Ramazan ayındakı 30 günlük bir müddət yeni vərdişlərin qazanılması üçün ideal bir zaman zərfidir. Bu dövrdə əsəb problemi, impulsiv davranış, qida rasionunun pozulması və sosial ünsiyyət problemləri kimi bir çox psixo-sosial problemlər pozitiv davranış nümunələri ilə əvəz edilə bilər.
Ramazan ayı eyni zamanda insana Rəbbinin ona verdiyi nemətlərə qarşı şükürü xatırladır. Şükür hadisəsi isə insanda depressiyanı azaldır. Belə ki, şükür, ruh dünyamız üçün əvəzedilməz bir qida qaynağıdır. İnsan şükür etdikcə onda pozitiv duyğular inkişaf edir. Sahib olduqlarının dəyərini şüurlu şəkildə dərk edən insan isə sahib olmadıqlarına görə ruh düşkünlüyü yaşamır.
Ramazan ayında tutulan oruc insanlarda empatiya duyğusunu artırır və bu da onların sosial əlaqələrinin inkişafına öz töhfəsini verir. Hər an qidalanma ehtiyaclarını ödəyə bilməyən ac və susuz insanlara qarşı empatiya qura bilən bir şəxs, ətrafı ilə müsbət əlaqələr inkişaf etdirə bilir. Oruc sayəsində paylaşma duyğusuna sahib olan fərd psixo-sosial cəhətdən daha sağlam bir həyat yaşayır.
Ramazan ayı insanların Allaha yaxınlaşdığı bir ay olduğu üçün bu yaxınlaşma hissi güvən duyğusunu artırır və anksiyetə (təşviş) pozğunluğu simptomları azalır. Sterss və təşvişdən əziyyət çəkən insanların da fizyoloji problemlərinin aradan qaldırılmasında oruc ibadəti olduqca təsirli rola malikdir.
Oruc tutan fərd iftar və sahur vaxtlarını gözləyərək səbirli davranış nümunələri ortaya qoyur. Bununla da o aclıq və cinsəllik kimi təməl ehtiyaclarını kontrol etməyi öyrənir və şüurlu davranışları inkişaf etdirərək psixo-sosial narahatlıqlarını azaldır.
Kəskin stress pozğunluğuna səbəb olan obsessiv düşüncələr oruc tutmaqla azalır. Fiziki iradə özü ilə insana idrak iradəsini də qazandırır. Düşüncələrini idarə edə bilən insanlar mənəvi duyğu və ehtiyaclarını da idarə etmə gücünə sahib olurlar. Bu zaman mənəvi rahatlıq qəlblərimizə və bədənimizə rahatlıq verir.
Oruc tutan şəxs davranışlarına nəzarət etməyi öyrənir. Davranışlarına nəzarəti olan bir fərdin antisosial davranış nümunələri sərgiləməsi isə mümkün deyil.
Son olaraq onu da qeyd edə bilərik ki, Oruc sayəsində iftarda və sahurda bir araya gələn ailə üzvləri arasında paylaşım artır və fərdin psixo-sosial yaxşılaşma prosesi güclənir.
Dr. Eldar Kərimov