Merac, “yuxarı çıxmaq”, “yüksələmək” mənasına gələn “uruc” kökündən törəyən sözdür. İsmi-alət bildirən merac sözü “yuxarı çıxan vasitə”, “nərdivan” mənasına gəlir. Merac sözü termin mənasında isə Həzrət Peyğəmbərin (s.ə.v.) bir gecə Məscidi-Haramdan Məscidi-Əqsaya getməsi və ordan da Allah qatına yüksəlməsi üçün istifadə edilir. İslam qaynaqlarında bu hadisə iki kəlmə ilə: İsra və merac ilə ifadə edilir. Həzrət Peyğəmbərin (s.ə.v.) Məscidi-Haramdan Məscidi-Əqsaya etdiyi səfərə “İsra”, Məscidi-Əqsadan Allah dərgahına yüksəlməsinə isə “Merac” deyilir. Qaynaqlardakı belə bir yanaşma tərzi Qurani-Kərim ayələrinə əsaslanır. Məsələn, isra, Qurani-Kərimdə keçmiş qəlibində işlənən ifadədir və 17-ci surənin adıdır. İsra surəsini ilk ayəsi Həzrət Muhəmmədin (s.ə.v.) Məscidi-Haramdan ətrafı mübarək olan Məscidi-Əqsaya etdiyi səfərdən bəhs edir (əl-İsra, 17/1). Merac sözü isə Qurani-Kərimdə keçmir. Sadəcə “yüksəlmə dərəcələri” mənasını ifadə edən “məaric” (cəm formasında) formasında Allaha nisbət edilərək işlənir (əl-Məaric, 70/3).
Hədis qaynaqlarında isra və meracın necə meydana gəldiyindən bəhs edən rəvayətlər vardır. Xüsusilə, Buxarı və Müslimdə yer alan rəvayətlərdəki məlumatlara görə hadisə belə cərəyan etmişdir: Bir gün Həzrət Peyğəmbər (s.ə.v.) Kəbənin Hicr və ya Xətim adlanan yerində yuxulu və ya yuxu ilə oyanıq arasında bir halda ikən yanına Cəbrail gəlmişdir. Vəhy mələyi Həzrət Peyğəmbərin (s.ə.v.) sinəsini açmış, ürəyini zəmzəm suyu ilə yumuş, iman və hikmətlə doldurub bağlamışdır. Daha sonra Buraq adlı bir miniyə mindirərək Məscidi-Haramdan Məscidi-Əqsaya aparmışdır. Həzrət Muhəmməd (s.ə.v.) Məscidi-Əqsada iki rükət namaz qıldıqdan sonra Cəbrail ona süd və şərab dolu iki qab uzatmışdır. Həzrət Muhəmməd (s.ə.v.) süd dolu qabı seçmişdir. Bunun üzərinə Cəbrail Həzrət Muhəmmədə (s.ə.v.) fitrətinə uyğun olanı seçdin deyə cavab vermişdir. Ardından onu dünya səmasına qaldırmışdır. Həzrət Peyğəmbər (s.ə.v.) səmanın hər bir qatında sıra ilə Həzrət Adəm (ə.s.), Həzrət İsa (ə.s.), Həzrət Yusif (ə.s.), Həzrət İdris (ə.s.), Həzrət Harun (ə.s.), Həzrət Musa (ə.s.) və Həzrət İbrahimlə (ə.s.) görüşmüşdür. Sidrətul-müntəhaya çatdıqda yazıcı mələklərin qələmlərinin cızıltısını eşitmiş və ordan Allahın huzuruna yüksəlmişdir. Burada Həzrət Muhəmmədə (s.ə.v.) 50 vaxt namaz fərz qılınmışdır. Dönüşdə Həzrət Musa (ə.s.) ilə qarşılaşmış və fərz namazın sayısının azaldımasını Allahdan xahiş etməsini istəmişdir. Bu hadisə 5 vaxt namaz fərz olana qədər davam etmişdir (Buxari, “Salat” 1, “Tövhid”, 37, “Ənbiya”, 5; Müslim, “İman”, 259, 262-263). Bəzi hədis qaynaqlarında, merac hadisəsində 5 vaxt namazla bərabər əl-Bəqərə surəsinin son iki ayəsi və Allaha şərik qoşanların bağışlanacağı müjdəsi də endirilmişdir (Müslim, “İman”, 279).
İslam qaynaqlarında meracın nə vaxt meydana gəldiyi haqqında fərqli fikirlər vardır. Ancaq ən çox qəbul edilən fikrə görə merac, birinci və ikinci Həbəşistan hicrətlərindən sonra, Əbu Talib və Həzrət Xədicənin vəfat etdiyi dövrdə və hicrətdən bir il əvvəl meydana gəlmişdir. Bəzi rəvayətlərdə meracın rəbiüləvvəl və ya ramazan ayında meydana gəldiyi qeyd edilir. Ancaq müsəlmanların çoxu rəbiüləvvəl ayının 27-ci gecəsini merac qəndili olaraq qeyd edir.
Murad Ağayev