“O (Yaqub) dedi: “Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm və Allahdan (nazil olan vəhy sayəsində) sizin bilmədiklərinizdən agah oluram (Yusif surəsi, 86).
Hər bir insan həyatı boyunca gücünün çatdığı qədər imtahanlarla qarşılaşır… Kimi buna kədər deyir, kimi imtahan, kimi depressiya, kimi də “amul-hüzn”, yəni “hüzn ili” deyir.
Oxucularımızdan biri:
“- Mömin depressiyaya düşərmi?” Və ya “İmtahanlar qarşısında qanadları qırılıb hüznə qapılarmı? Əgər depressiya və ya başqa adı ilə hüznün dibinə çöküb qalsa, bu iman zəifliyi ola bilərmi?” – deyə soruşdu.
Hansı insan deyə bilər ki, mən heç imtahandan keçməmişəm, həyatın maneələri qarşısında kədərlənməmişəm…
“Üsveyi-Hasənə” olan Peyğəmbərimiz (s.ə.s.) bu xüsusda bizə bir nümunədir. Həyatın bəzi çətinlikləri qarşısında böhrana düşmüş, qəlbi hüzünlə dolmuşdur! Belə ki, bu hüznü bəzən çox uzun sürmüşdür. Bildiyimiz kimi, ən sevimli xanımı Həzrəti Xədicə Anamızın vəfatı ilə birlikdə, onun yoxluğu həmişə ürəyini yandırmış… Ən sevdiyi əmisinin imansız vəfat etməsi, ömrü boyunca içində qanayan bir yara olmuşdur…
Bəzən İslam düşmənlərinin istehzaları və sualları qarşısında sıxıntıya düşmüş, həftələrlə vəhy gəlməmiş, kafirlər Onunla:
“-Rəbbin Səni unutdu, bax göydən artıq ayə gəlmir!” – deyə lağ etmişdilər.
Çox sevdiyi xanımına zina iftirası atılmış, çarəsiz qalmış, bir ay ayəyi-kərimə gəlməmişdir. Çətin bir imtahandan keçmiş və bizə hər barədə olduğu kimi, hüzündə, kədərdə, qısacası, depressiyaya düşdükdə nələr ediləcəyinə dair yenə ən gözəl nümunə olmuşdur.
Demək ki, kədərlənmək, hüznün uzun sürməsi, bu günün təbiri ilə “depressiya halları” olmuş, amma O, dibsiz quyularda ümidsiz qalmamışdır.
Peyğəmbərimiz (s.ə.s.) həmişə duaya sarılmış. “Mən hüzn ilindəyəm. Bir müddət dinimi təbliğ etməyəcəm, istirahət edəcəyəm, tətilə gedəcəyəm!” – deməmişdir.
Əksinə o ən çətin zamanlarında dininə xidmətlə daha çox məşğul olmuş, sıxıntılı yerlərdən “təbdili-məkanda fərahlıq vardır” deyərək uzaqlaşmış, amma başqa yerdə təbliğinə davam etmişdir. O bölgənin insanı, onu yorub incidirdisə, yeni diyarların insanlarının könül qapılarını döymüşdür. Yaqub -əleyhissalamın- diliylə ifadə edilən:
“Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm…” (Yusif surəsi, 86) ayəyi-kəriməsində olduğu kimi namaz və duasını artırmış, Quran ayələrində təsəlli tapmışdı.
Demək ki, bu sıxıntılı, imtahanlı və ya depressiya keçirdiyimiz zamanı yaxşı dəyərləndirməli, Rəbbimizə yaxınlaşmaq üçün bir vəsilə kimi qəbul etməliyik…
Təsəvvüfdə bu hallar, böhran, özünə qapanma və sıxılmalar, Rəbbə yaxınlaşmaq üçün bir vasitə qəbul edilmiş və buna “qabz halı” (ruhi daralma) deyilmişdir. Bir yerdə qabz varsa, sonra Allahın izni ilə “bast” (genişlik, fərahlıq) gələcəkdir. Buna görə də övliyalar bu çətin imtahanlar zamanı:
“Qəhrin də xoş, lütfün də xoş!” deyə bilmiş, bəziləri də:
“Dərman axtarırdım dərdimə,
Dərdim mənə dərman imiş” misraları ilə bu sirri hal əhlinə fısıldamışdır … Bu hallar ayəyi-kərimə və hədisi-şərifdə də belə ifadə edilir:
“Allah Təala, dilədiyi zaman ruhlarınızı qabz edər və dilədiyi zaman sizə onları təkrar verər” (Buxari, Məvakid, 35).
Nəhayət, mömin kədərlənər, hüznü uzun sürsə depressiyaya da girə bilər, amma Rəbbindən ümid kəsməz, Ona sığınar. Bu hallar keçicidir. Əgər insan, onunla mübarizə etməyi bilirsə, bu mənfi haldan zərər görmək bir tərəfə, istifadə edərək, güclənərək çıxar.
Elə isə qul, başına hüznün və müsibətlərin leysan kimi yağdığı, qaçacaq bir yer və zaman tapa bilmədiyi zamanlarda, dua və ibadətini artırmalıdır… Əgər bunu bacara bilərsə, bu, bir iman zəifliyi deyil, əksinə imanını gücləndirən acı bir dərman kimidir. Səbir etsə, həm şəfa tapar, həm də mənən dərəcəsi artar. Yox, əgər insan bu vəziyyətdə:
“-Bunlar niyə mənim başıma gəldi? Ürəyim sıxılır, Vəziyyətim yaxşı deyil. Depressiyaya düşmüşəm!” – deyər və qulluğu, xüsusilə namazı-niyazı tərk edərsə, başqa bir ifadəylə Rəbbindən ümidini kəsər, hətta Rəbbindən üz çevirib şeytanın vəsvəsələri ilə qulluğu tərk edərsə, bax o zaman vəziyyət təhlükəlidir. Həqiqi bir mömin belə bir depressiyaya girməz, girməməlidir. Yoxsa iman, ovucundan su kimi axıb gedə bilər, Allah qorusun! ..
Bir dostumu ziyarət etdim. Gənc yaşında klimaks keçirirdi. Çox kədərli idi.
“-Belə gənc yaşda necə ola bilər?” deyə soruşdum.
Gənc yaşda evlənmiş və evliliyi, təəssüf ki, bəzi şərli insanların sehr və cadu etmələri səbəbi ilə zindana dönmüşdür. Başına gələnləri mənə danışdı:
“-Səhərdən axşama qədər yatırdım, evimə heç baxmırdım, ərimlə danışmırdım. Həyatda yaşamaq üçün heç bir ümidim qalmamışdı. Böyük bir çətinlik içində idim və yeddi ilim belə keçdi. Övladımız da olmamışdı. Bu imtahan da, həyatımızı daha da çətinləşdirirdi.
O sıralar bir qohumumuzun yeni evlənən qızı ana olmuşdu. Onu ziyarətə getdim, çox kədərləndim. Ağlayaraq evimə gəldim. Günlərlə səccadənin üzərindən qalxmadım. Ağladım, dua etdim. Sanki Rəbbimin hüzurunda ağladıqca üzərimdən damla-damla hüznüm axır, mən isə rahatlayırdım. Bunun nəticəsində günlərimi namaza və Qurana həsr etmişdim. O günlərdə yoldaşım, bir Allah dostu olan rəhmətli Əli Ege Xocanı ziyarətə getdi. Tanış olduqdan sonra yoldaşıma:
“-Övladım, neçə uşağın var?” – deyə sual vermiş.
Ərim boynunu büküb:
“-Heç övladımız yoxdur Əli Xoca” – demiş.
Əli Xoca, xəstə yatağından qalxıb cibindən bir dua yazılı iki kağız çıxarmış, onları bükmüş və:
“-Bunu yoldaşınla birlikdə üzərinizdə daşıyın. Xeyirli, saleh bir oğlunuz olar inşallah” – demiş.
Həyat yoldaşım evə gələrkən olanları danışdı. Böyük bir təslimiyyətlə bu duaları üzərimizdə daşıdıq və bir ay sonra da həkimim ana olacağım müjdəsini verdi. Tam yeddi il sonra bu müjdəli xəbər, bizi sevincə boğdu. Bunlar yalnız səmimi duanın, yalvarışın və rəhmət təcəllilərinin ayaq səsləri idi.
“Bir gün həyat yoldaşım yanımda yatırdı. Mən də “Doğumu yaxınlaşmaqda olan övladımız üçün bir qurban kəssək, Rəbbimizə qarşı şükrümüz olar!” – deyə düşündüm. Amma maddi vəziyyətimiz çox yaxşı deyildi. Yoldaşıma necə söyləyərəm deyə düşünərkən yoldaşım yatdığı yerdən atılaraq oyandı. “Nə oldu?”- dedim. Yuxusunda:
“-Qalx! Nəzir etdiyin qurbanını kəs!” – deyə səs eşitdiyini söylədi. O:
“-Nə nəziri?” deyib yatağından qalxdı.
Ağlayaraq az əvvəl içimdən keçən əhdi söylədim. Ertəsi gün yoldaşım bir qurban kəsib kasıb-füqəraya payladı. Bir həftə sonra övladımız doğuldu, amma gömgöy idi. Uzun müddət ağlamadı. Həkimim öldü zənn etdi. Məgər ana bətnində körpəni bəsləyən cift çürümüş, körpə günlərdir ac qalmış və ölmək üzrə ikən bir möcüzə olaraq dünyaya gəlmişdir. Doğulduğu zaman Afrikalı uşaqlar kimi, bir dəri, bir sümük idi. Bəlkə öləcəkdi, amma Rəbbim ona can verməyi arzu etmişdir. Bunu da nəzir etdiyimiz bir qurban vəsiləsi ilə bizə bildirmişdi.
O, balanı da verəcəkdi, amma qul olaraq bizim Ona könüldən sığınmağımızı, yalnız Ondan tələb edib ayağımıza ilişən qandallardan qurtulmağımızı istəyirdi. Yəni xalisanə dua, sədəqə və saleh şəxslərin himməti!.. Bax bütün depressiyaların dərmanı budur!” – deyərək sözünü yekunlaşdırdı.
Rəbbimiz, qədərimizdə zülm olsun deyə çətinlik və əziyyətlər yazmaz… Ona yaxınlaşaq, dua və göz yaşı ilə təmizlənək, məqamımız ali olsun deyə pillələr qoyar… Kimi, pillələrə ayağı ilişincə, oturar, ağlayar, üsyan edər. Bəlkə də, o pillələri qoyana küfr edər!
Kimisi də pilləyə ilişincə, ağrıyan ayağına baxar; “Bu bəla mənim başıma niyə gəldi, bu bir xəbərdarlıqdır!” – deyər, istiğfar və dua ilə özünə gələr. Bundan sonra önünə çıxan pillələrə qarşı daha oyanıq və təcrübə sahibi olduğu üçün şükür edər və üst pillələrə sıçrayar. Beləcə yüksələr, yüksələr və məqsədinə çatar.
Seçim bizə qalıb ya əziyyətə dözəcəyik, zəhməti rəhmətə çevirəcəyik və iki dünya səadətinə qovuşacağıq, ya da iki dünyada da bədbəxt olacağıq! ..
Rəbbimiz, bir qüdsi hədisində belə buyurur:
“Məni qəlbi qırıqların yanında axtar!” (Əbu Nuaym, Hilyə, II, 364)
Həqiqətən, hiss edərək etdiyimiz niyazlarımız, ürəyimizin qırıq və hüznlə dolu olduğu zamanlardakı dualar deyilmi? Rəbbimizə ən yaxın olduğumuzu hiss etdiyimiz anları xatırlayaq; şübhəsiz, imtahanımızın və ya dərdlərimizin ən çox olduğu zamanlardır. Elə bu səbəbdən Bəqərə surəsində belə buyurulur;
“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır (Bəqərə surəsi, 155-157).
Rəbbimiz, sevdiyi qullarına daha çox bəla və müsibət göndərir ki, o qul, səbir etsin, şükür etsin və Rəbbinə yaxınlaşsın. Bu səbəblə ən böyük müsibət və imtahanlar, əvvəlcə peyğəmbərlərin başından keçmişdir.
Necə ki, insan, çətin zamanında dostunu-düşmənini daha yaxşı tanısa, Cənab-Haqq da qullarını bu çətin imtahanlar zamanındakı vəziyyəti ilə mömin, münafiq və ya kafir olaraq ayırımlar edər.
Hal-hazırda hər kəs böhran və depressiyada olduğunu söyləyərək ovuc-ovuc sakitləşdirici dərmanlardan istifadə edir. Ən böyük dərmanımız, imanımız və o imanı bəsləyən ibadət və qulluğumuzdur… Bir də salehlərin məclisində oluruqsa, ətrafımızda haqqı və səbri tövsiyə edən könül insanları varsa, artıq hər imtahan, Rəbbə yaxınlıq olur, inşallah!
Unutmayaq, iman varsa, imkan da vardır. İmkan varsa, onu haqq yolunda istifadə etmək lazımdır. Dərdimizi belə Allah yolunda xeyirə çevirən qullardan olmamız, beləcə gerçək qaliblər dəftərinə yazılmamız dua və niyazıyla …
Rəbbim, imtahanlarımızı asan eylə. Bizi, bizdən əvvəlki ümmətlərin ağır imtahanları ilə sınağa çəkmə. Bizi, Özünə rəhmət və lütfün ilə yaxınlaşdır. Amin …
Mənbə: bizimaile.az