ORUC AYƏLƏRİNİN İŞARİ TƏFSİRİ

0

İslamın beş əsas şərtindən biri olan Ramazan orucu Qurani-Kərimdə (Bəqərə 2/183) fərz buyurulmuş ibadətdir. Ramazan orucu haqqında məlumat Bəqərə surəsinin 183-185-ci ayələrində keçir. Müfəssirlər bu ayələri Həzrət Peyğəmbərdən (s) nəql edilən məlumatlar əsasında təfsir etmişdir. Oruc ayələrinin müfəssirlər tərəfindən edilən açıqlamalarına baxdığımız zaman ümumi oxşarlıqların olduğunu görürük. Belə ki, ayələrin təfsirində orucun əvvəlki ümmətlərə fərz qılınması, orucun hansı ayda tutulması, oruc tutarkən nələrə diqqət edilməsi, hilalın görülməsi, xəstə və səfər hökmündə olan şəxslərin rüxsəti kimi mövzularda bəzi fərqlərin olmasına baxmayaraq fikir birliyi vardır.

Bilindiyi kimi təfsir elminin bir çox növləri vardır. Bunlara misal olaraq fəlsəfi təfsir, fiqhi təfsir, elmi təfsir, rəvayət təfsiri, dirayət təfsiri və s. göstərmək olar. Bu kateqoriyaya eyni zamanda işari təfsir metodu da daxildir. İşari təfsir metodu üzrə ilk təfsirlərin yazılması İslamın ilk əsrlərinə təsadüf edir. İslam aləmində məşhur olan Quşeyri, Bursəvi, Alusi, Nəcməddin əd-Dayə, Nemətullah Naxçıvani, Ruzbihan Baqli və s. kimi müfəssirlər işari təfsir metodu üzrə əsər yazmışdır. Onlar, əsərlərində oruc ayələrinin işari təfsirinə də yer verərək mövzuya fərqli prespektivdən yaxınlaşmışdır.

Bu müfəssirlərin oruc ayələrinin təfsirində üzərində durduğu başlıca məsələ orucun növləridir. Demək olar ki, bütün müfəssirlər iki növ orucun mövcudiyyətindən bəhs edir. Bunlardan ilki “zahiri oruc”, digəri “daxili oruc”dur. Zahiri oruc fəcrin ilk şəfəqləri ilə başlayıb axşam namazının daxil olmasına qədər olan vaxt aralığında tutulan orucdur. Yəni, “zahiri oruc”, biz müsəlmanların Ramazan ayında əda etdiyi orucdur. “Daxili oruc” isə qəlbi pisliklərdən, nəfsi boş istəklərdən, gözü haram baxışlardan, qulağı başqalarının sirrini eşitməkdən, dili qeybətdən və yalandan, sirri isə boş mülahizələrdən qorumaqdır. Böyük müfəsir Quşeyri “zahiri oruc”“daxili oruc” üçün ayrı-ayrı ifadələr istifadə etmişdir. O, “zahiri oruc”u ifadə etmək üçün “savm” (oruc), “daxili oruc”u ifadə etmək üçün isə “savn” (qorumaq) ifadələrini istifadə edərək hər ikisi arasındakı fərqi çox gözəl bir şəkildə açıqlamışdır. Yəni, müfəssir, Ramazanda sadəcə bədənimizi deyil, eyni zamanda Allahdan gələn rəhmət daxilində mənəviyyatımızı da təmizləyərək hər cür nəfsani qadağadan qorumağın nə qədər əhəmiyyətli olduğunu vurğulamışdır (Quşeyri, 1/250).

Fərqli bir işari açıqlama Bəqərə surəsi 184-cü ayədə keçən “sayılı günlər” ifadəsi ilə bağlıdır. Belə ki, böyük müfəssirlərdən Ruzbihan Baqli “sayılı günlər” ifadəsini “dünya həyatı” olaraq açıqlamışdır. Müfəssirə görə hər bir müsəlman onu Allahdan uzaqlaşdıran dünya ləzzətindən uzaqlaşmalıdır. Yemək, içmə və s. dünya ləzzətləri bərabərində içi boş nəfsani təlqinləri gətirir. Bunlar da son nəticədə insanı Allahdan uzaqlaşdıraraq nəfsin azğınlaşmasına səbəb olur. Həmçinin bu gün insanlar səbrsiz, əsəbi və kobuddurlar. Bunlar insanın Allahdan uzaqlaşaraq dünya nemətlərinə bel bağlamasından qaynaqlanır. Ağlı başında olan hər bir müsəlman mövcud vəziyyətin fani dünya həyatından qaynaqlandığını düşünərək ondan uzaqlaşmalı və axirət üçün özünü hazırlamalıdır. Ramazan ayı isə bizi qurtuluşa aparan ən etibarlı yoldur. Buna görə orucun mahiyyətini dərk edərək Allahın fərz buyurduğu ibadəti yerinə yetirməliyik (Baqli, 1/75).

Mövzuyu qısaca xülası etsək: Oruc ayələrinin işari açıqlamaları onlarda gizlənən incəliklərin insanlara bildirilməsi ilə bağlıdır. Hər bir müsəlman Ramazan orucunu əda edərkən ayələrdə gizlənən sirli həqiqətlərə diqqət edərsə nəfsin boş istək və arzularından uzaqlaşacaq və ruhu məhv edən nəfsani təlqinlərdən qurtularaq İlahi rəhmətdən yararlanacaqdır. Bu da son nəticədə tutduğumuz orucun bizi islah etməsinə qapı aralayacaqdır. Çünki oruc sadəcə müəyyən vaxt aralığında yemək və içməkdən uzaq durmaq deyil, eyni zamandan insanı günahlardan təmizləyərək ailə, cəmiyyət və bəşəriyyət üçün faydalı biri olaraq yetişməsinə köməklik edən ilahi qüvvədir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT RƏSMİSİ “ERMƏNİ SOYQIRIMI” İDDİALARINA CAVAB VERDİ

“Bir hadisəni soyqırımı adlandırmaq üçün səlahiyyətli beynəlxalq məhkəmənin qərarı olmalıdır”. Bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır qondarma...

Bağla