Mələklər nurdan yaradılan pak varlıqlardır. Haqq-Təala tərəfindən özlərinə verilən hər cür işi yerinə yetirməyə müqtədir olan mələklər onun mükərrəm qulları, şərəfli və müqəddəs varlıqlarıdır. Qurani-Kərimdə belə buyurulur:
“Onlar (mələklər), Allahın əmrlərinə (üsyan edib) qarşı gəlməzlər və əmr olunduqları şeyləri mütləq edərlər”. (ət-Təhrim, 6)
“Göyləri və yeri yoxdan var edən, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun. O, yaratmaqda dilədiyini artırar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir”. (əl-Fatir 1)
“Onlarla öz arasına bir pərdə çəkmişdi. Biz də Ruhumuzu (Cəbrayılı) ona göndərdik, (O) ona bir insan şəklində göründü”. (Məryəm, 17)
İslam əqidəsinə görə mələklər bu xüsusiyyətlərə malikdir:
– Davamlı olaraq Allaha ibadət və itaətlə məşğul olarlar.
– Yaxşılıq edərlər, pislik etmə qabiliyyətləri yoxdur.
– Allaha əsla üsyan etməzlər, qarşı gəlməzlər.
– Erkək və dişiləri yoxdur.
– Yeməz və içməzlər.
– Yatmazlar, bizim kimi istirahətə möhtac deyillər.
– Gözlə görülməzlər.
– Evlənmək ehtiyacı onlarda yoxdur.
– Nurdan yaradılmışlar.
– Yorulmaq, usanmaq nədir bilməzlər.
– Gənclik, yaşlılıq kimi hallar onlara aid deyil.
– Bir anda ən uzaq məsafələrə gedə bilərlər.
– Qanadları var, lakin bu xüsusiyyətlərini bizim bildiyimiz qanadlara bənzətməyimiz doğru olmaz.
– Yerlərdə, göylərdə, hər yerdə varlar və hər birinin özünə aid vəzifələri var. Bu vəzifələri haqqıyla yerinə yetirərlər.
Biz mələkləri görə bilmirik, çünki hər şeyin varlığı özünə görədir. Bizim görə bilmədiyimiz nə qədər varlıqlar var?! Ruhumuzu, ağlımızı görə bilirikmi? Mələklər də ruh kimi, ağıl kimi nurani varlıqlardır. Sağlam bir ağıl bizə necə doğru yolu göstərirsə, mələklər də bizi həmişə yaxşılığa yönəldən qüvvələrdir. Mələklərin varlığını bütün peyğəmbərlər və ilahi kitablar xəbər vermişlər. İlahi kitablar peyğəmbərlərə mələklər vasitəsilə gəlmişdir. Mələkləri inkar etmək eyni zamanda peyğəmbərlərin peyğəmbərliklərini və ilahi kitabları da inkar etmək deməkdir. Bu isə dini baxımdan küfr sayılır. Belə bir vəziyyətə düşməkdən şiddətlə qaçınmaq lazımdır.
Hz. Aişədən ( r.anhə) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) buyurub:
“Mələklər nurdan, cinlər tüstüsüz atəşdən, Adəm də sizə bildirilən şeydən (torpaqdan) yaradılmışdır”. (Müslim, Zöhd, 60; Əhməd İbn Hənbəl, Müsnəd, VI 153, 168)
Qurani-Kərimə görə Hz. Muhammədə (s.ə.s) vəhyi gətirən mələyin adı Cəbrayıldır. Bu söz, bəzi alimlərin fikirlərinə görə, “Allaha xidmət edən” mənasında olub Ərəbcəsi “Cibril” və ya “Cəbrayıl” şəklindədir. Allah (c.c) belə buyurur:
Cəbrayıl (ə.s) Quranda “Ruhul-Əmin” və “Ruhul-Qüds” olaraq da keçir. Əvvəlki peyğəmbərlərə də vəhyin eyni elçi tərəfindən endirildiyi bildirilmişdir. Cəbrayıla “Vəhy mələyi” və “Namusu Əkbər” də deyilir. Dörd böyük mələkdən biri olaraq “Rəsul” deyə də bəhs olunur. O, vəhy mələklərinin başçısı və ən şərəflisidir.
Cahiliyyə dövründə mələklərin dişi olduğu iddia edilir, hətta onlara “Allahın qızları” deyilirdi. Allah bu xoşagəlməz isnadları bu ayələrlə rədd etmişdir: “Onlar Rəhmanın qulları olan mələkləri dişi sayırlar. Yoxsa necə yaradıldıqlarınımı gördülər?! Bu (yalan) şahidlikləri yazılacaq və sorğulanacaqdır”. (əz–Zuxruf, 19) “(Müşriklərə de:) Deməli qızlar Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?! Yoxsa biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?!” (əs-Saffat, 149-150) Sonrakı ayələrdə onların yalançı olduqları və səhv mühakimə yürütdükləri ifadə olunur. İndiki vaxtda da bəzi qərb düşüncələrindən təsirlənərək mələkləri qadın kimi düşünən, gözəl bir qadının mələyə oxşadığına dair şeirlər yazıb söyləyən, mahnılar oxuyan insanlara rast gəlirik. Bunlar İslam əqidəsi baxımından çox dəhşətli mənzərələrdir.
Bir məsələyə də toxunaq ki, ölüm mələyi olduğu üçün Əzrayılın (ə.s) adı insanlar arasında sanki qorxu simvolu halına gəlmişdir. Bu səbəbdən bəzi kəslərin bu mələyə qarşı duyğuları mənfidir. Ancaq bu düşüncə həm yersizdir, həm də iman həqiqəti ilə uyuşmaz. Çünki iman həm də sevgi, hörmət, bağlılıq və təslimiyyət istər. Əzrayıl (ə.s) Allahın can almaq üçün vəzifələndirdiyi bir mələkdir. Hər şey kimi canımızın da sahibi Allahdır. Can Allahın bizə bir növ borc olaraq verdiyi bir əmanətdir. Əmanət, bir gün gələr, vaxtı çatar və əsl sahibinə geri qaytarılar.
KAMRAN MƏMMƏDOV