İnsan günah və xəta etməyə meyilli bir varlıqdır. Günahlar və xətalar çoxaldıqca insan müəyyən bir müddətdən sonra etdiyi xətalarının fərqinda olmur. Çünki anormal olan bir hal tez-tez təkrarlanması səbəbilə onun üçün normal bir hala çevrilir. Bəzi hallarda isə çox xəta etməyən bir insan da xəta edə bilir. Çünki xəta etmək insan olmağın bir xüsusiyyətidir. İstər tez-tez, istər nadir hallarda xəta və günah işləyən hər bir insanın xətalarını bilməsinə və görməsinə ehtiyacı vardır. Bu səbəblə də Allah Rəsulu (s.ə.s) bir hədisində: “Mömin möminin aynasıdır (güzgüsüdür)”, – buyurmuşdur. (Əbu Davud, Ədəb, 56). İnsan üzündəki çirki və ləkəni təmiz bir ayna olmadan görə bilmədiyi kimi, mənəvi qüsurlarını və iç üzünü də ona xəbər verən biri olmadıqca çox vaxt görə bilmir.
Güzgü, qarşısında duran hər bir insanın simasını özünə göstərdiyi kimi, mömin də öz qardaşında gördüyü xətaları ona bildirməklə güzgü kimi olmalıdır. Bir möminin mömin qardaşında gördüyü xətalara göz yumması ona yaxşılıq deyil, ən böyük pislikdir. Lakin xətalar və qüsurlar söylənərkən çox həssaslıqla söylənməli və qarşı tərəfin qəlbinə toxunacaq hallardan uzaq durulmalıdır. Peyğəmbərimiz (s.ə.s) insanların arasında xəta edən birini bilsə belə ona bir başa xitab etməz, ümumi olaraq hər kəsə müraciət edərək hamını həmin xətadan uzaqlaşdırardı. Allah Rəsulu (s.ə.s) xəta edən şəxsin də aralarında olduğu insanlara belə xitab edərdi: “Mənə nə olur ki, sizi belə görürəm?”, (Buxari, Mənaqib, 25) “İnsanlara nə olur ki, belə-belə danışırlar”. (Əbu Davud, Ədəb, 5) və.s
Bir möminin gördüyü xəta və qüsurları bir sirr olaraq tutması və insanlara danışaraq mömin qardaşını ifşa etməməsi ona çox böyük dəyər qazandırar. Rəsulullah (s.ə.s) bu barədə belə buyurmuşdur: “Bir qul bu dünyada başqa bir qulun ayıbını örtərsə, Allah da qiyamət günü onun ayıbını örtər”. (Müslim, Birr, 72).
Nəticə olaraq bir mömin qardaşımız bizə qüsurlarımızı söylədiyi zaman buna görə ondan inciməməli, tam əksinə ona təşəkkür etməliyik. Çünki o bizə bir ayna kimi öz xətalarımızı göstərmişdir. Əgər o xətalarımızı bizə göstərməsəydi başqaları bu xətalarımızı gördükləri zaman biz daha çətin vəziyyətdə qalar və etdiklərimizə görə daha çox xəcil və rüsvay olardıq. Yaxud etdiyimiz o xətaya görə çox böyük zərərə uğrayardıq.
f.f.d Səfa Muradov