Uca Allah qullarının sosiallaşmasını istəyir. Bu səbəbdən, dinimizdə insanlar üçün cəmiyyətlər halında yaşamaqla bağlı çoxlu əmrlər və işarələr mövcuddur.
Allah Rəsulu (s.a.v) camaatın əhəmiyyətini belə ifadə etmişdir:
“Allahın yardımı camaatladır” (Tirmizi, Fitən, 2167), “Camaat mərhəmətdir, ayrılıq isə əzabdır” (Əhməd, IV, 278). Camaatda bərəkət var deyən (İbn Macə, Ətimə, 17) Peyğəmbərimiz Muhamməd aleyhissalam başqa bir hədisində belə buyurur; “Allahın mənə əmr etdiyi beş şeyi sizə də əmr edirəm: dinləmək və itaət etmək, cihad, həcc və camaat halında olmaq. İslam camaatından bir addım belə uzaqlaşan kəs, İslamın bağı ilə əlaqəsini kəsər, ta ki geri dönənə qədər.” (Tirmizi, Ədəb, 2863).
Allah Rəsulu (s.a.v) hicrətdə Quba qəsəbəsinə və Mədinəyə gəldikdə ilk olaraq bir məscid tikdi. Peyğəmbərin yolunu tutanlar tarix boyu fəth etdikləri yerlərdə məscidlər tikiblər. Bu gün də məscid tikmək ən böyük şərəf və xidmət hesab edilir. Allah Rəsulu (s.a.v) belə deyir: “Allah, məscidlərdə dua və ibadətlə vaxt keçirən müsəlmanların hərəkətindən, uzaqda yaşayan qohumlarını görəndə insanın sevinməsi kimi sevinir” (İbn Macə, Məscidlər, 19)
İslam ümməti üçün dua etmək Peyğəmbərin (s.a.v) ənənəsidir və həmişə bunu edərdi. Bir gün Aişə (r.a) Peyğəmbəri (s.a.v) sevincli gördükdə soruşdu:
“Ey Allahın Rəsulu, mənim üçün dua edərsənmi?”
Peyğəmbər (s.a.v) dua etdi:
“Allahım, Aişənin bütün keçmiş, gələcək, gizli və açıq günahlarını bağışla!”
Aişə (r.a) çox sevindi və başını əydi. Peyğəmbər (s.a.v) soruşdu:
“Duam səni sevindirdimi?”
Aişə (r.a) dedi:
“Niyə sevindirməsin ki?”
Bunun üzərinə Peyğəmbər (s.a.v) dedi:
“Allaha and içirəm ki, bu mənim hər namazda ümmətim üçün etdiyim duadır.” (Heysəmi, IX, 243)
Allah Rəsulu (s.a.v) buyurmuşdur:
“Allahın nəzərində qulun ən yaxşı duası budur: Allahım! Məhəmməd ümmətini bağışla! Allahım! Məhəmməd ümmətinə rəhm et! Allahım! Məhəmməd ümmətinə yardım et və onları qələbə çaldır! Allahım! Məhəmməd ümmətini qoru! Allahım! Məhəmməd ümmətini bir araya gətir və birləşdir! Allahım! Məhəmməd ümmətinin çətinliklərini aradan qaldır!” (İbn Hibban, Sahih, XVI,7111)
İslam dini sosial həmrəyliyə və harmoniya içində yaşamağa böyük əhəmiyyət verir. Müsəlmanlar qardaş və bacıları üçün dua edərək bir-birinə sevgi ilə bağlı olan güclü bir cəmiyyət olmalıdır. Bu ilahi məqsədə çatmağın yollarından biri də camaatla namaz qılmaq və dua etməkdir. Məscidlərdə camaatla namaz qılmaq inananları eqoizmdən və fərdilikdən təmizləyir.
Rəşad Manafov