MÜSƏLMAN QADINI VƏ CƏMİYYƏTDƏKİ ROLU

0

İslam dininə görə elm öyrənmək həm kişilər, həm də qadınlar üçün fərzdir. Xüsusi qayğı tələb edən elmin nə qədər əhəmiyyətli olduğu müqəddəs kitabımız Qurani-Kərimdə və Həzrət Peyğəmbərin (s) pak sünnəsində qeyd edilmişdir.

Digər monoteist (tək Tanrılı) və politeist (çox tanrılı) dinlərin əksinə, İslam, elmin kişilərlə birlikdə qadınlar arasında da yayılmasına əhəmiyyət verir. Məhz dinimizin bəyan etdiyi bu üstün tutumu nəticəsində qaynaqlarda qadın alimlərin də adlarına rast gəlirik.

Qadınlar Həzrət Peyğəmbərin (s) dövründən etibarən elm səhnəsində görünməyə başlamışdır. Həzrət Aişə (r.a.), Həzrət Həfsə (r.a.) bu alim qadınlardan sadəcə bir neçəsidir. Sonrakı dövrlərdə müsəlman qadınlarının elm sahəsindəki uğurları daha da artmış və bir çox alim şəxslər yetişmişdir. Belə ki, bu bağlamda alim qadınlar cərgəsində yer alan “Seyyideyi-Müsnidə (isnadları öyrənən xanım) Şəhdət bint əl-İbra əl-Katibə”ni misal göstərə bilərik. Bu alim xanm ömrünü yazıb-oxumağa həsr etmişdir. Hədis sahəsində bir çox tanınmış alim Şəhidət bint əl-İbra əl-Katibədən icazət almışdır. Hətta, deyilənə görə, Əbu Sə’d ibn əs-Səm’ani, məşhur tarixçi Hafiz Əbülqasim ibn Əsakir, mötəbər hənbəli fəqihi Müvəffəq ibn Qüdamə ondan hədis rəvayət etmişdir.

Mühəddis qadınlardan biri də Səlcuqlu dövlətinin vəziri Nizamülmülkün oğlu Süleyman ibn Əhmədin qızı Bilqeysdir. Hicri tarixlə 517-ci ildə İsfahanda anadan olmuş, 592-ci ildə isə vəfat etmişdir. Dövrün tanınmış bir çox alimlərindən dərs alan Bilqeys hədis sahəsində söz sahiblərindən olmuşdur. Hətta, Yusif ibn Xəlil və başqaları ondan hədis rəvayət etmişdir.

Tarixi qaynaqları araşdırdığımızda, qadın alimlərin sonrakı dövrlərdə də söz sahibi olduğunu görürük. Məsələn, Abbasi xəlifəsi Harun ər-Rəşidin yoladaşı Zübeydənin adı xüsusilə çəkilməlidir. Bu alim qadın həm də cəmiyyətin rifahı üçün ciddi işlər görmüşdür. Həcc əsnasında hacıların nə qədər əziyyət çəkdiyini görən Zübeydə, mühəndislərinə mövcud vəziyyətin aradan qaldırılması üçün göstəriş vermişdir. Əmr üzərinə mühəndislər hacıların yol yorğunluğunu minimuma endirmək və su ehtiyaclarını qarşılamaq üçün Bağdad-Məkkə yolunu 15 hissəyə bölmüş və hər hissədə bir və ya iki bulaq qazdırmışdır. Həmçinin, yağış mövsümlərində yağış suyunun toplanması üçün də hovuzlar düzəltdirmişdir. Bu bulaqlardan biri hələ də qalmaqdadır. Adı “Zübeydə bulağı”dır.

Cəmiyyətin inkişafı yönündə xidmətlərini əksik etməyən xanımlardan biri də Harun ər-Rəşidin kənizi Xalisədir. O, ilk dəfə, Peyğəmbər Məscidinin həyətinə supaylama sistemi inşa etmişdir.

Gördüyümüz kimi, İslamın elmə verdiyi dəyər çox böyükdür. Qərb dünyası son əsrlərə qədər qaranlıqlar içində çabalayarkən, İslam aləmində həm qadın, həm də kişi alimlər yetişirdi. Tarixi qaynaqları ağıl süzgəcindən keçirən hər bir şəxs önümüzə qoyulan yalanları təkzib edəcək və sahib olduğumuz mədəniyyətin nə qədər geniş olduğunu qavrayacaqdır. İslam, ayrı seçkiliyə yox deyərək elm uğrunda qadın və kişiləri meydana dəvət etmişdir. Allahın insanlara ərmağan olaraq bəxş etdiyi elmi öyrənən qadınlar və kişilər, bu nuru Uca Yaradanın yolunda xərcləmək üçün hələ də davam edən yarışa daxil olmuşlar. Bu yol qurtuluş yoludur. İslam isə bu müqəddəs yolda hamımıza işıq tutmaqdadır. Allah bizləri doğru yoldan ayırmasın!

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKI İSTANBUL ARASINDA AVTOBUSLA SƏRNİŞİNDAŞIMANIN BƏRPASI MÜZAKİRƏ EDILİB

“Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in şərtlərinə əsasən, İstanbulda Azərbaycan – Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib....

Bağla