MÜSƏLMANLARIN QARŞILIQLI HAQLARI

0

İslam dininin təyin etdiyi qanunlar təkcə əmr və qadağalardan ibarət deyildir. İslam dini sağlam bir cəmiyyətin əsasını təşkil edən, fərdlərin riayət etməli olduğu bir sıra qarşılıqlı haqlar da təyin etmişdir. Bu haqlar yerinə yetirilməsi halında mükafat, yerinə yetirilməməsi halında isə cəza olaraq qarşımıza çıxar. Rəsulullah (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Müsəlmanın müsəlmanın boynunda altı haqqı vardır. Qarşılaşdıqda salam vermək, dəvətini qəbul etmək, məsləhət istədikdə doğru yol göstərmək, asqıranda “əlhəmdülillah” desə ona “yərhəmukəllah” – deyib cavab vermək, xəstələnəndə yanına getmək, öldüyü zaman cənazəsində iştirak etmək”. (Müslim, Salam, 5). Bu hədisdə sadalanan haqlar cəmiyyətin mənəvi dinamizmi ilə bir başa əlaqəlidir. Çünki bunları yerinə yetirmədikdə tətbiq ediləcək dünyəvi bir cəza və ya bir hədd yoxdur. İslam cəmiyyətinin mənəvi həssasiyyətləri bu haqlarla təmin edilmiş olur. Bu haqların hər biri yaxşı insan, yaxşı müsəlman olmağın, insani münasibətləri ən yüksək səviyyədə saxlamağın, fərdləri bir-birinə sevgi-şəfqət və mərhəmət hisləriylə bağlı bir cəmiyyət meydana gətirməyin təməlləridir.

  • Salam vermək: Bu haqlardan birincisi olan salam vermək müsəlmanların bir-biri üçün dua etməsi və Allahdan yaxşılıq istəməsidir. Qurani-Kərimdə Uca Allah belə buyurur: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz Allah hər şeyi hesaba alandır“. (Nisa 4/86)
  • Dəvəti qəbul etmək: Hər bir müsəlman haram və günahların işləndiyi məclislər istisna olmaqla din qardaşının dəvətinə, toy və ya ziyafət məclislərinə getməlidir. Rəsulullah (s.ə.s) səhabələrin dəvətlərini qəbul edər və məclislərinə gedərdi. Dəvət edənin cəmiyyət içindəki sosial mövqeyinə görə heç bir ayrı-seçkiliyə yol verməzdi.
  • Nəsihət etmək: Bütün insanların hər şeyi bilməsi mümkün deyil. Odur ki, bir müsəlman bilmədiyi bir iş haqqında başqa bir müsəlmandan məsləhət istədikdə ona düzgün cavab verilməli və doğru yol göstərilməlidir.
  • Asqırana “yərhəmükəllah” demək: Müsəlmanların qarşılıqlı haqlarından biri də asqıranda “əlhəmdülillah” desə onu eşidən başqa müsəlmanın “yərhəmükəllah” (Allah sənə rəhm eləsin!) deməsidir. Asqırmağın sağlamlıq baxımından insanın bədənini rahatlatan və insanın beyninin oyanmasına səbəb olan bir çox faydaları vardır. Odur ki, asqırmaq da başqa nemətlər kimi Allahın bəxş etdiyi bir nemətdir. Nemətə şükr etmək isə hər bir müsəlmanın borcudur.
  • Xəstə ziyarəti: İstər öz səhhətimizə qarşı diqqətsizliyimizdən, istərsə də Allahın imtahanı olaraq hər birimiz xəstələnə bilərik. Belə bir vaxtda xəstənin evdə tənha qalması, dost və tanışlar tərəfindən unudulması acınacaqlı bir haldır. Belə vaxtlar insanların təsəlliyə ehtiyac hiss etdikləri vaxtlardır. Odur ki, dinimiz xəstə ziyarətini müsəlmanın müsəlmanın boynundakı haqqı olaraq təsbit etmişdir.
  • Cənazədə iştirak etmək: Cənazədə iştirak etmək dünyasını dəyişən müsəlman qardaşımızın boynumuzdakı haqqı olduğu kimi, dünyada qalan yaxınlarına da bir təsəlli borcudur. Dinimiz ölənin cənazə namazında iştirak edərək onun bağışlanması üçün Allaha dua etməyə çox böyük əhəmiyyət verir.
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ AVSTRİYAYA SƏFƏR EDƏCƏK

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 22-də Avstriya Federativ Respublikasına yola düşür. QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə,...

Bağla