KİTABLARA İMAN

0

Allahın bəzi peyğəmbərlərə kitablar endirdiyinə, bunların hamısının doğru və söylədiklərinin həqiqət olduğuna inanmaq “aməntu” kimi bilinən iman əsaslarından biridir.

 İman mövzusu olan kitablara  “Allah tərəfindən endirilmiş kitablar” mənasında kutubi-ilahiyyə, kutubi-münəzzələ və ya kutubi-səmaviyyə deyilir. İlahi kitablar Allahın peyğəmbərlərinə göndərdiyi vəhylərdən meydana gəlir. Hər millətə peyğəmbər göndərildiyinə və bunlarla birlikdə kitablar endirildiyinə görə çox sayda kitab endirilmişdir deyilə bilər. Ancaq bunların hamısı Quranda bildirilməmişdir. Qurani-Kərimdə Həzrət İbrahim və Musaya endirilən suhuflardan, Tövrat, Zəbur, İncil və Quran kitablarından bəhs edilir. Kitablardan Tövrat Musaya (ə.s), Zəbur Davuda (ə.s), İncil İsaya (ə.s), Quran da Hz. Muhammədə (s.ə.s) endirilmişdir. İsnadı ixtilaflı olan bir hədisdə isə cəmi yüz səhifənin endirildiyi, bunlardan əllisinin Şitə (ə.s), otuzunun İdrisə (ə.s), onunun İbrahimə (ə.s) və onunun da Musaya (ə.s), yaxud da Adəmə (ə.s) endirildiyi bildirilir.

Quran ilahi kitablara inanmağın zəruriliyini  müxtəlif ayələr vasitəsilə ortaya qoymuşdur:

“Allaha, bizə endirilənə, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və nəvələrinə endirilənə, Musa və İsaya verilənə və (digər) peyğəmbərlərə Rəbləri tərəfindən verilənə inandıq, onlar arasında bir ayrı-seçkilik etmərik, biz Allaha təslim olanlarıq, deyin”. (əl-Bəqərə 2/136)

Bəzi ayələrdə kitablara iman möminlərin xüsusiyyətlərindən sayılır.  (əl-Bəqərə 2/4; Nisa 4/136)

Peyğəmbər də, digər möminlər kimi, kitablara inanmaq məcburiyyətindədir.  (əl-Bəqərə 2/285)

Bəzi ayələr də kitablara inanmamağın küfr olduğunu ifadə etmişdir. (ən-Nisa 4/136)

Kitablara inanmaq Allaha, mələklərinə və peyğəmbərlərinə inanmağın labüd nəticəsidir. Allah insanlara doğru yolu göstərmək üçün seçdiyi peyğəmbərlər vasitəsi ilə kitablar göndərir. Allaha inanmaqla birlikdə mələklərə, vəhy hadisəsinə inanmayan, peyğəmbərlik məsələsinə qarşı çıxan kəs İslamın nəzərdə tutduğu əqidə bütövlüyündən uzaq düşmüş olur. Kitablar yer üzündə xəlifə olaraq yaradılan insana verilən əmanəti, vəzifəsini necə yerinə yetirəcəyini göstərən təlimatlar, əmr və qadağalardır. Bunlar insan həyatını ən mükəmməl şəkildə təşkil edəcək əqidə əsaslarını, ibadət formalarını, edilməsi, ya da edilməməsi lazım olan davranış və hərəkətləri, gözəl əxlaq qanunlarını, siyasi və ictimai həyatı təşkil edəcək əsas qanun və qaydaları ehtiva edir. Bu səbəblə  də kitablara inanmaq insanın əqidə və düşüncə dünyasını, fərdi və ictimai həyatını Kitabın bildirdiyi şəkildə istiqamətləndirmək mənasına gəlir.

Bütün ilahi kitablar Allah kəlamıdır. Hamısı Allahın birliyini, tək Ona qulluq edilməsi gərəyini bildirir.

Quranın bildirdiyi suhuflar günümüzə qədər gəlib çatmamışdır. Tövrat, Zəbur və İncil isə ancaq təhrif edilmiş şəkildə varlığını qoruya bilmişdir. Kitabı-müqəddəs adı altında birləşdirilən bu kitablardan Tövrat Əhdi-ətiq, İncil Əhdi-cədid olaraq bilinir. Zəbur isə Məzmurlar adı altında Əhdi-ətiqin içərisində yer alır. Qurani-Kərimdə əvvəlki kitabların necə təhrif edildiyi qısaca belə bildirilir:

“Halbuki onların içərisində elələri var idi ki, Allahın kəlamını dinləyib anladıqdan sonra onu bilə-bilə təhrif edirdilər…” (əl-Bəqərə, 2/75)

Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab yazıb, sonra bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir” deyirlər. Öz əlləri ilə kitab  yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!” (əl-Bəqərə 2/79)

Qurani-Kərim isə pozulmaqdan, dəyişdirilməkdən qorunmuş vəhyin tək və gerçək ifadəsidir. Bu xüsusiyyəti ilə əvvəlki kitabları ehtiva etməkdə, təhrif edilmiş formalarında yer alan səhvləri düzəltməkdə, əskik tərəflərini tamamlamaqda, edilmiş əlavələri ləğv etməkdədir.

Kitablara iman gətirmək təhrif olunmuş hazırki Tövrat, Zəbur və İncilin də həqiqiliyini, doğruluğunu qəbul etmək mənasına gəlmir. Mömin onların əsllərinin Allah kəlamı olduğunu bilməklə yanaşı, əldə olan nüsxələrinin pozulmuş olduğunu da qəbul etməlidir. Bu səbəblə Tövrat, ya da İncildən gələn bir məlumatla qarşılaşdıqda bu məlumatın doğru, ya da səhv olduğunu söyləmədən əvvəl Qurana müraciət etmək məcburiyyətindədir. Məlumatın Quranla ziddiyyət təşkil etməməsi, Quranın nəzərdə tutduğu qanun və qaydalarla üst-üstə düşməsi halında doğru olduğunun qəbul edilməsi mümkündür. Elə isə kitablara iman təməldə Allahın göndərdiyi vəhyə, vəhyin peyğəmbərlər boyunca davam etdiyinə, ən son və mükəmməl şəkildə Quranla nöqtələndiyinə inanmağı ifadə edir.

Allah-Təalanın insanları haqqa və haqq üzərində birliyə dəvət etmək, hidayət yollarını göstərmək və zəlalətdən qurtarmaq üçün peyğəmbərlərinə endirdiyi kitablara inanmaq imanın altı əsasından biridir. İslam dininin təməli olan Qurani-Kərimə və onda bildirilən əhkama, endirdiyini bildirdiyi kitablara inanmamaq və inkar etmək insanı dindən çıxarar.

Məşhur bir hədisdə də bildirildiyi kimi, Cəbrayıl (ə.s) Rəsulullahdan (s.ə.s) imanın nə olduğunu  soruşmuş, o da belə cavab vermişdir: “İman: Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, qiyamət gününə, qədərin xeyrinə və şərinə inanmaqdır.” (Müslim, İman 1,8; Nəsai, İman , 8,101; Əbu Davud, Sünnə 17,4695; Tirmizi, İman 4,2613).

Kamran Məmmədov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərh Yazın

Əvvəlki məqaləni oxuyun:
HƏZRƏT PEYĞƏMBƏR İLƏ QƏLBİ BƏRABƏRLİK: SALAVATİ-ŞƏRİFƏ

Allah-Təala Qurani-kərimdə Peyğəmbərimizin (s.ə.s) həyatına and içmişdir. Uca adını Onun (s.ə.s) adı ilə birlikdə qeyd etmiş və mömin bir qul...

Bağla