Kitabımızın adı: Qurani-Kərim/القرآن الكريم (Mənası: Şərəfli oxunan).
Qurani-Kərimin tərifi: Uca Allahdan Həzrət Mühəmmədə (s.ə.s) 23 il (m.610-632-ci illər) ərzində mələk Cəbrail (ə.s) vasitəsilə və ya birbaşa nazil edilən ilahi kəlam məcmusunun adı.
Qurani-Kərimin digər adları: Fürqan/الفرقان (haqqı batildən ayıran), Hüda/الهدى (doğru yola yönəldən), Şəfa/الشفاء (şəfa verən), Nur/النور (aydınlıq), Zikr/الذكر (xatırladan, moizə), əl-Kitab/الكتاب (kitab), Bəyan/البيان (açıqlayan).
Müshəf: Qurani-Kərim vəhyinin yazılmaq surətilə kitablaşdırılmış şəklinə verilən ad.
İlk nazil olan ayələr: Ələq, 1-5.
Son nazil olan ayələr: Bəqərə, 281; Maidə, 3; Nisa, 176, Nəsr, 1-3.
Ayələrin ümumi sayı: 6236.
İçindəki surələrin sayı: 114.
Məkki surə: Bütövlüklə və ya əksər hissəsi hicrətdən (m.622-ci ildən) əvvəl nazil olan surə.
Mədəni surə: Bütövlüklə və ya əksər hissəsi hicrətdən (m.622-ci ildən) sonra nazil olan surə.
İlk surəsi: “Fatihə” surəsi.
Son surəsi: “Nas” surəsi.
Hər bir surə “bəsmələ (بسم الله الرحمن الرحيم)” ilə başlayır. “Tövbə” surəsi bundan istisnadır.
Ən uzun surə: “Bəqərə” surəsi.
Ən qısa surə: “Kövsər” surəsi.
Cüz: Qurani-Kərimin hər 20 səhifəlik hissəsinə verilən ad (Quranda cəmi 30 cüz vardır).
Hizb: Qurani-Kərimin hər 5 səhifəlik hissəsinə verilən ad.
Qurani-Kərimin ehtiva etdiyi əsas mövzular: Əqaid (inanc əsasları), əxlaq, elm, öyüd-nəsihət, hüquq və öhdəliklər, ibadətlər, Peyğəmbərlərin qissələri, tarixi hadisələr, məsəllər, axirət həyatı, qeyb (görə bilmədiyimiz aləmlər) haqqında məlumatlar.
f.f.d Ələddin Sultanov