Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının plenar iclasında ilk dəfə korrupsiya və iğtişaşlar mövzusu müzakirəyə çıxarılıb. BMT-nin baş katibi Antonio Qutarres korrupsiyanın iğtişaşları çoxaltdığını, çoxalan iğtişaşların isə korrupsiyanı artırdığını deyib. Baş katib həmçinin korrupsiyanın varlı, kasıb, inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrdə olduğunu deyib.
“Dünya İqtisadi Formunun proqnozlarına görə, korrupsiyanın bu dünyaya maliyyəti 2.6 trilyon dollar və ya qlobal ÜDM-nin 20 faizidir. Dünya Bankına görə isə müəssisələr və fərdlər hər il 1 trilyon dollardan çox rüşvət verirlər.” – deyə Qutarres bildirib.
Korrupsiyanın ictimai və siyasi qurumların tənəzzülünü sürətləndirdiyini deyən baş katib, korrupsiyanın qeyri stabillik, zorakılıq, insan alveri, narkotik və silahların qanunsuz ticarəti ilə birbaşa əlaqəli olduğunu və terrorun maliyyələşdirilməsi üçün bu yoldan istifadə edildiyini vurğulayıb.
Xəbər: Şirəli MƏMMƏDOV