Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) ötən gün keçirdiyi konfrans bir daha mənəvi dəyərlərin təbliğinin önəmi ilə bağlı məsələni aktuallaşdırıb.
Bildirilir ki, Moderator.az-a açıqlamasında sözügedən fondun fəaliyyətinə və həyata keçirdiyi layihələrə diqqət çəkən millət vəkili Aydın Mirzəzadə, bu kimi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Bildiyiniz kimi, dövlət mənəvi dəyərlərin təbliği ilə bağlı təşəbbüsləri dəstəkləyir, bunun üçün lazımi vəsait ayırır. MDTF də adından göründüyü kimi, mənəvi dəyərlərin təbliği ilə məşğuldur.
Tariximiz, mədəniyyətimiz, mənəviyyat prinsiplərimiz, insani münasibətlər, dini inancımız və s. kimi dəyərlərimizin təbliği və s. baxımından MDTF-nun yaradılması bir başlanğıcdır. Gələcəkdə mənəvi dəyərlərimizin təbliği istiqamətində yeni və daha əhatəli layihələrin gerçəkləşdirilməsi tamamilə gözləniləndir.
Bu qurumun yaradılmasından bu günə qədər keçən müddət göstərdi ki, MDTF bürokratik, formal təşkilat olmadı. Bu qurum birbaşa cəmiyyətlə işləyir. Milli mənəvi və dini dəyərləri qorunub saxlanılmasına, inkişafına dəstək verir.
Bu baxımdan fondun fəaliyyətini, onun həyata keçirdiyi layihələri alqışlayıram. Bu məsələdə fondla vətəndaşlar arasında əlaqələrin daha da genişlənəcəyinə ümid edirəm. Düşünürəm ki, hər kəs bu məsələdə aktiv olmalıdır”.