sənaye inkişafına bağlı olaraq edilən icadlar mədəniyyət zənn edilir, ruhsuz dəmir parçası olan maşın və cihazlardan mədəd umulur. Maddiyyatın gücünə arxalanan xam nəfslər öz xoşbəxtliyini hər şeydən üstün tutaraq eqoizmə sürüklənməkdədir. Beləliklə də, sanki bu ayeyi-kərimələrin tərif etdiyi bədbəxtliyə nümunə olurlar:
“O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır”. (əl-Huməzə, 2-3)
Halbuki ağıl və elmdən hərəkət edən, lakin din və inancdan ayrılmayan bir çox isim vardır.
Modern fəlsəfənin və rassionalizmin babası sayılan riyaziyyatçı və filosof Dekartın (1594-1650) “varlıq dəlili”ndən yola çıxaraq yürütdüyü fikir nəticədə həqiqətin əsas qaynağının ilahi vəhy olduğunu qəbul etməyin zərurətini dilə gətirir. “Metafizik düşüncələr” adlı əsərində deyir:
“Allah mükəmməl və nöqsansız, yanılmaz və yanıltmaz varlıqdır. Bu səbəbdən Onun elmi də nöqsansız və mükəmməldir. Allah mükəmməl olduğu üçün yanılmaz. Yanılmadığına görə elmi doğru, yanıltmadığına görə bildirdiyi də doğrudur. Elə isə dəqiq elmin qaynağı Allahın doğru elmidir”.
Paskal da eyni fikri dəstəkləyici mahiyyətdə belə deyir:
“Varlığımızın dərinliklərindən gələn və bizə ölümsüz olduğumuzu bildirən bir səda var ki, bu, Allahın bizdə təcəlli edən irşad sədasıdır”.
Lakin Allahın varlığını qəbul etməyin əqli bir zərurət olduğu fikrinə varan Dekart, Spinoza, Paskal, Kant və bir sıra filosoflar da insan əli ilə təhrif edilmiş batil bir dinin əsasları ilə tanış olub “mənfi şərtlənmə” səbəbi ilə haqq din İslamı kifayət qədər dərk edə bilmədikləri üçün bu fikirlərini təkmilləşdirə bilməmişlər. Həmçinin, dinə hörmət bəsləyən bu kimi filosofların iki dünya səadətinin ilk və təməl şərti olan “tövhid inancı” ilə şərəfləndiklərinə dair heç bir məlumat yoxdur. Bunlar Necip Fazılın ifadəsi ilə:
“İslam limanına tam yaxınlaşdıqları halda bir addım atmadıqları üçün son gəmini əldən buraxan” adamlara bənzəyirlər. (Necip Fazıl Kısakürek, Batı tefekkürü ve İslam Tefekkürü, s. 51, Büyük Doğu Yayınları, İstanbul, 2012)
Deməli, ağıl və elm qayə deyil, vasitədir. Ağlı vəhy və doğru inanc möhtəvasından uzaqlaşdıran, nəfsani və şeytani tək dişi qalmış canavara bənzəyən mədəniyyət elm və texnikanı öz mənfur istəklərinə boyun əydirmişdir.
Allah-Təala ağıl nemətini cinayət işləmək üçün verməmişdir. Onu ilahi həqiqətləri təfəkkür və Allahın qullarına xidmət üçün lütf etmişdir.
Allah-Təala tələffüz nemətini yalan, məsxərə, qeybət, təhqir, əxlaqsızlıq və bu kimi günah laqqırtılar üçün lütf etməmişdir. Rəbbimiz bu neməti Kəlamını oxumaq, doğru və gözəl danışmaq, bir-birimizə haqqı, xeyri, səbri və mərhəməti tövsiyə etmək, yaxşılığı əmr edib pislikdən çəkindirmək üçün bəxş etmişdir.
Dünya dərsxanasındakı imtahanda ən böyük və ən xeyirli sual “qeybə iman” mövzusundadır.
KAİNAT, QURAN VƏ İNSAN, OSMAN NURİ TOPBAŞ
İPƏKYOLU NƏŞRİYYATI.