Ölüm hər bir canlının Allahın təqdir etdiyi bir vaxtda qarşı-qarşıya qalacağı həqiqətdir. Bəşəriyyət var olan gündən bəri həyat və ölüm çarxı dönmüş və öncəki nəsillər yerlərini sonrakılara buraxmışdır. Bu dəyişiklik düşünən, təfəkkür edən, ağıl və şüur sahibi insanın gözünün qarşısında baş versə də tarix boyu insanın ən çox unutduğu həqiqət elə ölüm olmuşdur. Ölüm həqiqəti unudulduğu zaman insan fani dünyaya bağlandıqca bağlanmış və əsas həyat olan axirət çox vaxt unudulmuşdur. Halbuki, insan Qurani-kərimə və hədisi-şəriflərə nəzər salsa ölümün varlığını daha aydın dərk edər və ölümü təfəkkür edərək axirəti üçün daha çox çalışar. Çünki Uca Allah insanların hansının əməl baxımından daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaratmışdır. (Mülk, 67/2).
Ölüm dünyadan zəruri bir köçüş qanunudur. İnsan bu həqiqəti idrak etmək üçün daim özünü hesaba çəkməli və ölmədən öncə ölümün həqiqətini təfəkkür etməlidir. Mövlana Cəlaləddin ər-Rumi: “Dirilmək üçün ölün!” demişdir. Nəfəs axışları davam edərkən insanın ölüm həqiqətini zehnində canlı tutması nəfsin arzularına qarşı çıxmaqla mümkündür. Nəfsin arzularına qarşı çıxanlar qəflət yuxusundan ayılar və özünü sanki yeni bir dünyaya qədəm basmış kimi hiss edər. Allah Rəsulu (s.ə.s) də: “Ləzzətləri yox edən ölümü tez-tez xatırlayın” – buyuraraq (Tirmizi, Qiyamət, 26) qəflətdən ayılmaq üçün ölüm həqiqətini unutmamağı bizə tövsiyə etmişdir.
Ölümü düşünmək ölüm gəlmədən əvvəl onu xatırlamaqdır. Beləcə nəfsin arzularından uzaqlaşaraq, iradəli bir şəkildə Rəbbin hüzuruna hazırlanmaqdır. Bu, imana bağlı təfəkkür və şüurdur. Unutmamaq lazımdır ki, insanın dünya üçün etdiyi hər bir əməli, fani ümid və təsəlliləri qəbrin torpağına düşən bir xəzəl kimidir. Bu baxımdan ölüm səssizliyinə bürünən hər bir məzar daşı düşünən insanlar üçün yüksək səslə səslənən bir nəsihətçi kimidir. Elə bir nəsihətçi ki, səssizliyində böyük hikmətlər vardır. Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Ağıllı mömin ölümü tez-tez xatırlayan və ölümdən sonrası üçün hazırlıq görəndir”. (İbn Macə, Zöhd, 31)
f.f.d Səfa Muradov