ÖVLADIMIZIN GƏLƏCƏYİ NECƏ OLMALIDIR?

0

Övladımızın yaxşı bir məslək sahibi olması üçün hər fədakarlığa qatlanırıq. “İki günlük dünya” sözü dilimizdən düşməsə belə, aman balam xoşbəxt olsun deyə hər çətinliyi gözə alırıq.

Əslində isə gələcək bitib-tükənməyəcək sonsuz həyatdır. İndi özümüzə sual verək: Bizdən əvvəl və ya sonra sonsuzluq aləminə köçəcək olan övladlarımızın oradakı gələcəyini də eyni həssasiyyətlə düşünürükmü?

ÖVLADIM CƏNNƏTDƏDİRMİ?

Harisə bin Süraqa Bədir savaşında ön sıralarda olan bir gənc idi. Peyğəmbərimizə xidmət edən Ənəsin bibisi oğluydu. Quyudan su çəkərkən düşmən tərəfindən atılan bir oxla şəhid oldu. Döyüşdən sonra qazilər Mədinəyə qayıdanda anasə Rəsuli-Əkrəm in hüzuruna çıxdı:

“–Ya Rəsulallah! Harisəni nə qədər sevdiyimi bilirsən. Əgər o, cənnətdədirsə səbir edib mükafatını Allahdan gözləyəcəyəm. Yox əgər cənnətdə deyilsə, onun üçün var gücümlə ağlayacağam” -dedi.

Rəsuli-Əkrəm bu dərdli anaya:

“–Ey Ümmü Harisə! Axirətdə bir deyil bir çox cənnət vardır. Sənin oğlun onların ən əlasında, Firdovs cənnətindədir -buyurdu (Buxari). Yeganə övladının əbədi səadəti qazandığını öyrənən dərdli ana bütün acılarını unutdu.

Bir ata-ana Ümmü Harisə kimi övladının həqiqi gələcəyini düşünməlidir. Dünyada onun ən yaxşı fakültəni qazanmasını istəməsindən daha çox axirətdə cənnəti-əlanı qazanmasını arzu etməli və bunun üçün əlindən gələni əsirgəməməlidir.

Bir insan göz bəbəyi olsn övladını cəhənnəm odunu olmaqdan qurtarmaq üçün əlindən gələni etmişsə, ona ən böyük yaxşılığı etmişdir. Başqa bir ifadə ilə, bir insan övladının yaxşı bir müsəlman olaraq yaşayıb ölməsini təmin etməyə çalışmışsa, ona ən üstün, ən dəyərli gələcəyi hazırlamışdır.

ƏN DƏYƏRLİ HƏDİYYƏ

Övladlarımıza ən yaxşı gələcəyi hazırlamaq onları İslam tərbiyəsi ilə yetişdirməklə mümkündür. Çünki Əziz Peyğəmbərimizin buyurduğu kimi,

Bu gün İslamiyyətdən əvvəlki qaranlıq dövrdə edildiyi kimi uşaqları diri-diri torpağa basdırma adəti qalmamışdır; amma onların ruhlarını ac qoyma və beləcə onları layiq olmadıqları bir ölümün qucağına atmaq adəti davam etməktədir.

Əcəba, övladını ən yaxşı məktəblərdə (kurslarda) oxudan və onları yaxşı bir vəzifə (iş) sahibi edən ata-ana, onu həyatın acı və əzici fırtınalarına qarşı da qorumuş olurmu? İnsanı çarəsiz, müdafiəsiz, gücsüz və dayaqsız qoyan fəlakətlər və zərbələr qarşısında nəyə sarılaraq ayaqda qala biləcəyini də öyrətmiş olurmu?

İnsanın ruhunu alt-üst edə biləcək hadisələr qarşısında ona dözüm və müqavimət gücü verən din duyğusudur. Hər şeyin Allahdan gəldiyini, O istəmədən heçbir şeyin olmayacağını bilmək, hər an uca bir qüdrətin onu görüb qoruduğunu hiss etmək insana yaşamaq əzmi verir.

Mənəvi tərbiyə ilə bəslənən ruhlar insanı sarsıdan hadisələr qarşısında məğlub olmaz. Güvəndiyi kimsələr tərəfindən aldadılmaq, işini itirmək, sevdiklərini itirmək və həyatda yalnız başına qalmaq insanı dərin acılara batırsa belə, Allaha və əbədi bir həyata olan imanı ona səbir və dözüm gücü verər.

Həyat bu dünyadan ibarət olmadığı kimi, fəlakətlər də dünyada başa gələnlərdən ibarət deyildir. Ən böyük yoxsulluq “uşaqların belə saçlarını ağardan” (əl-Müzzəmmil 17) o hesab günündə əliboş qalmaqdır. Ən böyük dərdimiz övladlarımızın axirət həyatında yaxşı bir yeri qazanmalarını təmin etmək olmalıdır. Çünki orada insanı gözləyən acılar, fəlakətlər, dünyadakı bədbəxtliklərlə müqayisə edilməyəcək qədər qorxuncdur.

Elə bu səbəblə övladlarımızı yaxşı bir müsəlman olaraq yetişdirmək, dünyada xoşbəxt, axirətdə bəxtiyar olmalarını təmin etmək ən əhəmiyyətli məsələmizdir. Övladlarımızı bu səadətdən məhrum etmək onları öz əllərimizlə cəhənnəmə atmaqdan fərqlənmir.

Uşaqlara din tərbiyəsi verən məktəblərin olmaması (və ya kifayət qədər olmaması) ata-anaları onlara dinlərini öyrətmə məsuliyyətindən azad etməz. Onları daha yaxşı məktəblərdə oxudaraq dünyada xoşbəxt etməyin yolunu tapanlar, övladlarını yaxşı bir müsəlman olaraq yetişdirməyin də yolunu tapmaq məcburiyyətindədirlər.

Gələcəyin iki günlük dünya ilə məhdud olmadığına inanan və övladlarını həqiqətən sevən ata-analar hansı şərtlərdə olursa-olsun onları Allah, Peyğəmbər sevgisiylə bəzəməlidirlər. Övladım yaxşı iş sahibi olsun deyə xəyal qurub, bu amalla onların yetişməsini təmin edən ata-ana övladının mənəvi saflığını unutmamalı, bu yolda biganə qalmamalıdır. Unutmamalıyıq ki, hesab günü bizə əmanət edilən övladlarımızı necə yetişdirdiyimizdən hesaba çəkiləcəyik. Bu dünya fanidir. Əbədi dünyamız axirətdir. Övladımızın o dünyasını da fikirləşməli ona daha çox əhəmiyyət verməliyik. Hesabını alnıaçıq verə biləcəyimiz bir övlad yetişdirməliyik. Çünki bir ata-ananın övladına verə biləcəyi ən önəmli miras, onu din, Quran əxlaqı ilə yetişdirməkdir. Məhz bu zaman ata-ana əsas vəzifəsini ifa etmiş, övladlarının gələcəyini təmin etmiş olarlar.

Saleh ŞİRİNOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UŞAQ TƏRBİYƏSİNDƏ ANA-ATANIN ROLU

https://www.youtube.com/watch?v=N4WLQoZHefk

Bağla