İslam dini yer üzündə həyat sürən insana dünya-axirət tarazlığı qurmağı təlqin edir. Müsəlman nə bu dünyada əbədi qalacaqmış kimi, nə də bu dünya ilə heç bir əlaqəsi yoxmuş kimi yaşamalıdır.
Ən gözəl həyat tərzi insanın Qurani-Kərimdə və hədisi-şəriflərdə bildirildiyi kimi axirət üçün yaşaması, dünyadakı nəsibini də unutmamasıdır. Hər gün qıldığı namazın son rükətində “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” ayəsini dua niyyət ilə oxuması bir möminin şüur altına dünya və axirət arasındakı müvazinəti qorumağı təlqin edir. İnsanın obiri dünyada əzabdan xilas yolu isə Rəbbinin bu dünyada bəxş etdiyi nemətlərdən düzgün istifadə etməsinə bağlıdır. Məhz bu baxımdan İslam cəmiyyətinin özünəxas keyfiyyətlərindən biri də sosial mühitin zənginlə kasıb arasında körpü quran infaqa indekslənməsidir. Hüquq nöqteyi-nəzərindən hər nə qədər “sənin malın sənin, mənim malım da mənim” düsturu keçərli olsa da, əxlaq və təqvanın tələbi olan “sənin malın sənin, mənim malım da sənin” düturu tarixən İslam cəmiyyətində hakim rol oynamışdır. Məhz bunun nəticəsində müsəlmanlar fəzilətlər mədəniyyətini ərsəyə gətirməyi bacarmışlar.
Cəmiyyətdəki maddi problemləri aradan qaldırmaq və imkansız təbəqəyə nəfəs aldırmaq məqsədi ilə sədəqə və infaqın müxtəlif yollarını axtaran əcdadımız nəticədə İslam mədəniyyətinin vəqf abidəsini ucaltdı. Vəqf Yaradandan ötrü yaradılmışlara mərhəmət, şəfqət və sevginin göstəricisi olan infaqın müəssisələşməsi, malı yalnız Allaha aid etmək və mənəvi məqsədlər üçün istifadə olunacağını elan etməkdir.
Qurani-Kərimdə Allah-Təala möminlərlə ticarət etdiyini belə bildirir: “Allah, şübhəsiz ki, möminlərin canlarını və mallarını cənnət müqabilində satın almışdır…” Vəqf cənnəti satın almaq və Allahın rizasını qazanmaq üçün iman gətirənlərin mal və can səfərbərliyi, sevilən uğrunda fədakarlıq nümunəsidir.
Vəqfin tarixi yaranma mahiyyətinə görə çox qədim zamanlara gedib çıxır. İslam mədəniyyət tarixinin elə bir mərhələsi yoxdur ki, orada vəqf təzahürləri ilə qarşılaşmayaq. Vəqf adlandırılmasa da, eyni missiyanı həyata keçirən xeyriyyəçilik müəssisələri hər zaman mövcud olmuşdur. Mövzumuza qayıdacaq olsaq, vəqf müəssisəsinin ən parlaq dövrü kimi Osmanlı İmperiyasını göstərmək mümkündür. Təkcə rəsmi sənədlərə görə 26300 vəqfin olduğu Osmanlı dövrü eyni zamanda vəqfiyyəçiliyin sistemləşdiyi, bir qurum halına gətirilərək şərtlərinin formalaşdığı bir dövr sayıla bilər.
Mədəniyyətimizə xas olan vəqflərin çeşidlərini və xidmət sahələrini tam mənada təsbit edib saymaq mümkün olmasa da, ümumi fikir formalaşdırmaq üçün belə sadalaya bilərik:
– Came, məscid, təkyə, zaviyə və türbələrin tikilməsi və qorunub bərpa olunması,
– Mədrəsə, darul-huffaz (hafizlər yurdu), darul-hədis (hədisçilər yurdu) və bu kimi müxtəlif elmi mərkəzlər,
– Karvansara, imarətxana, yol keçənlərin qalacağı qonaq evləri, hamamlar və digər sağlamlıq xidmətləri,
– Namaz qılmaq üçün ayrılmış yerlər, elmi kitabxana və elm məclislərinin təşkili,
– Quyular, su kəmərləri, bulaq və çeşmələr,
– Yeməkxanalar, uşaq evləri,
– Əsir və kölə azad etmək,
– Yoxsulları yanacaqla təmin etmək,
– Ağaları tərəfindən incidilməmək üçün xidmətçilərin qırdığı qabları yenisi ilə əvəz etmək,
– Yetim qızların cehizini təmin etmək,
– Borcunu verə bilməyənlərin borcunu ödəmək,
– Dul qadınlara və möhtaclara yardım etmək,
– Məktəbliləri qida və geyimlə təmin etmək,
– Yoxsul və kimsəsizlərin cənazə mərasimini təşkil etmək,
– Bayramlarda uşaqları və yetimləri sevindirmək,
– Yaşlıları, dul və kimsəsiz qadınları himayə etmək,
– Qanadıqırıq köçəri quşların, xəstə heyvanların müalicəsi ilə məşğul olmaq.
Gördüyümüz kimi, cəmiyyətin elə bir sahəsi olmamışdır ki, “vəqf könüllü insanlar” onlara şəfqət qanadlarını gərməsin. Əcdadımız cəmiyyətdəki yoxsul və kimsəsizləri himayə etmiş, artıq yardıma möhtac insan qalmadığı üçün bu səfər heyvanlara, quşlara yönələrək İslamın gülər üzünü, mərhəmət sifətini onlara göstərmişdir. Xidmətçilərin sındırdığı qabları yenisi ilə əvəz etmək, beləcə, işlədikləri evdə gözükölgəli qalmalarının qarşısını almaq dünyada heç bir millətin, heç bir fkir və cərəyan sahibinin düşünə bilməyəcəyi həssaslıq nümunəsidir.
İslamın vəqf mədəniyyəti və məxluqata həssas yanaşması barədə əcnəbi qaynaqlardan da kifayət qədər misal verilə bilər. Belə ki, bu xeyirxahlıq və fədakarlıq abidəsi qarşısında təəccübünü gizlətməyən Qərb səyyahları öz səyahətnamələrində dəfələrlə bu barədə yazaraq nümunə göstərmişlər. Məsələn, XVII əsrdə Osmanlı torpaqlarını gəzən məşhur fransız səyyah Du Loir Parisdə çap olunan səyahətnaməsində belə deyirdi:
“Türk adət-ənənələrinin xüsusiyyətlərini sizə belə xülasə edə bilərəm:
Onlar yalnız insanlara deyil, heyvanlara qarşı da həddən artıq xeyirxahdırlar. Ölkənin hər yerində “imarət” adı verdikləri qonaq evləri var. Burada vəqf edən adamların qoyduğu şərtə uyğun olaraq hansı dinə mənsub olmasından asılı olmayaraq bütün yoxsullara ehtiyacları nisbətində yardım edilir. Kimliyindən asılı olmayaraq bütün yolçular üç gün bu qonaq evlərində gecələyə bilərlər. Qaldıqları müddət ərzində hər gün bir boşqab plova qonaq edilirlər. Şəhərlərdə və yol kənarlarında bu qonaq evlərindən başqa qapıları hamının üzünə açıq olan “karvansara” adlı binalar da var. Yol boyu insanların susuzluqdan əziyyət çəkməməsi üçün fərdi şəxslərin inşa etdiyi çeşmə və bulaqlarla qarşılaşırsınız. Hətta bulaqların başında insanlara su verməklə vəzifələndirilmiş, buna görə maaş alan adamlarla da rastlaşmaq mümkündür. Varlılar həbsxanaları gəzib borcunu ödəyə bilmədiyi üçün həbs edilənləri azad edirlər. Ehtiyacını dilə gətirməkdən utanan yoxsulların problemləri misligörülməmiş həssaslıqla həll olunur”.
Başqa bir qərbli səyyah Hunkenin müsəlman xəstəxanasında yatan bir gəncin atasına yazdığı məktubdan sitat verdiyi bu cümlələrsə vəqflərin yoxsullara baxmaq məsələsindəki gözəl davranışına başqa bir misaldır:
“Əziz atam, pula ehtiyacım olub-olmadığını soruşursan. Evə buraxılacağım vaxt xəstəxanadan mənə bir neçə dəst yeni paltar və işə başlamaq məcburiyyəti hiss etməyim deyə beş qızıl dinar verəcəklər. Buna görə narahat olub sürüdəki heyvanlardan birini satma…
Adam heç burdan çıxmaq istəmir. Yataqlar çox yumşaq, döşəkağları ağappaq, ədyallar məxmər kimidir. Hər otaqda su qovşağı var. Soyuq gecələr bütün otaqlar qızdırılır. Bizi müalicə edənlər həddən artıq şəfqətli insanlardır. Demək olar ki, hər gün, mədəsi həzm edənlərə ev quşları və toyuq qızartması verirlər. Qonşum ləzzətli beçə döşlərindən bir neçə gün artıq dadmaq üçün düz bir həftə özünü xəstəliyə vurdu. Nəhayət, baş həkim şübhələnərək sağalmasının sübutu olaraq bütöv bir toyuğu çörəklə yeməsinə icazə verdikdən sonra onu evə buraxdı. Mənim də son toyuğum gəlməmiş çalış yanıma gəl…”
NURLAN MƏMMƏDZADƏ