MƏRHƏMƏTƏ SUSADIQ

0

Yaradan insanı yoxdan var etdi. Dünya və nemətlərini ona bəxş edərək insanın genlərinə bir sıra üstün keyfiyyətlər, ali məziyyətlər və duyğular yerləşdirdi. Ona lütf etdiyi ən üstün hisslərdən biri də şəfqət və mərhəmət duyğusu oldu.

Hansı ki, insanı digər canlılardan ayıran ən önəmli ərdəmdir. Əbəs yerə “Əgər ağrı hiss edirsənsə canlısan, başqasının ağrısını hiss edirsənsə insansan” deyilməmişdir. İnsan mərhəmət sahibi olmalı, ətrafındakı hər şeyə şəfqət nəzəri ilə baxa bilməlidir. 

Maddi həyat planında yaşanan dünyada bu gün ən çox ehtiyac duyulan şeylərdən biridir mərhəmət. Bu gün texnologiyanın inkişafı ilə lüks həyat tərzi sürmək bahasına təbiətin lüzumsuz yerə məhv edildiyi, heyvanların zövq-səfa naminə qırıldığı bir dünyada yaşayırıq. Hətta bununla kifayətlənməyən insanın artıq nəfsani duyğularını və eqosunu doyurmaq naminə öz cinsinə qarşı belə amansızlıq göstərdiyini müşahidə edirik. Bu gün bütün dünyada baş verən müharibələr, qırğınlar, törədilən qətl və soyğunlar, günahsız insanları hədəf alan qanlı terror hadisələri insanlığın mərhəmətdən uzaq qalmasının acı nəticəsidir. İnsanlığı düşdüyü mənəvi bataqlıqdan çıxarmağın yeganə yolu itirilmiş mərhəmət və şəfqət duyğularını ona yenidən qazandırmaqdan keçir. Elə isə mərhəməti kimdən öyrənməli, bu xüsusda kimdən örnək almalıyıq? Düşünmədən deyə bilərik ki, aləmlərə rəhmət olaraq göndərilən Həzrət Peyğəmbərdən. Çünki onun müəllimi yaratdıqlarına qarşı Rəhman və Rəhim olan Allahın özü idi. Çünki o, mərhəmətin sahibindən öyrənmişdi məxluqata şəfqəti.

Həyatında baxdığımız zaman Həzrət Peyğəmbərin ətrafındakı insanlarla münasibətində sevgi, şəfqət, ehtiram və dəyər prinsiplərinin hakim olduğunu görürük. O, hər şeydən əvvəl bir ailə başçısı olaraq xanımlarına qarşı sevgi və şəfqət abidəsi idi. Övladlarına və nəvələrinə dəyər verməsi, onların düzgün yetişməsi üçün əlindən gələni əsirgəməməsi onlara olan mərhəmətinin bir təzahürü idi. Çünki onun ailə üzvlərinə olan hədsiz şəfqəti onların dünya və axirətdə xoşagəlməz duruma düşmələrinə razı deyildi. Bu gün dünyəvi qazanc ardınca düşməkdən ailəsinə gülər üz göstərməyi unudan, sonuncu dəfə övladları ilə nə zaman vaxt keçirdiyini, onların əlindən tutub kiçik dünyalarına nə zaman girdiyini xatırlamayan atalar əslində onları mərhəmət yetimi, şəfqət məhrumu etdiklərinin fərqindədirlərmi, görəsən? 

Allah Rəsulu qonşularına və qohumlarına qarşı xüsusi ehtiram sahibi idi. İnsanın qonşusu ilə münasibətlərində hər zaman rəhmət və şəfqət düsturunun hakim olmasını istəyirdi. Qonşusu ac ikən tox yatmağı İslam əxlaqına yaraşdırmırdı. Sevimli səhabəsi Əbu Zərə “şorba bişirdiyin zaman suyunu artıq et, qonşuna da ver” deyərək ehtiyac içində olan qonşuları sevgi ilə himayə etməyin zərurətini dilə gətirirdi. Hz. Peyğəmbər qohum-əqrəba haqqına riayət etməyi insanlıq şərəfi sayırdı. Qohumlarla əlaqəni kəsəndən Allahın rəhmətini kəsəcəyini söyləyərək yardıma ehtiyac duyduqları an yanlarında olmağın zərurətini vurğulayırdı. Bu gün çoxmərtəbəli yüksək binalarda bir-birindən xəbərsiz yaşayan sakinlər, həftələrlə, aylarla bir-birinin dərdindən bixəbər, bir-birinə təbəssümü çox görən qapıbir qonşular insanlığa şəfqət adına Hz. Peyğəmbərdən çox şey öyrənməlidirlər.  

O, yetimlərə, kimsəsizlərə və qocalara xüsusi mərhəmət göstərirdi. Hər fürsətdə yetim başı oxşamağı, yaşlılara ehtiramı təlqin edərək cəmiyyətdəki qəlbiqırıqlara şəfqət və mərhəmət mənbəyi olmağı aşılayırdı. “Zəif və məzlumların haqqına riayət edin, siz yalnız məzlumların sayəsində yardım görür, ruziləndirilirsiniz”, buyuraraq heç kimi xor görməməyi, toplumdakı yardıma möhtac yaşlı təbəqəni, dulları, haqqı qəsb edilən məzlumları mərhəmət qanadlarımızın altına almağımızı istəyirdi. Hz. Peyğəmbərin həyatını oxuduqca bu gün dünyanın dörd bir yanında gedən qanlı müharibələrdən zərər çəkən on minlərlə, yüz minlərlə məzluma qucaq açmağın nə qədər mühüm olduğunu dərk etmək mümkündür. Elə isə özümüzə sual verək: Görəsən, sonuncu dəfə nə zaman ətrafımızdakı məzlumların yarasına məlhəm olmuşuq? Günü-gündən artan yetim və qocalar evlərində insanlığın vicdanına tərk edilən biçarə insanların dərdinə nə vaxt çarə olmuşuq?

Cahiliyyə dövründə heç bir haqq və hüququ olmayan kölələrə qarşı Allah Rəsulu müstəsna şəfqət sahibi idi. Onlara dəyər verər, bütün insanlığı onların haqqına riayət etməyə səsləyərdi. Onlara qarşı o qədər mütəvazi idi ki, Mədinə küçələrində bir kölənin Hz. Peyğəmbərin paltarından yapışaraq ona dərdini açdığını görmək mümkündü. Allah Rəsulu müsəlmanlara işçinin haqqını alın təri qurumadan verməyi tövsiyə edərdi. Bu gün vəhşi kapitalizmin qurbanına çevrilərək insanlığa şəfqət adına hər şeyi unudan zavallı müəssisə rəhbərləri, şirkət müdirləri əlləri altında işləyənlərə qarşı sanki cahiliyyə dövrünün quldarları kimi rəftar edərək hər gün mərhəmətdən bir addım daha uzaqlaşmaqdadırlar. Qadın-kişi demədən hər kəsi ticarətə vasitə görən, azyaşlı uşaqların, dul qadınların bir tikə çörəyə möhtac olmasını fürsət bilib onlardan ucuz işçi qüvvəsi kimi faydalanmağa çalışan zəngin iş adamları görəsən, mərhəməti nə zaman itirdilər?

Hər nə qədər şəfqət və mərhəmət dedikdə ilk növbədə ağlımıza insanlara qarşı xoş rəftar gəlsə də, İslamla yoğrulmuş könül insanının sevgi və mərhəməti bütün məxluqatı əhatə etməlidir. Əsri-səadətdə yük daşıyan heyvanlar, küçədə tənha gəzən, bir qarın yeməyə, bir içim suya möhtac heyvanlar, əyləncə naminə hədəfə alınan zavallı quşlar belə Həzrət Peyğəmbərin geniş mərhəmətindən nəsibini almışdı. Hətta Onun mərhəməti heyvanlarla da məhdud qalmamış, bitkiləri də ağuşuna almışdı. Çünki Allah onu bütün aləmlərə rəhmət olaraq göndərmişdi. Bu gün qazanc əldə etmək üçün diri-diri dərisini soyub kürk düzəltdiyimiz zavallı heyvanlar, kosmetik vasitələr əldə etmək üçün üzərində təcrübə keçirdiyimzi aciz canlılar Nəbəvi mərhəmətə hər zamankından daha çox möhtacdır. Qiymətli əşyalar düzəltmək adına diri-diri buynuzu kəsilən zavallı kərgədanlar, dişinə görə ovlanan aciz fillər insan oğlunun mərhəməti unutması ucbatından nəsli tükənməklə qarşı-qarşıyadır. Atılan kimyəvi bombalarla torpağın üstündəki bitkilərlə yanaşı, altındakı toxumları da məhv edən insanlıq mərhəmətdən uzaqlaşdıqca uzaqlaşmaqdadır. Halbuki Allah Rəsulu ordusunu döyüşə göndərərkən yaş ağacları kəsməyi, taxıl zəmilərinə zərər verməyi, su hövzələrini kirlətməyi qadağan edərək ekoloji nizamı pozmağı cinayət sayırdı. 

Xülasə, insanın dünya və axirət səadəti ətrafındakılara mərhəməti nisbətindədir.  Şəfqətimizin hüdudu Rəhman və Rəhim olan Allahdan gözlədiyimiz mərhəmət qədər geniş olmalıdır. Çünki dünyamızın buna ehtiyacı var. Beşikdə yatanımızdan beli bükülmüş qocamıza qədər. Mərhəmətə susadıq, ana rəhmindəkindən torpağın altındakı toxuma qədər. 

Nurlan MƏMMƏDZADƏ / İrfan jurnalı

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İRFAN AYNASI

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:  “De: “Həmd olsun Allaha! O Öz ayələrini (qüdrət nişanələrini) sizə göstərəcək, siz də onları...

Bağla