DÜNYAYA GƏLİŞ SİRRİ: ÇALIŞMAQ
Allah-Təala Özünü mərifətullah ilə tanıması və layiqincə ibadət, yəni qulluq etməsi üçün insanı yaratdı.
İnsanı bu imtahan üçün çiləli və zəhmətli, məşəqqətlərə səbir, çalışmalarda dözüm tələb edən dünyaya göndərdi.
İmtahanda müvəffəq olduğu təqdirdə ona axirət yurdunda əziyyət və zəhmətdən uzaq, mükafat və əmin-amanlıq yurdunu, yəni cənnəti vəd etdi.
Müvəffəq olmayanları isə zəhmət və məşəqqətdən də ağır əzab və qəhr yurdu olan cəhənnəmə düçar edəcəyini bildirdi.
Bu həqiqətə inanan insan üçün dünya və içindəkilər bir dərsxana ləvazimatından ibarətdir. Dünya həyatı son nəfəsə qədər, tərin son damlasına, taqətin son nöqtəsinə qədər çalışılacaq, səy göstəriləcək bir imtahan məkanıdır.
Axirətdə sevinc və əmin-amanlıq meyvəsi toplamaq üçün dünya tarlasında tər tökmək, əziyyətlərə sinə gərmək zəruridir. Üstəlik Allahın haqqına riayət edərkən qulların haqqına riayət, heç kimi incitməmək, məxluqata qarşı mərhəmətlə, şəfqətlə rəftar etmək də şərtdir…
Axirət həqiqətinə iman etməyən bədbəxtlər üçünsə vasitə olan dünya məqsədə çevrilir. Ölüm məqsədsiz bir son, ömür də hər saniyəsi səfa sürüləcək hazır bir miras kimi görsənir… Hər fürsət və imkan halal-haram, təmiz-kirli, haqlı-haqsızz olduğuna baxmadan faydalanılacaq, yağmalanacaq, istehlak ediləcək bir mal sayılır. Bu baxışla dünya min bir haqsızlıq, acımasızlıq, zülm, qan və göz yaşının toplandığı yer olar.
Haqq və hüquq, vicdan və mərhəmət, insaf və insaniyyət kimi dəyərlər də yalnız axirətə haqqıyla iman edən və hesab qorxusuyla titrəyənlərin qəlblərində həqiqi mənasını tapar.
HƏR NEMƏTIN HESABI VAR
Allah-Təala digər bütün məxluqatı məhdud sahədə, özlərinə məxsus sövqi-ilahi ilə verilən vəzifəni yerinə yetirməyə məmur etdi.
Mələkləri də nəfsdən, iradədən, etirazdan xali, ilahi əmrləri dərhal icra edən varlıqlar olaraq yaratdı.
İnsanı isə tamamən fərqli, müstəsna xüsusiyyətlərlə yaratdı. Ona ağıl, zəka, arzu, ehtiras, qəzəb, mənlik kimi bir çox müsbət və mənfi xüsusiyyət verdikdən sonra; onu əmrinə müntəzir varlıqlarla dolu olan dünyaya göndərdi.
Dünyada insanın necə həyat sürməsini arzu etdiyini kitab və peyğəmbərləriylə ona bildirərək, mənəvi olaraq da böyük ehsanlar etdi. Bütün bu təchizatla yanaşı insana bir də iradə verdi və beləliklə imtahan başladı:
Arzu və istək verdi; onu layiq olduğu yerə – cənnətə, yoxsa süfli dünya nemətlərinə üz tutacağına baxdı…
Ağıl neməti verdi; onu ibrət və təfəkkürə vasitə, seçimlərdə daim axirətin ağırlıq təşkil etdiyi həssas bir tərəzi, yoxsa dünyəvi mənfəətin sadə bir maşası edəcəyinə baxdı…
Qəzəb və həyəcan verdi; onu Haqq adına, ədalət adına, İslamın izzət və şərəfini mühafizə, vətən, millət və məzlumların müdafiəsi yolunda bir güc olaraq, yoxsa daxili didişmələrin, boğuşmaların fitnə qazanı, eqoizmin, təkəbbürün fitili olaraq istifadə edəcəyinə baxdı…
Enerji verdi, dinclik verdi, gənclik verdi, zaman verdi, imkan verdi… Cəhd göstərib bunlardan istifadə edəcək, yoxsa tənbəllik edib arxayınçılığa, gərəksiz əməllərə qapılıb boş yerə sərf edəcək? Harada və necə istifadə edəcəyinə baxdı…
Mal verdi, mülk verdi, nemət verdi… Necə istifadə etdiyinə baxdı… Başqaları ilə paylaşdı, yoxsa nəfsinə həsr etdi? Dinin hökmlərinə və sünnəyə görə sərf etdi, yoxsa sovuraraq israf etdi? Ehtiyacı olanları axtarıb tapdımı, himayə etdimi, özünü onlardan məsul bildimi? Yoxsa istəyəni və imkansızı məhrum qoydu? Xəsisliklə -sanki sümüyünü gizlədən bir köpək kimi- varını gizlətməklə, yığmaqla ömür və imkanlarını çürütdümü?.. Yoxsa əlindəki hər imkanı cənnət bağçalarının toxumu mahiyyətində dünya tarlasına saleh əməl olaraq əkdi?
Bütün bu nemətlərə şükür etdi, yoxsa nankorluqla qarşılıq verdi?..
Xülasə;
Allah-Təala bu imtahan dünyasında lütf etdiyi her şeyi sorgu ve suala mövzu olacaq, hesabı soruşulacaq bir vasitə olaraq verdi. Ayeyi-kərimədə buyurulur:
“Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (ət-Təkasur, 8)
Bu ayədə hesabı soruşulacaq nemətlərin möhtəvasına maddi-mənəvi bütün imkanlar daxildir.
Unudulmamalıdır ki, insanın çalışmaq, qazanmaq, qazandığını xərcləmək kimi bütün maddi və dünyəvi təsərrüfləri də qulluğa daxildir. İnsanın yeganə məsuliyyəti namaz, oruc kimi ibadətləri yerinə yetirmək deyil. İnsan boğazından keçən hər loğmadan, ağzından çıxan hər sözdən, maddi-mənəvi haqq və hüququn gerçəkləşdiyi hər şeydən məsuldur.
Bu məsuliyyətlərin həssaslıqla fərqində olmaq, Allaha və qullarına qarşı olan haqlara yüksək bir səviyyədə riayət etməyin adı təqvadır, gözəl əxlaqdır, İslam zərifliyidir.
Başda peyğəmbərlər olmaq üzrə əshabi-kiram və bütün Haqq dostları dünyada bu əsalət və zərifliklə yaşamış, xüsusilə qazanclarının təmizliyi, loğmalarının halallığı barəsində müstəsna bir həssaslıq göstərmişlər.
Onlar həm Allaha təvəkkül etmiş, həm də Onun halalından verəcəyi ruzi üçün çalışmış, səy göstərmişlər.
Həzrət Davud kimi peyğəmbərlərdən tutmuş neçə-neçə Allah dostuna bir çox Haqq aşiqinin seçkin xüsusiyyəti:
HALAL RUZİ DƏRDİ…
İnsan bu dünyada özünün və ailəsinin dolanışığını təmin etmək üçün maddi qazanca möhtacdır. Bu xüsusda başqalarına yük olmamaq, heç kimə əl açmaq məcburiyyətində qalmadan işləmək hər bir bəndənin vəzifəsidir.
“Heç kim əsla öz qazancından daha xeyirli bir ruzi yeməmişdir…” (Buxari, Büyu, 15; əl-Ənbiya, 37) buyuran Fəxri-Kainat (s.ə.s) səhabələrini də ruzilərini halal yoldan və öz əməkləriylə təmin etməyə və insanlardan heç nə istəməməyə alışdırırdı.
Bir gün mədinəli müsəlmanlardan kasıb bir nəfər Rəsulullahın yanına gəldi və yemək üçün nə isə verməsini istədi.
Allah Rəsulu ondan:
“- Sənin evində heç əşya yoxdurmu?” -deyə soruşdu.
O:
“- Var, bir hissəsilə örtündüyümüz, bir hissəsini yerə sərdiyimiz bir çul və bir də su qabımız var”, -dedi.
Rəsuli-Əkrəm (s.ə.s):
“- Onları mənə gətir!” -buyurdu. Həmin adam çulu və su qabını gətirdi. Peyğəmbər (s.ə.s) onları əlinə aldı və ətrafındakılara:
“Bunları kim almaq istəyir?” -deyə səsləndi.
Səhabələrdən biri həmin əşyaları bir dirhəmə almaq istədiyini söylədi. Həzrət Peyğəmbər:
“- Artıran yoxdurmu?” -deyə bir neçə dəfə səsləndi və onalrı iki dirhəm verən bir səhabəyə satdı. Pulu kasıb səhabəyə uzadaraq:
“Bunun bir dirhəmiylə ailənə yemək al. Qalan pulla da bir balta alıb yanıma gəl!” -buyurdu.
Peyğəmbərimiz onun gətirdiyi baltaya öz əlləriylə bir sap taxdı və belə buyurdu:
“Haydı, indi get. Bununla odun kəs və sat! On beş gün işlə, ondan sonra yanıma gəl!”
Həmin adam on beş gün sonra Peyğəmbərimizin yanına gəldi. On dirhəm qazanmış, bu pulla özünə və ailəsinə paltar və yemək almışdı.
Peyğəmbər (s.ə.s) bu hala çox sevindi və belə buyurdu:
“Dilənçiliyin, qiyamət günü üzündə bir ləkə kimi görünməsindənsə, belə etməyin sənin üçün daha xeyirlidir…” (Əbu Davud, Zəkat, 26/1641; İbn Macə, Ticarət, 25)
Fəxri-Kainat (s.ə.s) müsəlmanların tənbəl, zəif, miskin, fərasətsiz olmalarını istəmir, odun kəsib satmaq surətiylə də olsa işləyib qazanmağa gücü çatan bir adamın başqasından nə isə istəməsini əsla xoş görmürdü.
Bu şüura sahib olan səhabələr yalnız dolanışıqlarını təmin etmək deyil, sdəqə vermək üçün də alın təri tökmüşlər. İnfaq ayələri nazil olduqda heç bir dünya malına sahib olmayan kasıb səhabələr də bu ayələrin möhtəvasına girə bilmək üçün odun doğramış, satmış və infaq etmişdilər.
Bir çox peyğəmbər şəxsən öz əlinin əməyi ilə dolanmışdır. Həzrət Adəm əkinçilik, Həzrət İdris dərzilik, Həzrət İsa dülgərlik, Həzrət Davud zireh emalı peşələrinin piri sayılırlar. Rəsulullah (s.ə.s) də ticarət və çobanlıq kimi peşələri yerinə yetirmişdir. İslam tarixində də bir çox elm və mənəviyyat sahibləri öz fəaliyyətləri ilə yanaşı ticarət, yaxud sənətkarlıqla məşğul olaraq dolanışıq mövzusunda heç kimə möhtac olmamışlar. Hədisi-şərifdə də belə buyurulur:
“Allah Təala qulunu halal arxasında qaçmaqdan yorulmuş vəziyyətdə görməyi sevər.”(Süyuti, əl-Camius-Sağir, I, 65)
Bu qayğının müstəsna bir misalı Şah Nəqşbənd həzrətləridir. Söhbət məclislərində tez-tez;
“İbadət on qismdir; doqquzu halal ruzi tələb etmək, biri isə digər əməllərdir.” (Deyləmi, Müsnədul- Firdovs, III, 107/4062) hədisi-şərifini oxuyar və məzmunuyla əməl etməyi əmr və tövsiyə edərdi. (Buxari, Ənisut-talibin, s. 63, 68)
Həzrət Pir yeməyini öz təsərrüfatından əldə edərdi. Toxum, tarla, su və tarla sürən məxluqat xüsusunda hədsiz qayğı və ehtiyat göstərərdi. Bu səbəblə alimlərin çoxu, təbərrükən onun halal yeməyindən yemək üçün söhbətlərində iştirak edərdilər. (Buxari, Ənisut-talibin, s. 64; Əbul-Muhsin Məhəmməd Baqir, Məqamat, s. 37, 112, 138; Rəşahət, s. 159, 184.)
Nəqşbənd həzrətləri əl əməyi ilə çalışıb qazanmağa o qədər əhəmiyyət verərdi ki, tənbəlliyi səbəbindən işsiz-gücsüz dayanan insanları müridliyə qəbul etməzdi. (Əbul-Qasim, ər-Risalətul-Bəhaiyyə, vr. 121 a-b)
Onun irşad tərbiyəsində həyat düsturu dünyəvi işlərdə işləyib qazanmaq və heç kimə yük olmamaq, lakin işləyərkən də Haqq-Təaladan da qafil olmamaq idi.
Mömin bəndənin halal ruzi təlaşıyla səy göstərməsi xüsusunda doğru anlayacağı bir məfhum da ruzi məsələsində bir olan Allaha güvənmək, yəni;
TƏVƏKKÜL…
Bir möminin ruzisinə Allahın zamin olduğu inancıyla könlü rahat olması, ruzi təlaşına qapılmadan çətin zamanlarda büdrəməməsi, dik durması təvəkkülünün nəticəsidir. Bu inanc şeytanın kasıblıqla qorxudaraq, haramın uçurumlarına sövq etməsi qarşısında qulun sarılacağı təminatdır.
Ayeyi-kərimədə buyurulur:
“De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (ət-Tövbə, 51)
Allah-Təalanın Rəzzaq ismi-şərifinin böyük bir təcəllisi qış mövsümündə zühur edər. Qar yağar, hər tərəf (yerinə görə yarım metr, bir metr qalınlığa çatan) dümağ örtüyə bürünər. Orada yaşayan saysız-hesabsız canlı varlıqlar toprağa sığınar. Rəzzaqı Zül-Cəlalın mühafizəsi altında, sanki bir qundaq halına gələn torpaqda yaşayarlar. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah o məxluqatın ruzisini orada da verər. Bahar gələndə və qar əridikdə cəsəd yığınları yerinə, bahar təravəti ilə təbiətdə hərəkət edən varlqılarla qarşılaşarıq.
Hədisi-şərifdə də belə buyurulur:
“Əgər siz Allaha layiqincə təvəkkül etsəydiniz, (Allah) quşları doyurduğu kimi sizə də ruzi verərdi. Quşlar səhər qursaqları boş olaraq çıxdıqları halda axşam doymuş vəziyyətdə qayıdarlar.” (Tirmizi, Zöhd, 33; İbn Macə, Zöhd, 14)
Ancaq təvəkkül duyğusu insanı tənbəlliyə sövq etməməlidir. Çünki tənbəllər bu hallarıyla Allaha deyil, əl uzadacaq xeyriyyəçilərə güvənmiş miskin insanlardır. Necə ki, Həzrət Ömər (r.a) xilafəti zamanında işi tənbəlliyə və dilənçiliyə çatdıraraq, işsiz-gücsüz gəzən, sonra da “Biz təvəkkül əhliyik.” deyən kəsləri:
“Siz Allaha təvəkkül edən mütəvəkkillər deyil, başqalarının malına güvənən mütəəkkillər, yəni yeyicilərsiniz. Həqiqi mütəvəkkil torpağa toxumu atdıqdan sonra Allaha güvənən insandır.” -deyə danlamışdır. (İbn Rəcəb əl-Hənbəli, Camiul-ulum vəl-Hikəm, Amman 1990, s. 650)
Şah Nəqşbənd də bu barədə:
“Təvəkkül sahibi insan nəfsini görməməli və çalışaraq təvəkkülünü gizləməlidir.” -buyurardı. (Əbul-Muhsin Məhəmməd Baqir, Məqamat, s. 70)
Elə isə təvəkkül ilə birlikdə, yəni Allahdan başqasına güvənməmək xüsusiyyəti ilə birlikdə başqa xüsus da vacibdir:
Allahdan başqa heç kimə əl açmamaq:
İSTİĞNA…
İstiğna insanın əlindəkilərə razı olması, özünü möhtac hiss etməməsidir.
Allaha qarşı istiğna içində olmaq Haqq-Təalanın verdiyi mal, övlad kimi nemətlərlə həddi aşan kafirlərin pis xasiyyətlərindəndir. Onlar mallarıyla əbədi olacaqlarını, sonsuza qədər qalacaqlarını sanarlar. Halbuki dünya fanidir. Ayeyi-kərimədə buyurulur:
“Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)” (əl-Fatir, 15)
Allaha möhtac olduğunu bilən və yalnız Ondan kömək istəyən, yalnız Ona təvəkkül edən mömin başqa qullara əsla əl açmaz. Bu mənada istiğna tərifəlayiq bir mömin xüsusiyyətidir. Başqalarından istəmək, üzünün suyunu tökməyə alışmaq insanın iffət və həya duyğularını da zədələyər. Ruzinin Allahdan olduğuna inanan kəs bəndələrə bel bağlamamalıdır.
Peyğəmbər (s.ə.s) səhabələrinin bəzilərindən beyət alarkən başqalarından heç nə istəməmək şərti qoymuşdur. Dilənçiliyi qadağan etmişdir. İnsanlardan nə isə gözləməyi xoş qarşılamamışdır. Aşağıdakı hadisə bu barədə gözəl bir misaldır:
Əbu Səid (r.a) aclıqdan tez-tez qarınına daş bağlamaq məcburiyyətində qalan kasıb səhabələrdən idi. Anası ona:
“- Qalx, Rəsuli-Əkrəmin yanına get, Ondan nə isə verməsini istə. Filankəs yanına getmiş, O da imdadına çatmış. Filankəs də getmişdi, o da nemətə nail oldu. Haydı, sən də get, bəlkə bir xeyir əldə edərsən.” -dedi.
Əbu Səid (r.a) isə anasına cavab olaraq;
“- Bir az gözlə görək, ay ana, axtaraq, heç nə tapa bilməsək onda gedərik.” -dedi. Lakin bütün axtarışları və səyləri boşa çıxdı. Belə olduqda çarəsiz halda Fəxri-Kainat (s.ə.s)-in yanına getmək qərarına gəldi. Allah Rəsulunun hüzuruna çıxdıqda onun xütbə oxuduğunu gördü və dinləməyə başladı. Allah Rəsulu xütbəsində belə deyirdi:
“İstiğna göstərən və iffətini mühafizə edən insanları Allah-Təala bütün aləmdən müstəğni (namöhtac) edər…”
Onsuz da utana-utana gələn Əbu Səid (r.a) bu sözü eşitdikdən sonra Rəsulullah (s.ə.s)-dən nə isə istəməyə heç cəsarət edə bilmədi və evə əliboş qayıtdı. Özü bundan sonrakı halını belə izah edir:
“Rəsuli-Əkrəmdən heç nə istəyə bilmədən evimə qayıtdığım halda Allah-Təala bizə ruzimizi göndərdi, işimiz o qədər yaxşı getdi ki, ənsar arasında bizdən daha zəngin heç kim yox idi.” (Bax. Əhməd, III, 44)
Bunu da ifadə edək ki, istiğna cəmiyyətdə hər kəsin öz başının çarəsinə baxması, heç kimin başqalarına köməkçi olmaması demək də deyil. O, yalnız “başqalarına yük olmamaq” təlqinidir.
Əlbəttə ki, cəmiyyətdə kasıblar, möhtaclar, əlillər, xəstələr, acizlər, işləməyə gücü çatsa da baxmaqla mükəlləf olduğu yaşlı anası, atası, xəstə uşağı olanlar, işləsə də xəstəsinə, uşağına baxmağa imkanı olmayan, işsiz qalan, iş axtarsa da tapa bilməyən, müflisləşən, həbsə düşən… pərişan insanlar var.
Bütün bu qərib və kimsəsizləri -hallarını gizlətsələr, iffətləri səbəbiylə dilə gətirməsələr də- axtarıb tapmaq və ehtiyaclarını təmin edib sevindirmək imkan sahiblərinin həm ilahi, həm vicdanı məsuliyyətləridir.
Möminlər haqqında:
“Mallarında da istəyənin və (abrına qısılıb istəməyən) yoxsulun haqqı (payı) var.” (əz-Zariyat, 19) buyuran Haqq-Təala Muminun surəsində cənnətə qovuşaraq qurtuluşa nail olan möminlərin xüsusiyyətlərini zikr edərkən, yalnız “zəkat verənlər” deyil:
“Zəkat üçün (xüsusi) fəaliyyət göstərənlər…” (əl-Miminun, 4) buyurmuşdur.
Allah-Təala lütf və kərəm sahibidir, əkrəmul-əkrəmin / comərdlər cömərdidir. Məhrumlara, möhtaclara, qəlbiqırıqlara sonsuz mərhəmət sahibidir. Qullarına lütfü və ehsanı çox genişdir. Haqq-Təala yer üzündə xəlifə olaraq yaratdığı, Zatının şahidi olmalarını arzu etdiyi möminlərin də öz cəmal xüsusiyyətləriylə təchiz olmuş; bütün məxluqatı qucaqlayan bir mərhəmətə sahib, comərd, vicdanlı, həssas və incə qəlbli qullar olmalarını arzu edir. Buna görə yalnız istəyənə verməyimizi əmr etməklə kifayətlənmir, istəyə bilməyəni də axtarıb tapmağı, hətta o iffət qəhrəmanlarını simalarından tanıyacaq bir ürək həssaslığı qazanmağımızı fərman buyurur. Necə ki, ayeyi-kərimədə buyurulur:
“(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!” (əl-Bəqərə, 273)
Ayeyi-kərimənin bizə xatırlatdığı bir xüsus da budur:
Elm təhsilinə və xüsusi xidmətlərə özünü həsr etdiyi üçün, müəyyən bir müddət işləyə bilməyən kəslər cəmiyyət adına bir fərzi-kifayəni yerinə yetirirlər. Rəsulullahın həm təhsilləriylə, həm dolanışıq və qalacaq yerləri ilə maraqlandığı Əshabi-Suffə kimi hər dövrdə imkan sahiblərinin maddi olaraq sahib çıxacağı elm, irfan və peşə tələbəsi də ehtiyaclarını qarşılaya bilmələri üçün işləmək məcburiyyətiylə qarşı-qarşıya qoyulmamalıdır.
Əsri səadətdə yaşanan bu hadisə Allah Rəsulunun bu məsələyə necə yaxınlaşdığını nə gözəl ifadə edir:
Ənəs bin Malik (r.a) belə nəql edir:
“Nəbiyyi-Əkrəm (s.ə.s) zamanında iki qardaş vardı. Bunlardan biri (elm öyrənmək üçün) Peyğəmbərimizin yanına gedər, digəri də işləyərdi. Bir gün işləyən qardaş digərindən Rəsulullaha şikayət etdi. Allah Rəsulu (s.ə.s) bu şikayətə belə cavab verdi:
“Bəlkə də sən onun sayəsində iş tapır və ruzi qazanırsan.” (Tirmizi, Zöhd, 33/2345)
Allah-Təala dünyada ruzi bölgüsündə zəngini kasıbdan məsul tutur. Zəngindən möhtacları simalarından tanımasını, axtarıb tapmasını, himayə etməsini istəyir. Kasıbdan da səbir, iffət və istiğna görməyi arzu edir. Beləcə, zəngin təkəbbür və minnətə qapılmaq bir yana, yardımını qəbul edəcək kasıb axtararkən, kasıba da zillət və istismara düşmədən sahib çıxılmış olur. Meydana könüllərin birləşdiyi, məhəbbətin hakim olduğu bir cəmiyyət çıxır.
Necə ki, hicrətdən sonra Rəsulullah (s.ə.s) mühacirlərə sahib çıxmaları üçün hər bir mühaciri, bir mədinəli müsəlman ilə qardaş elan etdi. Qardaşlar bir-birlərinin hər işindən məsul oldular. Hətta gələcəkdə Allah tərəfindən ləğv olunana qədər bir-birlərinə varis də oldular. Ənsar böyük bir qardaşlıq nümunəsi göstərərək; evlərini, eşiklərini, bağçalarını mühacir qardaşlarına təqdim etdi. Mühacirlər isə; göz toxluğu ilə bunları qarşılıqsız deyil, bağçalarda həqiqətən işləmək şərtiylə qəbul edəcəklərini bildirdilər.
Peyğəmbər (s.ə.s) mühacirlərdən Əbdürrəhman bin Əvf (r.a)-ı ənsardan Sad bin Rəbi ilə qardaş etdi. Bunun üzərinə Sad ona:
“- Qardaşım, mən Mədinənin ən zəngin adamıyam. Sərvətimin yarısı sənin olsun…” -dedi.
Əbdürrəhman (r.a):
“- Malın sənə mübarək olsun!” gözütoxluq göstərdi. Oradakılardan bazarın yerini göstərmələrini xahiş etdi. Dərhal ticarətlə məşğul olaraq halal ruzi qazanmağın yolunu tutdu.
Bu təvəkkül və istiğnasının bərəkətiylə Əbdürrəhman bin Əvf (r.a) deyir ki:
“Heç unutmaram, yerdən hansısa bir daşı qaldırsam, altında qızıl və ya gümüş tapacağımı ümid edərdim.” (Bax. Buxari, Büyü, 1; İbn Kəsr, əl-Bidayə, III, 228)
Ruzi qazanmaq xüsusunda diqqət ediləcək başqa nüanslar da var. Xüsusilə;
DÜNYAYA ALDANMAMAQ…
İnsanın əlindəki ömür sərmayəsini tamamilə dünya işlərinə həsr etməməsi, digər qulluq vəzifələrinə də laqeyd yanaşmamağa diqqət yetirməsi zəruridir.
Daha çox dünya malı qazanmaq uğrunda ehtiras insanı yeyib bitirən, sonsuz, dinclik və səadətdən məhrum bir çilədir. Nəfsin sağalmaz bir xəstəliyidir. Bu söz digər məxluqatın belə bu xəstəliyə düşmədiyini göstərmək baxımından çox mənalıdır:
“Aləm yaradıldığı gündən bəri, heç bir quş qonşusundan daha çox yuva qurmağa çalışmadı; heç bir tülkü gizlənəcək bircə yuvası olduğu üçün özünü pərişan etmədi; heç bir sincab bir deyil, iki qış çatacaq qədər qoza yığa bilmədiyi üçün təlaşdan ölmədi və heç bir köpək qocalıq çağı üçün yığılmış sümüyü olmadığını dərd edərək yuxusuz qalmadı.”
Heç kim üçün müstəsna olmayan, əcəl təbiliylə sona çatacaq, yaşlılıq və xəstəliklərlə son dövrü də məşəqqət içində tamamlanacaq dünya həyatını bir az da firavan hala gətirə bilmək üçün o qədər təlaşla, ehtirasla, min bir əziyyətlə işləyib, əbədi həyatı unutmaq, onu abad etmək yerinə atəşlər içində pərişan qoymaq necə acı bir axmaqlıqdır!
Xalq arasında deyilən: “İşləmək də ibadətdir…” sözünü halal ruzi əldə etmək üçün çalışam kəslərin dini mükəlləfiyyətləri yerinə yetirməkdə sərbəst olacaqları kimi başa düşmək müsəlmanlıqla heç cür uyğun gəlməz. Məscid quşu ikən dünyalıq ardınca düşərək əvvəl namazlardan, sonra zəkatdan, nəticədə Allah Rəsulunun könlündən qoparaq İslamdan uzaqlaşan Sələbənin qəmli aqibəti hər mömin üçün dərs olmalıdır.
Bu xüsusda iş sahibləri işçilərinin ibadət saatlarından məsuldurlar. İşçilər nöqteyi-nəzərindən namaza, oruca fürsət verilməyən, Allaha açıq şəkildə üsyan edilən yerlərdə işləmək və bunu bir məcburiyyət olaraq dilə gətirmək də Allah qatında keçərli bir bəhanə deyil. Əsl təvəkkül inancı məhz burada göstərilməli, Allahın haqqına sayğısızlıq göstərmədən halal ruzi qazanma yolları axtarılmalıdır. Xalis niyyətlə, halal ruzi dərdində təqvanı axtararaq, səbir edərək Haqq-Təalaya təvəkkül edilsə, ayeyi-kərimədə buyurulduğu kimi Allah insana gözləmədiyi yerdən ruzi verər:
“Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.” (ət-Talaq, 2-3)
Xüsusilə Allahın əmrlərinin açıq-aşkar tapdandığı yerlərə, müştəri və işçi olaraq getməmək buğz fillah / Allah üçün qəzəb ibadətinin bir zərurətidir.
Allah Rəsulunun bir neçə əsr əvvəl həlak edilən bir qövmün xarabalıqlarından götürülüən suları boşaltdırması bu kimi yerlərin mənəviyyatımıza olan zərərlərini göstərmək baxımından nə qədər mühüm bir misaldır.
Xülasə, dünya həyatı bir səfərdir və bu səfərin axirət yurdunda getmək istənən ünvana görə təyin edilməsi zəruridir.
Ya Rəbb!.. Bizi Sənin yolunda cəhd göstərənlərdən et… Ürəklərimizə dünya sevgisini, vücudumuza haram və şübhəli loğmanı, cəsədimizə cəhənnəm atəşini haram qıl…
“Allahım! Bizə halal ruzi nəsib edərək haramlardan qoru! Lütfünlə bizi Səndən başqasına möhtac etmə!” (Tirmizi, Dəavat, 110/3563)
Amin!..
Osman Nuri TOPBAŞ