Aləmlərin Rəbbi olan Allah-Təala Qurani-Kərimdə buyurur:
“Məhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur.” (əl-Fəth, 29)
Söhbətimin mövzusu İslamın şərəfli salnaməsində ədalətli mücadiləsi ilə özünü mömin insanların qəlblərində təsdiq etdirə bilmiş Əmirəlmöminin Həzrət Ömər haqqında idi. Haqq dinimizin yer üzərində qüvvətlənməsi istiqamətində apardığı mübarizə səhnələri ifadələr şəklində qanadlandıqca Həzrət Ömər (r.a) barəsində o qədər də məlumatı olmayan həmsöhbətimin gözlərindən yaşlar boşalmağa başladı. Etiraf etməliyəm ki, ruhən və cismən sakit bir tərzdə aparılan söhbətə rəğmən qarşımda duran insanın mövzuya bu dərəcədə həssaslıqla yanaşmasını gözləmirdim. Lakin fərqində olub-olmamağımızdan asılı olmayaraq qəlbləri riqqətə gətirən Allah sevgisini açığa vuran müdhiş bir nur öz izlərini bu gün də bizə tanıtmaqda və ona susamış olan qəlblərdə məqam tutmaqdadır. Həyatları ərz olunduqca gözləri yaşarmağa məcbur edən, inanılmaz bir şəfqət telləri ilə mənəviyyatımıza bağlanaraq onu təlatümə gətirən İslam ərlərinin bu dərəcədə etibar qazanması əslində ilahi ədəbin onların mahiyyətində cəm edildiyini göstərməkdədir. Sahib olduqları bu mübarək ədəbi səviyyələrinə görə həyatlarına tətbiq edən İslam fatehlərini uca Allah nə qədər də bəxtiyar etmişdir. İslam tarixində möhtəşəm bir iz buraxmış şəxsiyyətləri başqa bir ayeyi-kərimənin işığında Allah-Təala belə tanıdır:
“(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar. Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi (nemətlər) içində əbədi qalacaqlar. Onları ən böyük qorxu məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!” -deyəcəklər.” (əl-Ənbiya, 101-103)
Rəvayət edildiyinə görə möminlərin əmiri olan Həzrət Əli (r.a) bu ayəni oxuduqdan sonra buyurdu ki, “Mən, orada bəhs edilənlərdənəm. Əbu Bəkr Siddiq, Ömər, Osman, Talha, Zübeyr, Said və Abdurrahman (r.anhum) da onlardandır.”
Sevimli Peyğəmbərimizin hədislərində:
“Əgər məndən sonra bir peyğəmbər olsa idi o, Ömər olardı.” (Tirmizi, Mənaqib, 68)
“Sizdən əvvəl yaşamış ümmətlər içində Peyğəmbər olmadıqları halda ilham almış adamlar vardı. Ümmətimin içində də onlardan biri olsa idi o, Ömər olardı.” (Sahih Buxari, 1530)
“Allah-Təala haqqı Ömərin dilinə və qəlbinə qoymuşdur.” (Tirmizi, Mənaqib, 17/3682)
-buyurması Həzrət Ömərin səslənməsinə daha neçə-neçə səhifənin sığmayacağı və Rəbbinin izni ilə bir fəzilət dəryasına dönmüş mübarək həyatından durmadan yayılan bənzərsiz bir mərifət izlərinin kainata yayılaraq həssas qəlblərdə məkan tutmasına şahidlik etməkdədir.
Həzrət Ömər mənalı xütbələrinin birində uca Allaha həmd-səna edib Onu layiqli ölçüdə tərif etdərək belə söyləmişdi:
“Sizə Allaha itaətsizlikdən çəkinmənizi nəsihət edirəm. O əbədidir və Onun xaricində hər şey fanidir. Allah, Ona itaət etdikləri üçün övliyasını ucaltmaqda və Ona üsyan etdikləri üçün düşmənlərini azdırmaqdadır. Həlakı haqq etmiş heç bir kimsə zəlalətinə səbəb olacaq şeyləri hidayət sandığını üzr olaraq bəyan edə bilməz. Eyni zamanda haqqı tərk edən də onu batil sandığı üçün tərk etdiyini səbəb olaraq bildirə bilməz. Quranı öyrənin və onunla tanının. Onunla əməl edin ki, Quran əhlindən olasınız. Bilin ki, qul ilə ruzisi arasında bir pərdə vardır. Əgər səbir edərsə ruzisi onu tapacaqdır. Hesaba çəkilmədən nəfsinizi hesaba çəkin. Bu, hesab günü üçün öncədən bir hazırlıq olacaq və hesabınızı asanlaşdıracaqdır. Tərəzidə çəkilmədən nəfslərinizi hesaba çəkin. Gizli heç bir sirrin qalmadığı o böyük hesab günü üçün əxlaq və fəzilətlərlə bəzənin. Qurani-Kərimə sıx şəkildə sarılın. O, nurdur! O, şəfadır! Onun xaricindəki hər şey bədbəxtlikdir.”
Allah-Təalanın insanlara bəxş etdiyi nemətlərdən ən dəyərlisi, ən qiymətlisi də şübhəsiz ki, bəşər övladlarının qəlblərində gəzdirdikləri və onları hər şeyin həqiqətinə nüfuz etməyə nail edən elmdir. Elmi araşdırmalara baş vuran və İslam dinini layiqincə anlama qabiliyyətinə sahib olma arzusu ilə çalışanlara səslənən Həzrət Ömərin nəsihəti nə qədər də önəmlidir:
“Bir alimin dünya sevgisi ilə dolu olduğunu gördüyünüzdə sizin dininizdən olduğuna şübhə ilə baxın. Çünki sevənlər sevdiklərindən başqasını görməzlər.”
Allah Rəsulunun: “Əməllər niyyətlərə görədir. Hər kəsə niyyət etdiyi şey vardır.” hədisində vurğulanan mənaların Həzrət Ömərin təqdimatında sadə və əhatəli şəkildə səslənməsi qəlbində iman nuru olan hər bir müsəlmanı Allaha haqqı ilə itaətə dəvət etməkdədir:
“Ən fəzilətli əməl Allah-Təalanın fərz buyurduqlarını yerinə yetirmək, Allahın haram buyurduqlarından çəkindirmək və Allah-Təala üçün işlənən hər bir əməlin niyyətində sadiq olmaqdır.”
Mübariz Əlioğlu