NİYYƏTİN HARA, MƏNZİLİN ORA!

0

İslam dinində niyyətin önəmli bir yeri vardır. İnsanın bütün əməlləri niyyətinə görə dəyər qazanır. Niyyət düzgün olarsa, insan etdiyi və edə bilmədiyi əməllərinə görə savab, düzgün olmazsa, etdiyi əməllərinə görə günah qazanar. Başqa bir ifadə ilə desək, insanın qəlbindən keçirtdiyi düşüncələri və ya qəlbindən keçirib həyata keçirtdiyi əməlləri sağlam bir niyyətə əsaslanarsa, Allah qatında dəyər qazanar. Əksi təqdirdə isə heç bir savaba nail olmaz və günah qazanar. Abdullah ibn Ömərin oğlu Salim (r.a) xəlifə Ömər ibn Əbdüləzizə yazdığı məktubda belə demişdir: “Bunu bil ki, Allahın öz quluna yardımı, qulun niyyəti ilə ölçülür. Kimin niyyəti tam olarsa, Allahın ona yardımı da tam olar. Niyyəti nə qədər azalarsa, Allahın yardımı da o qədər azalar”.

                Niyyətin mərkəzi qəlbdir. Dil ilə edilən niyyət qəlb ilə təsdiqlənməzsə, o niyyət keçərli sayılmaz. Rəsulullah (s.ə.s) “Əməllər niyyətlərə görədir” – buyuraraq bu həqiqətə diqqət çəkmişdir. Çox çətin və məşəqqətli bir səfər olan Təbuk səfərindən qayıdarkən Allah Rəsulu (s.ə.s) səhabələrinə xitabən belə demişdir: “Mədinədə qalan elə insanlar var ki, biz hansısa bir dağı keçdikdə və ya bir vadiyə girdikdə onlar da bizimlə birlikdə imiş kimi savab qazanırlar. Çünki onlar üzürlü səbəblərə görə bizimlə deyillər“. (Buxari, Məğazi, 81). Allah Rəsulu (s.ə.s) bu hədisində onlarla bərabər səfərə çıxmadıqları halda savaba şərik olan bu kimsələrin niyyətlərinə diqqət çəkmiş və qəlbləri Rəsulullah (s.ə.s) və səhabələrlə bərabər olduğu üçün onların da eyni savaba nail olduğunu buyurmuşdur.

                Nəticə olaraq, insan qəlbinə görə dəyər qazanır. Çünki qəlb niyyətin mərkəzidir. İnsanın şəxsiyyəti dili ilə deyil, qəlbi ilə formalaşır. Buna görə də insanın niyyəti nədirsə, aqibəti də odur. İnsanın niyyəti haradırsa, mənzili də oradır.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə arasında daha bir anlaşma sənədi imzalanıb

Azərbaycanla Türkiyə arasında ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlıq protokolunun fəaliyyət planı imzalanıb. Bu barədə Türkiyənin ailə və sosial...

Bağla