İlahi feyz və bərəkətin coşduğu, bol olduğu mübarək və bərəkətli gecələrimizdən biri də Merac gecəsidir. Merac gecəsi üç ayların ikinci mübarək gecəsidir. Lüğətdə yüksəlmək mənasına gələn merac Əziz Peyğəmbərimiz Hz. Muhəmməd (s.ə.s)-in gecənin bir saatında Məkkədən (Məscidi-Haramdan), Qüdsdəki Məscidi-Əqsaya, oradan da göylərə səyahət etdiyi, uca məqama çıxarıldığı mübarək gecənin adıdır.
Bu ülvi səyahət möcüzələrin ən böyüklərindəndir. Merac möcuzəsi Qurani-Kərimdə ayələrlə anladılmış və varlığı inkar edilə bilməyəcək şəkildə ortaya qoyulmuşdur. İsra surəsinin 1-ci ayəsində Allah-Təala belə buyurur: “Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri) göstərmək üçün bəndəsini (Peyğəmbəri) bir gecə (Məkkədəki) Məscidi-həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidi-əqsaya (Beytül-müqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!”
Peyğəmbərimizin həyatı içərisində əhəmiyyətli bir yeri olan Merac möcüzəsi Peyğəmbərimizdən başqa Allahın heç kimə lütf etmədiyi ilahi bir ehsandır. Uca Peyğəmbərimiz üçün böyük şərəflə dolu olan Merac möcüzəsi, ona ümmət olan biz müsəlmanlar üçün də ilahi rəhmət və lütflərlə doludur.
Merac gecəsi Rəcəb ayının 27-ci gecəsi, Peyğəmbərimizin hicrətindən 1 il yarım əvvəl meydana gəlmişdir. Və hadisə qısa olaraq belədir:
Hz. Peyğəmbər (s.ə.s) xanımı Hz. Xədicə anamızı və əmisi Əbu Talibi itirdikdən sonra çox kədərlənmiş və müşriklərin daha çox təziqlərinə məruz qalmışdı. Məhz belə bir vaxtda Allah-Təala ona təskinlik olaraq Merac möcüzəsini lütf etdi. Əziz Peyğəmbərimiz Cəbrayıl (ə.s) ilə birlikdə Buraq adlı bir cənnət miniyi vasitəsilə əvvəlcə Məkkədəki Məscidi-Haramdan Qüdsdəki Məscidi-Əqsaya aparılmış, oradan da göylərə yüksəldilərək uca məqamlara çıxmış və bəzi hadisələr, qeyb aləminə aid bəzi xəbərlər, cənnət və cəhənnəmlə əlaqəli mükafat və cəzalar Ona göstərilmiş və keçmiş ümmətlərin peyğəmbərləri ilə görüşmüşdür. Bu hadisəni eşidən müşriklər hər zaman olduğu kimi yenə də küfrlərində inada davam etdilər və hətta o zamanda ağıllara durqunluq verən bu hadisədən istifadə edərək yeni müsəlman olanları, imanı hələ tam olaraq yerləşməmiş insanları çaşdırmağa və tərəddüdə salmağa çalışdılar. Lakin Merac hadisəsinə insan ağlının dar ölçüləri ilə deyil, Uca Allahın qüdrətinin böyüklüyü ilə düşünüb, o səviyyədə inanmaq və iman gözü ilə baxmaq və təslimiyyət göstərmək lazımdır. Çünki hər şey Rəbbimizin əlindədir. Onun sadəcə “Ol!” deməsi, hər hansı bir şeyin yaranmasına kifayətdir.
Merac gecəsində Peyğəmbərimizə (s.ə.s) verilən üç hədiyyə bunlardır:
1. Beş vaxt namaz.
2. “Əmənərrəsulu” -dediyimiz Bəqərə surəsinin son iki ayəsi.
3. Ümmətindən Allaha şərik qoşmayanların bağışlanacağı müjdəsi.
Merac hadisəsinin biz müsəlmanlar üçün ən əhəmiyyətli nəticələrindən biri əlbəttə ki, dinin dirəyi olan namazdır. Beş vaxt namaz Merac gecəsində fərz qılınmışdır. Ona görə də namaz möminlərin meracı sayılır. Necə ki, Əziz Peyğəmbərimiz Meracda heç bir vasitə olmadan Rəbbinin hüzuruna çıxmışdısa, mömin də namazda vasitəsiz olaraq birbaşa Rəbbinin hüzuruna çıxar, sadəcə Ona qulluq etmə və sadəcə Ondan yardım istəmə fürsəti qazanmış olar. Əgər mömin gündə beş vaxt namazını ixlas və xüşu ilə qılarsa, o namaz onun üçün bir merac olar, həqiqi mənada yüksəliş olar.
Merac gecəsi mübarək bir gecədir. Ona görə digər mübarək gecələr kimi bu gecəni də fürsət bilərək qəflət içərisində, yuxuya qurban edərək deyil, gecəsini ibadətlə, gündüzünü də orucla keçirməyə çalışmaq lazımdır. Allaha olan şükran borcumuzu ödəyərək, imkan daxilində bu gecə çoxlu nafilə və ya qəza namazları qılaraq, Quran oxuyaraq və Allahdan əfv, bağışlanma diləyərək tövbə-istiğfarla, zikrlə həm özümüzə, ailəmizə və həm də bütün ümməti-Muhəmmədə dualarla keçirməyə çalışaq. Ailəmizə və övladlarımıza belə gecələrin əhəmiyyətini öyrətməli, ətraımızda olan yetim, kimsəsiz və yoxsullara yardım əlimizi uzaltmalı, çoxlu sədəqələr verməli, axirətə köçənlərimizi də rəhmətlə anaraq dualar etməli və ruhlarını şad etməyə çalışmalıyıq. Belə gecələr hər zaman bizim üçün qiymətli anlar olmalıdır.
Bu aylar Rəsulullahın ən çox oruc tutduğu zamanlardan biridir. Ona görə də imkanı olanlar, gücü çatanlar bu aylarda çoxlu oruc tutmağa çalışsınlar. Peyğəmbərimizin ən məhşur sünnəsi olan həftənin 1-ci və 4-cü günləri oruc tuta bilərlər. İstəyən başqa vaxtlarda da oruc tuta bilər.
Uca Rəbbimiz buyurur ki: “Yalnız Allaha ibadət edin. Ona heç bir surətdə şirk qoşmayın. Ana və atanıza hörmət və itaət edin. Qohum və əqrabaya, fəqirlərə, yolda qalanlara yardım edin, haqlarını verin. İsraf etməyin, xəsislikdən çəkinin. Fəqirlik qorxusu ilə, övladlarınızı öldürməyin. Yetimlərin mallarına toxunmayın, onlara yaxşı davranın. Zinaya yaxınlaşmayın. Haqsız yerə cana qıymayın. Verdiyiniz sözü tutun. Ölçüdə və tərəzidə düzgün olun, doğruluğa diqqət edin. Bilmədiyiniz bir şeyin ardına düşüp, kor-koruna onu təqib etməyin. Yer üzündə kibir və qürurla gəzməyin.”
SALEH ŞİRİNOV