İslam tövhid dinidir. İstər teorik, istərsə də pratik yöndən olsun, islamın mərkəzində bu əsas vardır. İmanın əsasları tövhidi dilə gətirərkən islamın əsasları, yəni ibadətlər də tövhidi gücləndirən və qoruyan tətbiqatlardır.
Bunların ən başında namaz gəlir ki, islamın bütün əmr və gözəlliklərini özündə cəm edən, qılanları da ucaldan bir ibadətdir.
Namaz gün ərzində beş dəfə insanı süni ehtiyaclardan, bitməz-tükənməz ehtiraslardan qurtarıb duracağı məqamı xatırladan, könlünün və gözünün qibləsinin nə və hara olduğunu öyrədən qüdsi bir ibadətdir.
Çarəsizlikdən inləyən və kimsəsizlikdən şikayət edən stress çağının insanlarını yalnızlıqdan qurtaran bənzərsiz bir ibadətdir. Camaatla qılındıqda cəmiyyəti tək vücud halına gətirən və birlikdə səcdəyə yönəldən, hər cür dərd, qəm və sıxıntının paylaşıldığı və birlikdə həll edildiyi kəsrətdəki vəhdətin bir simvoludur. Möminlərin bir binanın kərpicləri halına döndüyü və bunu sıx səflərdə şəxsən hiss etdiyi bir ibadətdir. Təkbaşına qılındıqda belə insanı ən ulu padşahın hüzuruna aparan və xəzinəsi sonsuz, əfv və mərhəməti hədsiz, ürəklərdən keçənləri belə bilən və diləyənlərin istəklərini qarşılayan Haqqın hüzurunda həqiqi sükunət mənbəyinə çatdırmaqdır. Ancaq unutmamaq lazimdir ki, məsciddən və namazdan bu qədər istifadə edə bilmək üçün çöldə qoyub gəldiyimiz ayaqqabılar kimi yan-yana duraraq deyil, eyni qibləyə dönüb, eyni səfi paylaşarkən qəlblərin birliyi və qardaşlığın gərəyi ilə həmhal ola bilməliyik.
Namaz nəfsi hesaba çəkməkdir. Fərdi və ictimai bir nəfs mühasibəsidir. İlk növbədə Haqqın hüzuruna hər duruşumuzda məhşər duruşunu ağlımıza gətirib hesabımızın necə olacağını düşünərək həyatımızın qalan hissəsini ona görə nizamlamağı asanlaşdırır. İctimai mənada Hz. Peyğəmbərin tətbiqatında olduğu kimi camaatla namaza gələnlərin hal və xətrini soruşmağı, gəlməyənlərin ziyarətini öyrədir bizə.
Dünya dərgahi-ilahidir. Bütün varlıqlarsa daima Onu zikr edir. Məscidlərimiz göyün qübbə olduğu məkanlardır. Camaatla məsciddə qılınan namaz insana cahanşümul bir dəyər və nəzər nöqtəsi verdiyi kimi göy qübbənin altındakı əsli vəzifəsi olan xəlifeyi-aləm olduğunu xatırlatmaqdan, qeyri-məhdud bir baxışla dünyanın o biri ucunda iman üçün döyünən qəlblərə can atmaqdan, qanadı qırıq bir quşa şəfa olmaqla vəzifəli olduğunun şüuruna çatdıran bir ibadətdir.
Namaz duadır. Dünya həyatı naqis bir həyatdır və ehtiyacı, acısı, sıxıntısı tükənməz. Bu səbəblə insan daima yardıma möhtacdır. Namaz bütünlüklə Allaha sığınmadır. Zəhmətsiz, kağızsız, qələmsiz, şifahi arzu-haldır. Hər rükətdə oxunan Fatihə Quranın özəyidir: Ey Aləmlərin və din gününün sahibi, Rəhman və Rəhim olan Rəbbimiz! Həmd-sənalar Sənədir. Biz yalnız Sənə qulluq edər və yalnız Səndən yardım istəyərik. Bizi yolunu azmışların və qəzəbinə düçar olanların yoluna deyil, nemət verdiyin bəndələrinin yolu olan sirati-müstəqimə yönəlt! Amin.
Namaz daimi bir zikrdir. Təkbir ilə Allahın hüzuruna durulur. Quran oxunur. Bədən və ruh birlik və dirilik içərisində Haqqın hüzurunda durur. Qiyam, qiraət, rüku, səcdə bir bütün halında zikri-daimidir. Bu yönüylə bizi bizə gətirən, ürəyimizi və tüklərimizi ürpərdən, qəlblərimizin mənəvi xəstəliklərinə şəfa qaynağıdır. Allah təala “Qəlblər ancaq Allahı zikr etməklə aram tapar” buyurur.
Namaz yalnız mənəvi xəstəliklərin şəfası deyil, eyni zamanda maddi xəstliklərdən qoruyan və qurtaran bir ibadətdir. Hz. Peyğəmbər qarnı ağrayan Əbu Hüreyrəyə: “Qalx namaz qıl, namazda şəfa vardır.” (İbn Macə, Tibb, 10) buyurmuşdur. İngilis elm adamı Bernard Şounun iki mininci illərdə Avropalı həkimlərin xəstələrə yazdıqları resseptlərinə namazı əlavə edəcəklərini dediyi söylənir. Biz müsəlmanların borcu isə namazı lazımınca qılmaqdır. Çünki dünyanın hər yerində müsəlmanlığın ən əsas göstəricisi namaz, göyə doğru uzanan minarə və məscidlərdir. Bunlar vəhdətin simvolu olaraq görülür.
Nobel mükafatı almış Aleks Karelin “Namaz vücudun sistem və orqanlarında bir canlılıq yaradar. Hətta bu, dövrümüzə qədər bilinən ən möhtəşəm təravətlilik qaynağıdır.” deyir.
Gündə beş dəfə müəzzinlərin minarələrdən bizi namaza çağırarkən, dünyanın və axirətin, bədənin və ruhun, ağlın və qəlbin bütün dərd və qüssələrindən xilas olmağa çağırdığını duymurmu qulaqlarımız. Peyğəmbər (s.ə.s) müəzzininə bu həqiqəti belə ifadə edir:
“Ya Bilal, namaza dəvətlə bizi rahatlığa qovuşdur.”
Namazda şəfa vardır. Gündə beş dəfə axsatmadan qılınmalıdır.
DR. İBRAHİM BAZ