Rəsmi “SPA” agentliyinin xəbərinə görə, Ciddə şəhərində Məkkə İnşaat sərgi və konfransı keçirilib. Tədbirdə ictimai və özəl sektor qurumları ilə nazirlik və polis idarəsi nümayəndələri iştirak edib. Məkkənin zəvvar tutumunun 30 milyona qədər artırılmasının müzakirə edildiyi tədbirdə, şəhərin yenidən tikilməsini nəzərdə tutan layihənin maketləri də iştirakçılara təqdim edilib.
Tədbirdə həmçinin Məkkədə, xüsusilə də hərəm bölgəsində daha çox zəvvarın rahat ziyarət etməsi üçün Kəbənin ətrafının genişləndirilməsi, elektrik, su və səhiyyə xidmətlərində islahatların həyata keçirilməsi, otel sayının və ictimai nəqliyyatın çoxaldılması və Ciddə aeroportunun genişləndirilməsi kimi layihələr barədə ətraflı məlumat verilib.
Layihələrin, Səudiyyə Ərəbistanının 2030-cu il hədəfləri çərçivəsində həyata keçiriləcəyi bildirilir.
Qeyd edək ki, son illər Səudiyyə Ərəbistanı təxminən 5 milyon ümrə ziyarətçisi ilə 2 milyon hac zəvvarı qəbul edir.
Xəbər: Şirəli Məmmədov