Nigeriyada mədrəsədə təhsil alan şagirdlər Qurani-Kərimi dəftər, kitab və ya planşet əvəzinə taxta lövhələrdə öyrənirlər. Həmin lövhələri yazmaq üçün mürəkkəb isə şəkərlə suyun qaralana qədər uzun müddət qaynadılması ilə əldə edilir.
Təxminən 20 ildir fəaliyyət göstərən “Şeyx Həmzə Dan Girawa” mədrəsəsinin müəllimlərindən olan Alaramma Adamu Həmzə taxta lövhələr barədə məlumat verib.
Taxta lövhələrlə Quran öyrədilməsi ənənəsinin əsrlərdir davam etdiyini deyən Həmzə, yüzlərlə şagirdin bu mədrəsədən məzun olduğunu bildirib. Hazırda mədrəsədə 200-dən çox şagird olduğunu deyən müəllim, Qurani-Kərimin ilk 5 cüzünü taxta lövhələrə yazdığını qeyd edib.
“Bu 5 cüzü əzbərləyən şagirdlər müəllimin icazəsi ilə digər cüzləri taxta lövhələrə yazırlar. Şagirdlər mədrəsəyə uzaq məsafələrdən gəlirlər. Hafizliyi uğurla bitirənlər evə getmədən 1 il daha mədrəsədə qalaraq digər şagirdlərə yardım edir və onlara dərs verirlər. Bu, babalarımızdan qalmış bir ənənədir. Zaman dəyişilsə də bizim üçün dəyişilməyib. Nigeriyanın əksər yerlərində bu cür tədris sistemindən istifadə edilir.”
Anadolu agentliyi