Bildiyimiz kimi əsrlər əvvəl yaşamış müsəlaman alimləri bir çox elm sahələrinə öz töhfələrini vermiş, geniş tədqiqatlar aparmış və bir çox yeniliklərə imza atmışdırlar. Bu önəmli elm sahələrindən biri də Psixologiyadır. Psixologiya Qərb dünyası üçün yeni meydana çıxmış ictimai və humanitar elm olduğu hesab edilsə də, İslam alimləri yüz illər əvvəl bu mövzuya diqqət yetirməyə başlamışlar.
Məsələn, Psixologiya sahəsində bu gün geniş şəkildə istifadə olunan bir çox psixoloji nəzəriyyə və təcrübələri ilk İslam alimləri aşkara çıxarmışdır. Mühasibinin “dini davranış nəzəriyyəsi”, Mövlanənin “dərdləri sevmək” mərkəzli depressiya və psixoloji böhranın həll nəzəriyyəsi, Farabinin “anlayaraq öyrənmək” yanaşması və yuxulara təsir edən amillərə baxış nəzəriyyəsi bunlardan yalnız bir neçəsidir. Eyni zamanda Əbu Zeyd Əl-Bəlhi koqnitiv psixologiya və əqli qüsurları müəyyən edən ilk həkimlərdəndir. İbn Miskəveyh isə emosional problemlərin, ruhi problemlərlə yaxın əlaqəli olduğunu söyləmişdir.
Maraqlıdır ki, müsəlmanların əksəriyyəti əcdadlarının qoyub getdikləri bu zəngin irsdən ancaq səthi olaraq xəbərdardırlar. Üstəlik, İslam alimlərinin bu mühüm töhfələri, ümumiyyətlə, İslam prinsiplərinə əsaslanır və bütün zaman və məkanlar üçün etibarlıdır. Məsələn, İbn Sinanın nəfs nəzəriyyəsi, Qəzalinin nəfsi dərəcələndirməsi, Fərabinin insanı nəfs və ağıl kimi anlayışlarla ifadə etməsi və həmişə insanı daha yaxşı başa düşməyi hədəfləyən bir çox alimlərin bu mövzuya diqqət yetirdiyi mühüm psixoloji tədqiqatlardır.
Haris əl-Mühasibi ilk dəfə nəfs sözünü öz əsərlərində sırf psixoloji termin olaraq ən tutarlı mənası ilə istifadə etmişdir. Onun ən mühüm əsəri sayılan ər-Riayə li Huquqillah, məşhur şərqşünas Massignona görə, İslam mədəniyyətinin insanın daxili həyatı ilə bağlı ən gözəl əsəridir. Onun əqlin fitrətindən bəhs edən “Maiyyətul-Əql və mə’nəhu və ixtilafun-nas-fih” adlı əsəri İslam dünyasında bu mövzuda yazılmış ilk kitabdır. Onun əsərlərində psixi vəziyyətlər və proseslər haqqında dərin psixoloji təhlillər və konseptuallaşdırmalar diqqəti çəkir.
Yenə ilk İslam filosofu sayılan Kindi “Risalə fin-nəfs və Kəlamun fin-nəfs” adlı risalələrində nəfsin mahiyyətini, qabiliyyət və funksiyalarını, ölümdən sonrakı vəziyyəti ilə nəfsin saflaşdırılmasının yol və üsulunu araşdırmışdır.
Zəkəriyyə ər Razi melanxolik xəstələrə qayğı ilə yanaşmağı tövsiyə etmiş və bildirmişdir ki, belə xəstələr musiqi öyrənməklə, gözəl mahnılar dinləməklə öz dərdlərindən xilas ola bilərlər.
Müsəlman alimlərindən Fərabi də, insanın psixoloji güclərinin düşüncə gücü (əl-quvvətun-natiqə), arzu etmə gücü (əl-quvvətun-nuzuiyyə), təxəyyül gücü (əl-quvvətul-mutəxayyilə) və hiss etmə gücü (əl-quvvətull-hassasə) və onların funksiyalarını müəyyən etmişdir. O eyni zamanda musiqinin insanlar üzərindəki təsirindən bəhs edərək musiqi məqamlarının insanın müxtəlif ruh halına müsbət təsirinə diqqət çəkmişdir. Fərabiyə görə musiqi məqamlarının ruha olan təsiri bu şəkildə sinifləndrilmişdir: Rast məqamı insana sevinc və hüzur, Rəhavi məqamı sonsuzluq düşüncəsi, Büzürg məqamı qorxu, İsfəhan məqamı hərəkət və güvən duyğusu, Nəva məqamı insana ləzzət və rahatlıq, Üşşaq məqamı gülüş, Zəngulə insana yuxu, Busəlik məqamı insana güc, Hüseyni məqamı insana rahatlıq, Hicaz məqamı isə insana təvazö verirmiş.
İslam təfəkkür tarixində psixologiya sahəsində ən geniş araşdırma və əsərlərə malik olan insanlar arasında isə İbn Sina birinci yerdədir. Onun həm də çox bacarıqlı bir həkim olması ona insan orqanizmi və davranışları haqqında təcrübi müşahidələr əsasında məlumat əldə etməyə imkan verib. Bu gün onun psixologiyanın müxtəlif sahələrində müzakirə olunan bir çox mövzularda öz fikirlərini irəli sürdüyü məlumdur.
Bu gün hamıya məlumdur ki, müxtəlif əhval-ruhiyyə, rəftar, duyğu və həyəcanlar davranışa təsir edir. İbn Sina bunu öz vaxtında müəyyən etmiş və izah etmişdir. O, tibbi təcrübəsinə əsaslanaraq, fiziki cəhətdən həqiqətən xəstə olan insanların yalnız iradə gücü ilə sağalacağını, eyni şəkildə sağlam insanın da xəstəlik vəsvəsəsinin təsiri ilə həqiqətən xəstə ola biləcəyini ortaya qoymuşdur. Eyni şəkildə, qorxu kimi güclü duyğuların, əslində, orqanizmin tarazlığını pozduğunu və ölümlə nəticələnə biləcəyini müəyyən etmişdir.
İbn Sinanın psixoloji xəstəlikləri müalicə etməsi ilə əlaqəli bir çox maraqlı faktlar vardır. O, ruh xəstələrini içlərinə şeytan girib düşüncəsi ilə atəşə ataraq diri-diri yandıran qərb insanının əksinə olaraq onları normal xəstələri kimi müalicə etmiş və musiqi ilə müalicə metodunu ortaya qoymuşdur. Özünü qurbanlıq qoç zənn edən bir ağıl xəstəsi bütün qəssabları gəzib kəsilməsini və ətinin də insanlara paylanmasını tələb etdiyi zaman, İbn Sina da qəssab önlüyü geyinərək gəlir və xəstəni yoxlayıb zəif olduğunu, əgər qüvvətlənərsə onu kəsəcəyini deyir. Bundan sonra yeməklərini yeyib dərmanlarını qəbul edən gənc əvvəlki sağlamlığına qovuşur və ona etdikləri deyildiyi zaman heç bir şey xatırlamır və çox təəccüblənir.
Son olaraq onu qeyd bilərik ki, müsəlman aləmində psixoloji problem yaşayan insanlar cəmiyyətdən təcrid edilməmiş onların maksimum sosial mühitə adaptasiyasına çalışılmışdır.
Dr. Eldar Kərimov