MÜSƏLMANIN QURANİ-KƏRİMƏ QARŞI VƏZİFƏLƏRİ

0

Uca Allahın son peyğəmbər Həzrət Mühəmmədə (s.ə.s) nazil etdiyi Qurani-Kərim qiyamətə qədər hər bir müsəlman üçün müqəddəs və həyat rəhbəri olan bir kitabdır. Buna görə də bir müsəlmanın öz müqəddəs kitabına qarşı müəyyən öhdəlikləri vardır ki, bunları aşağıdakı kimi sadalaya bilərik:

  • Əvvəla, hər bir müsəlman 114 surədən ibarət olan Qurani-Kərimin tamamilə Allahın kəlamı olduğunu qəbul edib buna yəqinliklə iman gətirməlidir.
  • Quranın hər hansı bir ayəsini və ya surəsini oxumağa başlayarkən əuzü-bəsmələ çəkilərək təəvvüz etməliyik. Çünki Allah-Təala belə buyurur: “Quran oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın![1]
  • Qurani-Kərimi oxuyarkən təlim-təcvid qaydalarına diqqət etməyə çalışmalıyıq. Belə ki, Uca Allah Quran oxumaqla bağlı Öz peyğəmbərinə (s.ə.s) belə buyurur: “Quranı asta-asta (təfəkkür edərək) oxu![2]
  • Bacardığımız qədər Quran surələrini və ayələrini əzbərləməli və unutmamalıyıq. Belə ki, Həzrət Peyğəmbər (s.ə.s) buyurur: “Allah Quran əzbərləyən qəlbə əzab etməz!”[3]
  • Qurani-Kərimi əlimizə alarkən dəstəmazlı olmalı, oxuyarkən mümkün qədər qibləyə doğru dönməli və ədəbli bir şəkildə oxumalıyıq.
  • Oxunan Quran ayələrini anlayıb dərk etməyə çalışmalıyıq. Bunun üçün də imkan daxilində Qurani-Kərim məalları və təfsirlərindən istifadə etməliyik. Çünki Uca Allah: “Bəs onlar Quranı düşünmürlərmi?![4] – buyuraraq bizi Quranı anlamağa dəvət edir.
  • Allahın rəhmətindən bəhs edən ayələri sevincli bir şəkildə oxumalı, Allahın qəzəbindən bəhs edən ayələri isə hüznlə və Allaha sığınaraq oxumalıyıq.
  • Qurani-Kərimdəki səcdə ayələri oxunduğu zaman tilavət səcdəsi etməliyik. Bununla əlaqədar Peyğəmbərimiz belə buyurmuşdur: “Adəm oğlu səcdə ayəsini oxuyub səcdə etdiyi zaman şeytan ağlayar və: “Sənə yazıqlar olsun! Adəm oğluna səcdə etməsi əmr olundu və o, dərhal səcdə etdi. Cənnət onundur. Mənə səcdə etməyim əmr olunduğu halda mən səcdə etməkdən imtina etdim. Mənim payıma da cəhənnəm düşür”, – deyərək oradan uzaqlaşar”.[5]
  • Qurani-Kərimi təmiz yerlərdə oxunmalı ve eləcə də təmiz və ayaqaltı olmayan yüksək yerlərdə saxlamalıyıq.
  • Başqası tərəfindən oxunan Qurani-Kərim tilavətini səssizcə, diqqətlə və hörmətlə dinlənməliyik. Çünki bununla bağlı Uca Allah: “Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə sizə mərhəmət edilsin![6] – buyurur.
  • Qurani-Kərimin əmr etdiklərini yerinə yetirməli, qadağan etdiklərindən isə uzaq durmalıyıq. Eləcə də Qurani-Kərimdəki əxlaq prinsiplərinə görə hərəkət edərək həyatımızı Quran əxlaqına uyğun şəkildə formalaşdırmalıyıq.

f.f.d. Ələddin Sultanov

[1] Nəhl, 16/98.

[2] Müzzəmmil, 73/4.

[3] Darimi, Fəzailül-Quran, 1.

[4] Mühəmməd, 47/24.

[5] Müslim, “İman”, 133.

[6] Əraf, 7/204.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜLKÜÇÜLƏRİN ŞUŞADA TİKDİRƏCƏYİ MƏKTƏBİN ƏSAS MOTİVİ XARI BÜLBÜLDÜR – FOTO

Türkiyə Ülkücülərinin Şuşa şəhərində tikdirəcəyi orta məktəbin layihəsi hazırdır. Layihəni hazırlayan memar Yusuf Günaydın bildirib ki, məktəbin əsas motivi, dünyada...

Bağla