MƏSCİDİ-ƏQSA NƏ ÜÇÜN ƏHƏMİYYƏTLİDİR?

0

Məscidi-əqsa üç səmavi dinin mənsubları olan yəhudilər, xristianlar və müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən və peyğəmbərlər diyarı olan Qüds şəhərində yerləşir. İlk dəfə Süleyman peyğəmbərin (ə.s) inşa etdiyi, daha sonra bir neçə dəfə yenidən tikilən və təmir olunan bu məbədin Arami dilindəki adı “Beth-makdeşa”, İvrit dilindəki adı “Beth ha-Mikdaş” olmuş, ərəb dilində isə bura “Beytül-məqdis” deyilmişdir ki, bunların mənası “müqəddəs ev” deməkdir. Daha sonra isə məbədin yerləşdiyi şəhərə Qüds, məbədə isə Məscidi-əqsa deyilmişdir. “Əqsa” kəlməsi ərəb dilində “uzaq, ən uzaq” mənalarına gəlir və bu məscidin yerləşdiyi Qüds şəhəri Məkkəyə uzaq olduğu üçün bu məscidə “Məscidi-əqsa” adı verilmişdir.

İslamın üç ən müqəddəs və ən əhəmiyyətli məkanlarından biri məhz Məscidi-əqsadır. Çünki Həzrət Peyğəmbər bir hədisində: “Yalnız bu üç məscid üçün səfərə çıxılar: Məscidi-haram, Məscidi-nəbi və Məscidi-əqsa”,[1] – buyuraraq bunu vurğulamışdır. Yəni bu üç müqəddəs məkanda edilən ibadətlər digər yerlədə edilən ibadətlərdən daha fəzilətli və daha savablıdır. Qurani-Kərimdə isə Peyğəmbərimizin (s.ə.s) merac möcüzəsinə işarə edilən ayəsində: “Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-haramdan ətrafını mübarək etdiyimiz Məscidi-əqsaya aparan Allah pak və müqəddəsdir! O, həqiqətən, hər şeyi eşidəndir, görəndir”,[2] – buyurularaq Məscidi-əqsanın mübarək bir torpaqda yerləşdiyi qeyd olunmuşdur.

Məscidi-əqsanın önəmi və fəzilətinə dair nəql edilən digər bir rəvayətə görə Peyğəmbərimiz belə buyurmuşdur: “Davud oğlu Süleyman Beytül-məqdisi inşa edib qurtardıqdan sonra Allahdan üç şey istəmişdi: Allahın rizasına uyğun şəkildə fitva vermə qabiliyyəti, özündən sonra heç kimin əldə edə bilməyəcəyi bir hökmranlıq, yalnız namaz qılmaq üçün Məscidi-əqsaya gələn hər kəsin anadan olduğu günkü kimi günahlarından təmizlənərək geri dönməsi. Bunlardan ilk ikisi ona verilmişdir. Üçüncüsünün də verilmiş olmasını ümid edirəm”.[3]

Digər tərəfdən İslamın ilk illərində 16 ay boyunca Peyğəmbərimiz (s.ə.s) və müsəlmanlar Məscidi-əqsaya yönələrək namaz qılmış, daha sonra “Üzünü Məscidi-harama (Kəbəyə) tərəf çevir! (Ey müsəlmanlar!) Siz də harada olsanız, üzünüzü ona tərəf çevirin![4] ayəsinin gərəyi olaraq artıq Kəbəyə tərəf namaz qılmışlar. Yəni bu məscid İslam aləminin ilk qibləsi olmuşdur.

Nəticə etibarilə, bütün bunlara görə hər bir müsəlman Məscidi-əqsaya qarşı böyük bir rəğbət və sevgi bəsləyir. Müsəlmanlar üçün üçüncü böyük ziyarətgah sayılan bu məbədə hörmət göstərmək və onu qorumaq üçün səy göstərmək hər bir müsəlmanın vəzifəsi olduğu kimi, multikultural və tolerant dəyərlərə önəm verən hər bir kəsin də insanlıq borcudur.

 f.f.d. Ələddin Sultanov

[1] Buxari, “Fəzlüs-səlat fi məscidi Məkkə vəl-Mədinə”, 1; Müslim, “Həcc”, 511.
[2] İsra, 17/1.
[3] İbn Macə, İqamətüs-səlat”, 196.
[4] Bəqərə, 2/144.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI YAXIN ŞƏRQ PROBLEMİLƏ BAĞLI SƏNƏD QƏBUL ETDİ

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail – Fələstin münaqişəsinin kəskinləşməsilə bağlı Nazirlər Şurasının Qətnaməsini qəbul edib. Üzv ölkələrin xarici işlər nazirlərinin...

Bağla