OXUMAQ MƏDƏNİYYƏTDİR!

0

Yazımızın başlığından da gördüyümüz kimi oxumaq prosesi fərd və cəmiyyət çapında başlı-başına bir mədəniyyətdir. İşin fəlsəfəsinə mədəniyyət sözü üzərindən girsək, mədəni demək şəhərləşmiş, yəni sosiallaşmış deməkdir. Fərd nöqteyi-nəzərindən mədəniləşmə insanın sosial mühitlə ayaqlaşması, ətrafında baş verən prosesləri təqib etmə bacarığı və müəyyən bir toplum içərisində onlardan biri kimi çıxış edə bilmə qabiliyyəti əldə etməsidir. Cəmiyyət və millət bazisində mədəniləşmə isə daha böyük kütlənin, yəni bir millətin öz dəyərləri ilə digər dəyərlərlə yanaşı çıxış etməsidir. 

Bu mənada hər bir millətin özünəxas mədəniyyəti vardır. Bəs oxumaq prosesinin mədəniyyətlə nə əlaqəsi var? Bu sualın cavabını da fərd və cəmiyyət planında dəyərləndirməli olsaq belə deyə bilərik:

Fərd olaraq oxumaq insanı yetişdirən, ona bir sıra qabiliyyətlər bəxş edən prosesdir. Lakin bu, insan ömrünə yayılmış, uzun müddətli bir prosesdir. Oxumaq bir insanı dəyişir və ya ondakı gizli cövhəri ortaya çıxarır, gizli bacarıqları kəşf edir. Hz. Peyğəmbərə ilk gələn vəhyin “oxu” olduğunu və İslamın oxumağa nə kimi dəyər verdiyini hamımız yaxşı bilirik. Lakin burada bir nüansa xüsusi diqqət yetirmək istərdik. İlk vəhyin gəldiyi yer səhranın ortasında dağların ətəyində yerləşən Məkkə şəhəri idi. Həzrət Peyğəmbər Nur dağında yerləşən Hira mağarasında tənhalığa çəkilmişkən vəhy mələyi Hz. Cəbrayıl ilk vəhyi gətirir. Bu zaman aralarında belə bir dialoqbaş verir:

Cəbrayıl (ə.s):

– Oxu!,– deyir.

Hz. Muhamməd:

– Mən oxuya bilmirəm,- cavabını verir.

Mələk onu taqəti kəsilənə qədər sıxır və yenidən:

– Oxu!,– deyir.

Hz. Muhamməd yenə də:

– Mən oxuya bilmirəm,– deyir.

Cəbrayıl (ə.s) ikinci dəfə onu taqəti kəsilənə qədər sıxır və:

– Oxu!,– deyir.

Hz. Muhamməd (s.ə.s) bu dəfə də:

– Mən oxuya bilmirəm,– deyir.

Cəbrayıl (ə.s) onu üçüncü dəfə taqəti kəsilənə qədər sıxdıqdan sonra ilahi vəhyi ona bildirir.

Burada diqqət çəkən əsas məsələ Hz. Peyğəmbərin dəfələrlə “mən oxuya bilmirəm” deməsinə baxmayaraq Hz. Cəbrayılın (ə.s) “oxu” deyə israr etməsidir. Daha sonrakı mərhələdə və sonrakı zamanlarda olduğu kimi vəhy birbaşa Rəsulullahın qəlbinə doğa bilərdi. Lakin ilk vəhy məhz bu cür maraqlı dialoqdan sonra gerçəkləşmişdir. Allah-Təala sanki Hz. Muhammədin timsalında bütün insanlığa oxumamaq üçün bəhanələr gətirməməyi təlqin edirdi. Buradan gəldiyimiz nəticəmüsəlman üçün şərtlər nə olursa olsun, dağ başında da olsa, oxumamaq üçün heç bir bəhanənin keçərli olmayacağıdır.Bu gün yaşadığımız həyat tərzindən gileylənərək oxumağa vaxt tapmadığımzı, özümüzə zaman ayıra bilmədiyimizi bəhanə etməyimizin cavabı əslində ta ilk vəhyin gəldiyi gün Allah-Təala tərəfindən verilmişdir. Müsəlman ilə oxumaq arasına heç nə girməməlidir.

İlk vəhylə bağlı diqqət ediləcək digər nüans Allah-Təalanın insanlığı oxuyaraq dəyişməyə sövq etməsidir. İslamın xitab etdiyi ilk cəmiyyət yarımköçəri həyat tərzi sürən, mədəniyyətdən uzaq, həyat qayəsini yeyib-içmək və əyləncədən ibarət sanan, qız uşaqlarını diri-diri basdıracaq qədər vəhşiləşən, şairin deyimi ilə həyat fəlsəfəsi “dişsizmi bir insan, onu qardaşları yerdi” dövizindən ibarət ərəblər idi. Allah-Təala məhz belə bir cəmiyyəti dəyişməyin yolunun oxumaqdan keçdiyini göstərir, Peyğəmbərinə ümməti formalaşdırmaq üçün gərəkli metodu öyrədirdi. Məhz bu prinsipdən yola çıxaraq Hz. Peyğəmbər əshabını və onların timsalında ümməti Quran oxumağa, ondakı ilahi hikmətləri, verdiyi həyat dərsini dərindən öyrənməyə təşviq edir, ümumiyyətlə oxumağın vacibliyi üzərində dayanırdı. Həqiqətən baxdığımız zaman tez bir zaman içərisində əshabi-kiramın Rəsulullahın söhbətləri ilə yanaşı oxuyaraqmüəyyən mərhələ qət etdiyini də görmək mümkündür. İslam mütəfəkkiri Muhamməd İqbalın bu haqda “Bir zamanlar yol kəsənlər Quranı oxuyaraq yol göstərən ulduzlara çevrildilər” təsbiti nə qədər də mənalıdır.

Əgər bu gün fərd və cəmiyyət olaraq özümüzü yenidən kəşf etmək istəyiriksə, sahib olduğumuz qabiliyyətləri inkişaf etdirməyi hədəfləyiriksə, heç şübhəsiz, bunun yolu oxumaqdan keçir. Biz oxumaq üçün Çinə getməyi gözə alan babaların övladı olduğumuz halda təəssüflər olsun ki, bu gün sərgilədiyimiz davranış çox fərqlidir. Yaşadığımız əsrin özü ilə gətirdikləri bizi oxumaqdan soyutdu. Oxumaqla aramıza böyük uçurumlar girdi. Boş vaxtımızı daha çox kompüter, ağıllı telefon kimi vasitələrlə keçirmək xəstəliyinə tutulandan bəri əlimizə kitab almaz olduq. Hər gün addım-addım oxumaqdan uzaqlaşdıq. Bu gün kitab hədiyyə verdiyiniz adamın üzü nədənsə gülmür. Və bu gedişat gələcək nəsillər adına ümid vermir. Əgər yetişməkdə olan yeni nəsillərin vəbalını çiyinlərimizdə hiss ediriksə, “oxumaq” məsələsini gündəmimizə daşımalı, cəmiyyət çapında tədbirlər görməliyik. Əgər evdə böyütdüyümüz uşaqlar axşam yeməyindən sonra bizi kompüter masasında boş vaxtımızı əyləncədə keçirərkən görürsə, evin xanımı da otağın bir küncündə əlindəki telefonla rəfiqələri ilə mesajlaşırsa, bu mənzərə onları internetin və televizorun toruna çoxdan atdığımızdan xəbər verir. Təəssüf ki, bu gün bir çox ailələrdə vəziyyət belədir. Bunun qarşısını almaq üçün işə özümüzdən başlamalı, oxumaqla aramızı düzəltməli, kitabla barışıq həyat sürməyə çalışmalıyıq. Evlərdə oxuma saatları təşkil etməli, həmin vaxt ərzində hər kəsin oxumasına şərait yaratmalı, ailə üzvlərimizi buna həvəslənidrməliyik.Oxumaq mədəniyyətdir və bizim mirasımız oxumaq mədəniyyətindən yoxsul deyildir. Elə isə oxumalı, oxutmalı, oxunacaq əsərlərin  qələmə alınması üçün zəmin hazırlamalıyıq. Oxuyarkən də faydalı olanları, bizə kimliyimizi, haradan gəldiyimizi xatırladan, gedəcəyimiz yerə işıq tutan əsərləri oxumalıyıq. Oxuduqlarımız Rəbbimizin daxili dünyamızda və üfüqlərdə göstərdiyi ayələrə[1] güzgü tutmalıdır. Dərdli Yunus nə gözəl deyir:

Oxumaqdan murad nə?

Kişi, haqqı bilməkdir.

Çün oxudun bilməzsən

Ha bir quru əməkdir.

[1]Fussilət surəsinin 53-cü ayəsində buyurulur: 

“Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik.

Nurlan MƏMMƏDZADƏ  

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SİQARET ÇƏKƏN ASLAN

Bişkekin tam mərkəzində türk iş adamları tərəfindən qurulmuş olan Lion adlı ayaqqabı mağazası var. Lion aslan deməkdir. Nə qırğız türkcəsində,...

Bağla