Ankaranın AKP-dən olan keçmiş bələdiyyə sədri Məlik Gökçək CHP-nin Türkiyədə keçirilən seçkilərdə yol verdiyi saxtakarlıqlarla bağlı sensasion açıqlama verib.
Bildirilir ki, Tvitter hesabında bir video yayımlayan Gökçək 1999-cu il seçkilərində 80 min səsinin yox edilməsindən bəhs edib.
Əvvəlcə anket şirkətinə gedib neçə səs fərqi qazanacağımı soruşublar
“Rəhmətlik Ərhan Göksəl “Verso” şirkətinin sahibi idi. Seçkidən əvvəl Ərhanın yanına Nazirlər Kabinetinin Monitorinq Qurumundan iki nəfər gəlir. Ərhandan seçki nəticəsinin nə olacağını soruşurlar. O isə “Məlik qazanar” deyir. “Neçə səslə?” deyirlər. “50 min səslə qazanar” cavabını verir. Bunu eşitdikdən sonra çıxıb gedirlər”.
Seçkidən sonra təkrar gəlirlər: “Bizə niyə yanlış məlumat verdin?”
“Seçki keçirilir. Təkrar şəkildə həmin iki adam Ərhanın yanına gəlir. “Sən bizə “50 min fərqlə Məlik qazanar” dedin. Biz də adamın 80 min səsini məhv etdik, amma 30 min səs fərqi ilə qalib gəldi” deyirlər. Yəni aradakı fərq 110 mindir. “Bizə niyə səhv məlumat verdin?” deyirlər. Ərhan da özünə görə bir sıra izahlar verib, bir şəkildə məsələdən yaxasını qurtarmağa çalışır”.
CHP bu gün də mütləq saxtakarlıq edib
“Bunları sizə niyə danışıram? Xüsusən CHP mənim bir çox seçkimdə həmişə saxtakarlığa müraciət edib. Lazım gəlsə, digərlərini də danışaram. İndi bu gün də Ankara və İstanbul seçkilərində mütləq şəkildə CHP tərəfdən, xüsusən FETÖ-nun adamlarının yardımı ilə bir çox saxtakarlıq oldu. Bu iki vur ikinin dörd etməsi qədər açıqdır”.
Cənab Binəli Yıldırım 100 faiz qələbə qazanıb
“Baxın, İstanbuldakı ilk yoxlamalardan sonra 11 min səs gəldi. Məncə, cənab Binəli Yıldırım İstanbuldakı seçkiləri 99 deyil, 100 faiz qazandı. Bunu da iddia edirəm. Ankarada səslər sayılsın, Çankaya və Yəniməhəllə də bura əlavə olunsun, görəcəksiniz, cənab Özhaseki qalib gələcəkdir”.