Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.
18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.
Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.
Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.